Xoşbəxtlik insanın içində olmalıdır

Narınc Rüstəmova: “Ağıllı qadın yoldaşının anasına bənzəməyə çalışmalıdır”

Elnur Rüstəmov: “Ailəni bir-birinə bağlayan yalnız uşaq olsaydı, övladımız olmadığı müdddəti birgə yürüyə bilməzdik”

Rubrikamızın budəfəki qonaqları Elnur və Narınc Rüstəmovalardır. Həmişə olduğu kimi, bu dəfə də cütlüklərin tanışlıq tarixçəsindən başlayırıq…

“Narıncdakı işıq məni dartıb apardı”

Elnur bəy Narınc xanımı əvvəl qiyabi tanıdığını deyir: “Onun qrup yoldaşları, yuxarı kursda oxuyan uşaqlar mənim təsis etdiyim Psixologiya Mərkəzində kursa gəlirdilər. Narınc haqda danışanda zəki, ağıllı biri olduğunu deyirdilər. Narınc facebook sosial şəbəkəsindəki profilinə oyuncaq siçanı boğduğunu əks etdirən şəklini qoymuşdu. Qrup yoldaşlarına deyirdim ki, o cücə boğanı da mərkəzə gətirin. Hər dəfə də soruşurdum ki, “nə oldu, o cücə boğanı gətirmədiniz?”. Nəhayət Narınc bizim mərkəzə təşrif buyurdu. Gördüm ki, doğrudan da çox ağıllı, bu sahəni bilən adamdır. Bir var psixologiyanı kitablardan biləsən, bir də var, məhz psixoloq olmaq üçün doğulmusan. Narıncdakı o işıq məni dartıb apardı, onun peşəkar xüsusiyyətləri məni cəlb etdi”.

Qrup yoldaşları dəfələrlə təklif etsə də, Narınc xanım mərkəzə getməyə maraq göstərmədiyini bildirir: “Uşaqlar o qədər maraqla danışdılar ki, axırda mən də Elnur müəllimin çalışdığı mərkəzə gedib çıxdım və tədricən bu, mütəmadi hal aldı. Həm uşaq psixologiyası ilə bağlı biliklərimi artırmaq üçün mərkəzdə kurslara gedir, həm də orada çalışmağa başladım. Elnur müəllim də mənim müəllimim idi. İndinin özündə belə mən ona “Elnur müəllim” deyə müraciət edirəm. Sözün doğrusu, çox sərt və qapalı adam olduğundan onun evli olduğunu düşünürdüm. Buna görə də onunla ailə qurmağı heç ağlımın ucundan belə keçirmirdim. O qədər məsafəli, soyuqqanlı idi. Münasibətlərimiz yarananda, Elnur müəllimin mənə olan hisslərini biləndə onun bu xüsusiyyətləri mənə daha çox güvən verdi. Çünki psixoloqun yanına müəyyən narahatlığı olan, həyatdan küskün olan hər tip insan gəlir. Pasiyenti həmişə psixoloqunu ideal görür, ona bağlı olur. Elnur müəllim pasiyentləri ilə distansiyanı qoruyan peşəkar psixoloqlardan biridir. Buna görə də Elnur müəllimə güvənim sonsuzdur”.

Işdə məhəbbət

Elnur bəy Narınc xanımı tanıyanda çalışdığı mərkəzdə psixoloji məsləhətlər verməklə yanaşı, həm də AMEA-da çalışır və ali məktəblərin birində dərs deyirmiş: “Daim insanlarla ünsiyyətdəydim. Amma insanlara çox vasvası yanaşan biriyəm. Narınc xanımı yaxından tanıyandan sonra düşündüm ki, ömrümün qalan hissəsini bu insanla yol gedə bilərəm. 6 ildir birlikdə yol qət edirik. Şükürlər olsun ki, bu yolda hər şey çox yaxşı gedir, hər şey qaydasındadır”.

