Təkamül nəticəsində insanda bir çox özünü qoruma mexanizmləri əmələ gəlmişdir. Bunların bir çoxu “mənfi emosiyalar” adlanır. Məsələn, qorxu hissi, ağrı hissi, utancaqlıq hissi, vicdan hissi (bəlkə də), yaltaqlıq və sairə. Məhz bu tip mənfi hesab edilən emosional durumların sayəsində insan orqanizmi ətraf mühitə uyğunlaşaraq öz tamlığını və toxunulmazlığını qorumağa cəhd göstərir. Bu, həm fizioloji və həm də psixoloji sferada baş verir. Bütün bunların hamısı yaşamaq uğrunda mübarizənin elementləri olmaqla bir məqsəd daşıyır – sağ qalıb, həyatı davam etdirmək.

Müharibə vaxtı qaçıb gizlənərək “fərari” adını almış kəslərdən tutmuş polis dəyənəyi, işdən yaxud institutdan qovulmağı, yaxınlarına zərər gələcəyini göz önünə gətirərək meydana çıxmayan insanlara qədər hər kəsi yalnız bir qüvvə idarə edir – qorxu hissi. Məhz bu hiss yaşamı davam etdirmək üçün həlledici “alət” rolunu oynayır. Bu, instinktiv hissdir.

Qorxu hissi öz növbəsində digər mənfi emosiyaları yaradır. Məsələn, yaltaqlıq, çoxüzlülük, yalançılıq və sairə bu kimi obrazlar. Məqsəd eynidir – yaşamaq uğrunda orqanizmin tamlığını qorumaq.

“Yaşamaq uğrunda mübarizədə güclülər qalib gəlir” fikri ilə tam razı deyiləm. Məsələn, bəyəm könüllü surətdə orduya gedərək döyüşən, lakin həlak olan oğlanlar zəif insanlar idi? Yaxşı maaş almasına baxmayaraq alçaq müdiriyyət tərəfindən idarə olunmağı özünə sığışdırmayaraqişdən çıxan, lakin qat-qat az maaşlı işdə işləyən insanlar zəif insanlardır? Ədalətsizliyə qarşı etirazını bildirdiyinə görə həbsxanalara düşən, işgəncələr verilən, sürgün edilən insanlar zəif insanlardır?! Yox, məncə. Buradan belə nəticə çıxarmaq olar ki, “Güclü” anlamı da özü-özlüyündə nisbi bir anlayışdır.

Utandığına görə bəyəndiyi xanımla ünsiyyət qurmaqda çətinlik çəkən cavan oğlan da təkamül nəticəsində qazanılan mənfi emosiyanın qurbanı sayılır. Həmin o “nə deyərlər?!”, “ayıbdır”, “pis iş görürəm”, “axmaqlıq edirəm”, “pis olaram” və sair bu tip düşüncələrin meydana gəlməsi ancaq bir məqsəd daşıyır – psixoloji sferada mövcud statusu qorumaq. Orqanizm yeni bir “mən”dən özünü qoruyur sanki.

Bütün mənfi emosiyalar insan “mən”ini qoruyan “əsgərlər” rolunu oynayır. Amma problem bundadır ki, insanlıq inkişaf etdikcə, təkmilləşdikcə özü üçün mənəvi-əxlaqi dəyərlər müəyyən edir. İnsanın tək hüceyrəli canlıdan indiki hala gəlməsi üçün milyon illər lazım olub. “Şüur” xassəsi son 300 min ildə əldə edilib (səhv etmirəmsə). Son 3-4 min il ərzində isə şüur daha sürətli inkişaf etməyə başlayıb. Nəticədə əxlaqi dəyərlər, prinsiplər formalaşıb. Məhz buna görə də İnsan – bütün bu mənfi emosiyalar fonunda – kürkünə görə yayın qızmar istisində əziyyət çəkən itə bənzəyir.

Xülasə;
Həyatımız – yaşamaq üçün təbiətin yüz min illər ərzində bizə qazandırdığı xüsusiyyətlərlə sivil dəyərlərin mübarizəsi ilə keçir.

bildirchin.az

Leave a comment

Your email address will not be published.