Sosial şəbəkələrdə dostlarımızın ideal həyatı bizi həyata başqa cür baxmağa sövq edir. Onlar əylənərkən, səyahət edərkən, yeni bir-birindən baha mallar alarkən biz kompüter arxasında oturan sıravi kütlədən biri kimi hiss edirik özümüzü. Problem bizdədir? Ya dostlarımızın hər şeyini gözə soxmasında? Gəlin birgə özümüz üçün aydınlaşdıraq

Əlbəttə ki, bu vəziyyət yalnız sizin xəbər lentinizdə yaşanmır. Əksəriyyətimiz dostlarımızı Atlantik Okeanın dərinliklərinə baş vuran yerdə fotoları, bahalı restoranlarda “check-in” və yeməklərinin fotosunu, aldıqları qiymətləri hədiyyələrin necə də böyük sevinclə bizimlə paylaşdığını görürük. Bu fotoları görərkən dilə gətirməsək belə ürəyimizin dərinliklərində “bu nə həyatdır mən yaşayıram” deyirik.

Heç düşünürükmü nəyi yanlış edirik? Nəyə görə manat ucuzlaşərkən, maaşlarımız 30 faiz azalarkən bir başqa tərəfdə dostumuz yeni avtomobilinin içində oturub foto bölüşür? Necə olur ki, dostumuz ən yaxşı yerlərdə hər zaman olur və seçimlərdə heç zaman yanılmır? Onlar heç zaman dönərxanalarda oturmur, hər zaman ən gözəl yeməkləri yeyir və əhval ruhiyyələri həmişə müsbətdir, dünya sanki bunlarındır, qırağdan gözəl görsənir elə deyilmi?

Biz nəyi düz etmirik?​
Təəcüblü olsa da məsələ bizimlə bağlı deyil. Biz həyatda məğlüb deyilik və Facebook kimi sosial şəbəkə məntiqi ilə düşünsək, bizim sürdüyümüz həyat da digərlərində sadaladığımız effekti yaradacaq.

Sosial şəbəkələrdə insanların əksəriyyəti maska geyinmiş hal olur. Biz reallıqda olduğumuz həyatı göstərmək istəmirik. Həyatda yalnız fəxr bildiyimiz məsələləri qabartmaq ilə məşğul oluruq. Bölüşdüyümüz hər yazı, hər foto bizim nə dərəcədə xoşbəxt, uğurlu və sosial cəhətdən aktiv olduğumuzu göstərməlidir.​

Reallıqda isə…

Hər bölüşülən fotonun arxasında tarixçəsi olur və bu hər zaman xoşagəlimli olmur. “Dost”unuz böyük ehtimal yazmayacaq ki, bunu haram pullar ilə əldə edib və ya kreditə götürüb və pulunu banka ödəyə bilmir. Başqa bir dostunuz isə əlində “ayı” və şarlar tutmuş şəklinin üstündə qeyd etməyəcək ki, filan kəs ilə danışırdım. İndi aramız dəyib, kefim yoxdur və s.

Facebook və digər sosial şəbəkələr – pozitivin nümayiş etdirilməsi və həyatın mənfi çalarlarını gizlətmək üçün yaradılmış bir platformadır. Biz sadəcə həyatımızı gözəl göstərməyə çalışırıq. Ulduzlar məşhur jurnalların üz qabığında necə görsənir? İdeal xarici görünüş, ideal həyat, ideal əşyalar.

Facebook və digər sosial şəbəkələr – bizim jurnaldır. Bu jurnalda hər kəs bir ulduz kimi görsənə bilər

Əslində həyatı yaxşı olan bir insan üçün bunu sosial şəbəkələrdə nümayiş etdirməyə ehtiyac yoxdur. Onlar həyatlarından o qədər zövq ala bilirlər ki, onu sosial şəbəkələrdə bölüşməyə nə vaxtları nə də istəkləri var. Onlar həyatlarını yaşaya bilirlər, sosial şəbəkəni deyil

Həyatımız “bir köpüklük deyil” hissiyyatı ilə necə mübarizə aparmaq olar?

Bu barədə məsləhətlər çox ola bilər. İdeal və reallışdırmaq demək olar ki, mümkün olmayan variantlardan biri odur ki, sosial şəbəkələrdəki hesablarımızı silək və bu barədə heç zaman yada salmayaq. Əlbəttə ki, böyük çoxluq bunu bacarmayacaq. Ona görə digər həll yolları haqqında söz açaq​

Bu cür fotoları görəndə ötüb keçin

Çünki siz bilirsiniz ki, medalın iki tərəfi olduğu kimi “dostlar”ınızın da həyatında iki tərəf var və onlar hər zaman yaxşı tərəflərini sizə göstərəcəklər

Özünüzü “ideal” “dost”larınız ilə deyil, özünüz ilə müqayisə edin

Özünüzdən soruşun ki, həyatınız niyə sizi qane etmir. Köksünüz? Bu o deməkdir ki, artıq çəkilərdən azad olmaq üçün addımlar atılmalıdır. Çox özünüzə qapalısınız və insanlar ilə necə ünsiyyət qurmaq lazım olduğunu bilmirsiniz? Böyük oratorların çıxışlarını dinləyin, natiqliq kursuna gedin. Özünüzü ideal görün, çünki əslində ideal olan sizsiniz.

Facebook həyatı real deyil

Facebookda nümayiş olunan həyatlara görə özünüzü pis hiss etməməlisiniz. Onlar hər zaman ən dadlı yeməkləri yemirlər, ən gözəl yerlərə səyahət etmirlər, hər zaman həyatlarını firavan keçmir. Onlar da sizin kimi insandır. Özünüzü onlar ilə müqayisə etməyin. Ondansa arzuladığınız həyata sahib olmaq üçün çalışın, real həyatda…

bildirchin.az

Leave a comment

Your email address will not be published.