N.Rüstəmova deyir ki, eyni yerdə çalışaraq bir-birlərini yaxından tanımaq şansı əldə ediblər: “Mən Elnur müəllimin kursuna yazılmışdım və kursun pulunu ödəmək istəyirdim. Elnur müəllim o pulu götürmədi. Çünki aktiv idim, bununla onun diqqətini çəkirdim. Borclu qalmamaq üçün həmin pulu saxladım ki, Elnur müəllimin doğum gününə maraqlı bir hədiyyə alım. Hətta gedib hədiyyəni gözaltı da etmişdim. Amma doğum günündə biz artıq evli idik. Elnur müəllimin sərt olması, ona güvənə biləcəyimə əmin olmam məni pillə-pillə ona yaxınlaşdırırdı. Iş yoldaşlarımız biz “həri”li olanda üzüklərimizin eyni olmasından bizim münasibətlərimizdən xəbər tutdular. Etiraf edim ki, ilk vaxtlar bir müddət qısqanclıqlar da oldu. Amma onu da həll etdik. Hər şeyin arxasında duran səbəbi analiz edə bildiyimizdən heç zaman münasibətlərimiz problem səviyyəsinə gedib çıxmır”.

Elçiliyini özü edib

Maraqlıdır ki, ilk elçiliyini də Elnur bəy özü edib: “Elnur müəllim öz valideynlərindən əvvəl atamla görüşmək istədi. Atam seçici olduğundan çox həyəcanlı idim. Elnur müəllim atamı necə ovsunlamışdısa, axşam evə gələndə məlum oldu ki, atamın gələcək kürəkəni haqqında fikirləri müsbətdir. Bu, məni daha da cəsarətləndirdi. Düşündüm ki, doğru seçim etmişəm”.

Kişiləri özünüzə bağlamaq istəyirsinizsə…

Qayınana-gəlin münasibətlərində Narınc xanım həyat yoldaşını özünə daha çox bağlamaq istəyən xanımlar üçün bir sirr də açdı: “Şüuraltı olaraq biz valideynlərimizi nə vaxtsa itirəcəyimizi bildiyimizdən mütləq onlara bənzər, onların isti münasibətini göstərə biləcək yar axtarırıq. Yəni kişi çox zaman anasına, qadın da atasına oxayan birisini axtarır. Ağıllı qadın yoldaşının anası ilə çox yaxşı münasibət qurmalı, ona bənzəməyə çalışmalıdır. Həmişə deyirəm ki, Elnur müəllimi evdə hazırlayıb işə apardığım limonlu piroqlarımla bişirmişəm. Elnur müəllim də nişanlanandan sonra o piroqların arxasının kəsildiyindən şikayətlənir. Zarafatla bildirirəm ki, piroqlar evlənənə qədər idi. Ilk növbədə xanım həyat yoldaşı üçün ana olur. Bu, vacib nüanslardan biridir. Kişi həmşə ana qayğısını axtarır. Bunu qadın doğru şəkildə verərsə, həmçinin qayınanasına hörmət göstərərsə, onunla mehriban olarsa, həyat yoldaşıyla da münasibətləri gözəl olacaq. Ana və gəlin rəqib deyil. Nəzərə almalıyıq ki, ömür-gün yoldaşımız 25-30 il anasının yanında olub. Təbii ki, əsl kişi xanımına görə anasını ata bilməz. Əslində mən onun anasına bənzəyirəm deyə o, məni sevir. Demək, daha çox bənzəsəm, daha çox sevəcək”.

“Elnur müəllim oğluma atamın adını qoydu”

Uşağın ailəni bir-birinə bağladığını deyirlər. Narınc xanım bu fikirlə razılaşmır: “Ilk növbədə sağlam münasibət formalaşdırmaq lazımdır ki, uşaq sağlam mühitdə böyüsün. Sağlam olmayan mühitdə uşaq cütlüklər arasındakı münasibəti heç vaxt möhkəmləndirə bilməz”.

Elnur bəy də Narınc xanımla razılaşır: “Bizim övladımız bir az gec dünyaya gəldi. Əgər uşaq ailəni bir-birinə bağlasaydı, biz övladımız olmadığı müdddəti birgə yürüyə bilməzdik. Ailəni bir-birinə bağlayan tərəflər arasında bir-birinə, ətrafındakı insanlara hörmətdir. Bəzən görürük ki, kişi xanımını çox istəyir, amma xanımın valideynlərini aşağılayır. Bu, doğru deyil. Yəni hörmət kompleks şəkildə olmalıdır. Digər tərəfdən tərəflərin bir-birindən gizlədiləcək bir sirri olmamalıdır. Çünki bu, münasibətlərə mənfi təsir göstərən faktordur. Bu gün, demək olar, bizim istirahətimiz də, gəzməyimiz də birdir. Günümüz planlı şəkildə gedir. Iş vaxtı ayrı, işdən sonra bir yerdə oluruq. Sonuncu dəfə tək harasa getdiyimi xatırlamıram. Biz ailə qurandan sonra ailə dostlarımız yaranmağa başladı. Görüşəndə də ailəlikcə görüşür, əylənirik. Ailədə bu balans qorunmalıdır. Ola bilər ki, ayda bir dəfə mən, ya Narınc dostlarımızla ayrıca görüşə bilərik. Ancaq bu, xroniki hala keçmir. Mən heç vaxt təqdir etmirəm ki, kişi gəzməyə getsin, dostları ilə restoranda, kafedə otursun, xanımı da pəncərədən asılı qalıb yoldaşının nə vaxt evə gələcəyini gözləsin. Buna normal hal kimi baxmıram”.

