“Şizofreniya xəstələrinin övladları xəstəlik riski daşıyır” Ölkəmizdə və dünyada psixi xəstəliklərin sayı durmadan artır. Mütəxəssislərin fikrincə, ömründə bir dəfə də olsun ağır stress keçirməyən insan yoxdur. Psixi xəstəliklərin biri də şizofreniyadır. Şizofreniya xəstələrinin tam sağalması mümkün deyil. Bu dəfəki “Həkim məsləhəti”ndə Azərbaycan Tibb Universitetinin dossenti, psixoterapevt Araz Manuçehri şizofreniya xəstələrinin problemləri haqqında danışır…
Şizofreniya necə xəstəlikdi?
Şizofreniya şəxsiyyətin parçalanması deməkdi, yəni, “Şizo” – parçalanmaq, “fren” – ağıl mənalarını verir. Xəstəliyə tutulanlar onları kiminsə idarə etdiklərini deyirlər. Ən böyük təhlükəsi insanda autizm (özünəqapanma), apatiya (emosiyaların sönməsi) və abuliya (iradənin sönməsi) kimi halları yaratmasıdı. Şizofreniya xəstələri emosional küt olurlar. Bu xəstəlik xroniki gedişlidi. Diaqnoz qoyulmuş insan ömrünün axırınadək xəstə hesab olunur. Onlar hərbi xidmətdən azaddı. Qətl törətsələr belə, cinayət məsuliyyəti daşımırlar. Əgər bu xəstələr işləyə bilmirlərsə, pensiyaya çıxa bilərlər. Maraqlısı odur ki, bu insanlar xərçəng, diabet kimi xəstəliklərə tutulmurlar. Amma tuberklyoz xəstəlikləri geniş yayılır. Çünki immunitetləri zəif olur.
Xəstəliyin yaranma səbəbləri hansılardı?
Şizofreniyanın dəqiq nədən yarandığı məlum deyil. Bir çox nəzəriyyələr mövcud olsa da, biri qəbul edilir. Bu da orqanizimdə defamin hipotizinin çox istehsal olunmasıdı.
Xəstəliyin əlamətləri nələrdi?
Əlamətləri hallusinasiyalar, sayıqlamalar və davranış pozğunluqlarıdı. Tez-tez rast gəlinən hallusinasiyalardı. Xəstələr olmayan şəxsləri və ya şəkilləri görür, səslər eşidir. Gözlənilməz geyimlər geyinirlər. Bəzən hərəkətləri donur və uzun müddət o vəziyyətdə qalırlar. Xəstələr ruh gördüklərini, onunla danışdıqlarını iddia edirlər. Bədən üzvlərini, əllərini, qulaqlarını kəsə bilərlər. Dediyim kimi səslər eşidirlər. Bu səslər əmr xarakterli olsa təhlükəlidi. “Vur”, “sındır” “öldür” əmrlərini yerinə yetirirlər. Hal-hazırda bir xəstəm var. Səs eşidir “Yemək yemə”, “özünü dənizə at”. O, bu səslərə qulaq asıb, dənizə tullanmaq istəyəndə qohumları xilas edib, xəstəxanaya gətiriblər. Cinayət törədəni də var. Bir xəstəm nənəsini çox istədiyindən baltalamışdı. Səbəbini soruşuruq, deyir, nənəm gileyləndi, ölmək istədiyini dedi. Mən də onun arzusunu yerinə yetirdim.
Şizofreniya irsən keçə bilərmi?
Bir faktı nəzərinizə çatdırım. Hitler “ali rasa”nı təmizləmək üçün təcrübə aparmışdı. Ruhi xəstələrin 85 faizini fiziki cəhətdən məhv etdirmişdi. Mənim xalqımda ruhi xəstə olmayacaq demişdi. Amma 1990-cı illərin əvvəlində təmiz alman millətinin şizofreniya xəstələrinin sayı ümumdünya göstəricilərinin 1 faizinə çatdı. Bu hal da sübut etdi ki, şizofreniya irsi xəstəlik deyil. Amma iki valideyn də xəstədirsə, 50 faiz, bir valideyn xəstədirsə 25 faiz uşaqların xəstəliklə doğulma ehtimalı var.
Xəstəliyə daha çox qadınlarda, yoxsa kişilərdə rast gəlinir?
Daha çox kişilərdə. Şizofreniyanın başlanğıcı yeniyetmə dövrünə təsadüf edir. 25 yaşa qədər qızğın inkişaf edir.
Müalicə necə aparılır?
Təzyiq, diabet xəstələri kimi. Orqanizmdə defaminin azaldılması üçün müəyyən preparatlar verilir. Xəstələr bu preparatları mütəmadi qəbul etsə, problem olmaz. Xəstəliyi tam sağaltmaq mümkün deyil. Əsas xəstələrin sosial reabilitasiyasıdır. Bu məsələ dünyada çox aktualdır. Şizofreniya diaqnozu qoyulmuş insanların cəmiyyətdə rahat yaşaması, işləməsi və ailə qurması üçün müəyyən tədbirlər görülür.
Belə xəstələr cəmiyyət üçün təhlükəli sayılır?
Müalicə olunmasalar həm özləri, həm də cəmiyyət üçün təhlükəli ola bilərlər. Ancaq sizə bir statistika deyim. Orta şizofreniya xəstəsinin cinayət törətmə riski orta taksi sürücüsündən 15 dəfə azdı. Əsas problem, xəstələrin bu halı gizlətməsidi. Əgər qarşındakı insanın şizofreniya xəstəsi olduğunu bilirsənsə, onunla yumşaq davranacaqsan. Çünki bu xəstələr aqressiyaya meyillidi. Öz haqlarını qorumağa sadəcə əsəbləri dözməyəcək. Yaxud da, xəstə ən yaxşı halda 80 manat pensiya alır. Bir insanın bu pula bir ay yaşaması çox çətindi. Xəstə üç ayın pensiyasını toplamalıdı ki, bir ayın dərmanını ala bilsin. Bu zaman təbii ki, o, aqressiv davranacaq. 1990-cı illərin ortalarında Bolqarıstanda oldum. O ölkədə prezidentin xanımı psixiatr idi. Və psixi xəstələr üçün gözəl imkanlar yaratmışdı. İki böyük binanı alıb, psixiatrik xəstəxana yaratmışdı. “Van Qoq mərkəzi” adlanırdı. Orada psixi xəstələr həm yaşayır, həm də işləyirdi. Əhaliyə pulsuz xidmət göstərirdilər. Kimisi musiqiçi idi, kimisi usta idi. Azərbaycanda da belə təcrübə olub. Sovet hakimiyyəti illərində Maştağadakı xəstəxanada əmək emalatxanası fəaliyyət göstərib. Xəstələr işləyib maaş alıblar. Deyilənə görə, xəstəxana rəhbərliyi yenidən bu səhəni bərpa edəcək. Yəni, bu xəstəlik hansısa iş və ya elmi fəaliyyətə mane törətmir. Dünyaca məşhur, nobel mükafatı laureatı Con Pol Neş şizofreniya xəstəsi idi. Bu xəstəlik onun elmdə uğur qazanmasına mane olmayıb.
Günel Səfərova
simsar.az