Narınc xanım oğlu Məsudun onun atasının adını daşıdığını deyir: “Bu da Elnur müəllimlə gözəl münasibətimizin sübutudur. Yeri gələndə kişi oğluna öz atasının adını qoyur. Mənim atamın oğlu yoxdur. Bu, Elnur müəllimin atama, mənə hörmətidir ki, atamın adını oğluma qoymaqla onun adını yaşatdı”.

Problemin arxasında duran səbəbi bilmək vacibdir Bütün ailələrdə olduğu kimi, arada Rüstəmovların ailəsində də kiçik konfliktlər olur. Bunu necə həll etdiklərini özlərindən eşidək: “Indiyədək xüsusi konfliktimiz olmayıb. Qısa bir müddətdə toqquşma olduqda isə günahı olan ilk addımı atır. Çox vaxt söhbəti işdən salırıq, işdə olanları müzakirə edirik, başımız qarışır, bir də görürük ki, barışmışıq. Ümumiyyətlə, mübahisə zamanı problemin arxasında duran səbəbi bilmək çox vacibdir. Bu gün ailələrdəki davaların səbəbi kimi maddiyyat qabardılır, amma onun arxasında duran səbəblər fərqlidir. Qadın xoşbəxtdirsə, hər gün kartof da qızardıb yeyə bilir. Əslində pozulan münasibətlərdir ki, bu gün maddiyyatda qabardılır. Həyat yoldaşı ilə münasibətlərində soyuqluq olan xanım xırda bir problemi də böyütməyə başlayacaq. Burada önəmli olan ilk növbdə problemi həll etməzdən əvvəl münasibətləri yoluna qoymaqdır”.

“Hər gün evdən bərabər çıxırıq”

Müsahiblərimiz xoşbəxtliklərinin formulasını da bizimlə bölüşdülər. Narınc xanımın fikrincə, xoşbəxtlik ilk növbədə insanın özünü doğru tanıması, nə istədiyini bilməsidir: “Əgər bunu biliriksə, sağlam həyat sürəcək, sağlam karyera sahibi olacağıq. İnsan həm də özünü tərbiyə etməyi bacarmalıdır ki, övlad tərbiyə edə bilsin. Gözləntilərimizi də bilməliyik. Təbii ki, həyat yoldaşım sevgili, nişanlı olduğumuz vaxtlardakı kimi hər gün mənə gündə 15 dəfə zəng etməyəcək. Bu mərhələləri aşmağı, anlamağı bacarmalıyıq. Bunlar olsa, heç bir konfliktə gedib çıxmırsan”.

Elnur bəy deyir ki, xoşbəxtlik sevdiyin insanla bir yerdə olmaq, doğmalarının, yaxınlarının və sevdiyin bir işin olmasıdır: “Narınc və oğlumla hər gün evdən bərabər çıxırıq. Öncə Narıncı işə qoyuram, sonra Məsudu bağçaya aparıram. Axşam üçümüz bir yerdə evə gedirik. Əslində xoşbəxtlik budur. Xoşbəxtlik üçün çox yerə baş vurmaq, axtarış etmək lazım deyil. Bir də insan şükr etməyi bacarmalıdır. Insanın istəkləri heç vaxt bitmir. Xoşbəxtlik istəklə ölçülməməlidir. Xoşbəxtlik insanın içində olmalıdır, nə evə, nə maddiyyata bağlanmamalıdır. Xoşbəxtlik maddiyyatla ala bilməyəcəyimiz bir şeydir”.

Lalə MUSAQIZI

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər