M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır.
O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır.
Elmi həyatı
Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur.
Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Əsərdə mürəkkəb təlim əməyini düzgün təşkil etməyin psixoloji məsələləri yığcam halda şərh edilib, yaxşı oxumağa kömək edən vacib məsləhətlər verilir. Müəllif adı çəkilən əsərində gənc dostlarına, şagirdlərinə müraciət edərək onların təlim fəaliyyəti sahəsində müvəfəqiyyət qazanması üçün istedada malik olmasını, güclü əmək sərf etməsini, diqqətini oxuduğu mətnə, materiala yönəldilməsini, onun üzərində cəmləşdirilməsini zəruri hesab edirdi. Prof.M.C.Məhərrəmov təlim zamanı fikirləşməyi, yenə də fikirləşməyi, psixi inkişafın guşə daşı olan hafizəyə yiyələnməyi, az vaxt və qüvvə sərf etməklə, yəni vərdişlərə və iradəyə malik olmağı zəruri hesab edirdi.
Müəllif təlimdə müvəffəqiyyətin rəhni dedikdə, buraya ilk növbədə iradə və müsbət iradi keyfiyyətlərin təzahür etməsini vacib hesab edirdi. Müəllif adı çəkilən əsərində yazır ki, iradə qüvvəsi insan fəaliyyətinin bütün sahələrində yüksək nailiyyətlərə çatmağı təmin edir. Təlim fəaliyyətin mürəkkəb növlərindəndir. Möhkəm iradə müəllimin işində də müvəffəqiyyət qazanmanın rəhnidir. Professor M.C.Məhərrəmov yazır: « İradə, insanın öz fəaliyyətini şüurlu surətdə tənzib edib, qarşıya çıxan çətinlik və maneələrə üstün gəlməsində, özünü idarəetmə bacarığında təzahür edir».
Prof. M.C.Məhərrəmov fikrini davam etdirərək yazır: «Özünütərbiyənin müvəffəqiyyəti üçün əsas şərtlərdən biri adamın özünü dərk etməsi, müsbət və mənfi cəhətlərini görə bilməsi, özünə tənqidi yanaşmanı bacarmasıdır. Bu da başlıca olaraq, yeniyetmə yaşlarından başlayaraq təzahür edir. Bunun üçün adamın özünün özünə obyektiv yanaşa bilməsi tələb olunur. Bu həm çətin, həm də çox mühüm bir məsələdir. Bu, adamdan yüksək əqli və əxlaqi inkişaf tələb edir.»
Prof.M.C.Məhərrəmovun elmi yaradıcılığının bir çox maraqlı səhifələri dərs vəsaitləri və dərslikləri yaradılmasına həsr edilmişdir. O, 1952-ci ildə orta məktəb üçün «Psixologiya» dərsliyini tərcümə etdikdən sonra, «Orta məktəbdə psixologiyanın tədrisinə dair qeydlər» (1955), « Psixologiya oçerkləri» (1960, I hissə; 1961, I hissə) adlı elmi-tədqiqat xarakterləri maraqlı əsərlərini yazdı. 1964-cü ildə M.C.Məhərrəmovun redaktorluğu ilə müəlliflər kollektivi ilə birlikdə yazılmış «Psixologiya» dərsliyi çap olunmuşdur ki, tələbələr həmin dərslikdən yetərincə faydalanmışlar.
Məhərrəmovun ali məktəb tələbələri üçün yazdığı «Psixologiya» (1968) dərsliyə müəllifin bu sahədə uzun illər ərzində apardığı gərgin yaradıcılıq axtarışlarının fərəhli bəhrəsidir. Dərslik özünün elmi-nəzəri səviyyəsinə görə indi də diqqəti cəlb edir. Adı çəkilən dərsliyin yenidən təkrar çap olunaraq ali məktəb tələbələrinin istifadəsinə verilməsi günün tələblərindən biridir. Prof. M.C.Məhərrəmovun psixoloji irsinin araşdırıcısı prof. Ə.Ə.Əlizadə yazır: «İstər bir tərcüməçi kimi, istərsə də orjinal dərsliklər müəllifi kimi mühüm bir çətinliklə- terminologiya problemi ilə rastlaşan müəllifin bu sahədəki nailiyyətlərii də təqdirəlayiqdir. Bu gün Azərbaycan psixoloji ədəbiyyatında geniş yayılmış və sözün əsl mənasında vətandaşlıq hüququ qazanmış bir çox terminlər M.C.Məhərrəmovun adı ilə bağlıdır ».
Prof. Ə.Ə.Əlizadənini qeyd etdiyi kimi, M.C.Məhərrəmovun yaradıcılığında «İzahlı psixoloji lüğət»in tərtibi önəmli yer tutur. Məlum olur ki, respublikanın görkəmli psixoloqlarından biri kimi, prof.M.C.Məhərrəmovu terminologiya məsələləri çoxdan və yaxından düşündürür, eyni zamanda narahat edirdi. Bu dövrdə, xüsusilə 60-cı illərdə Azərbaycan elmi dili aktual problemlərdən biri kimi meydana çıxırdı. Respublikada ayrı-ayrı elm sahələri üzrə terminoloji lüğətlər nəşr olunurdu.M.C.Məhərrəmov mahir tərcüməçi idi. O, təcrübəli tərcüməçi kimi öz fəaliyyətində hər zaman terminoloji çətinliklərlə rastlaşırdı.
M.C.Məhərrəmov bu illərdə Azərbaycan Dövlət Universitetinin müəlimi idi. Psixologiya kafedrasının müdiri idi. O, həssas bir müəllim kimi həm özünün, həm də həmkarlarının Azərbaycan dilində izahlı lüğətlərə olan böyük ehtiyacını bütün aydınlığı ilə hiss edirdi. Deyilən ehtiyacları nəzərə alaraq «İzahlı psixoloji lüğət» xoş bir məramla tələbələrə, müəllimlərə, tərbiyəçilərə, valideynlərə, psixologiya elmi ilə maraqlanan geniş oxucu kütləsinə bu elmi öyrənməkdə yaxından kömək məqsədilə yazılmışdır. Müəllifin yazdığı «İzahlı psixoloji lüğət öz dövrünün elmi uğurlarının və psixologiya elminin başlıca inkişaf meyllərini ətraflı əks etdirir. Müəllif daha çox işlənən psixoloji terminlərin nisbətən geniş izah olunmasına çalışmış, ətraflı mənimsənilməsinə kömək edən bəzi fəlsəfə, fiziologiya, məntiq, pedaqogika, patopsixologiya və s. aid terminlərə də lüğətdə əsas yer vermişdəi. Beləliklə,qeyd etmək olar ki, 1960-cı ildə Azərbaycanda ilk dəfə nəşr olunan «İzahlı psixoloji lüğət» Azərbaycan dilində psixoloji terminlərin dəqiqləşdirilməsində və sabitləşməsində xüsusən mühüm rol oynamışdır. «İzahlı psixoloji lüğət» sadə və aydın dildə yazılmışdır. Oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Elmi əsərləri
1.Məhərrəmov Məmmədəli Cavad oğlu. İzahlı psixoloji lüğət. [Mətn] Bakı Universiteti nəşriyyatı, B.: 1960.- 85 s.
- Məhərrəmov Məmmədəli Cavad oğlu. İzahlı psixoloji lüğət M.Məhərrəmov; İxtisas red.: Ə.Ə. Əlizadə; Red.: B.Eyvazlı; Rəssamı: S.Şatikov.- B.: Azərnəşr, 1999.- 152 s.
- Məhərrəmov Məmmədəli Cavad oğlu. Psixologiya oçerkləri /M.C.Məhərrəmov; AzSSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsi; S.M.Kirov ad. Azərb. Döv. Un-ti; red. Ə.Bayramov I hissə.- B.: Azərb. Un-ti, 1960.- 168 s.
- Məhərrəmov Məmmədəli Cavad oğlu. Psixologiya oçerkləri [Mətn]: [tədris vəsaiti]: [2 hissədə] /M.C.Məhərrəmov II hissə.- B.: Azərtədrisnəşr, 1961.- 194 s.
5.Məhərrəmov Məmmədəli Cavad oğlu. «Məktəblilərin iradəsini tərbiyə etmək haqqında»
6.Məhərrəmov Məmmədəli Cavad oğlu. «İradə tərbiyəsinin yolları»
7.Məhərrəmov Məmmədəli Cavad oğlu. «Uşaqlarda iradə nöqsanlarını necə aradan qaldırmalı»
8.M.C. Məhərrəmov «Məktəblilərin xarakterini tərbiyə etmək haqqında»
9.M.C. Məhərrəmov «Yaxşı oxumağın sirri»
10.«M.C. Məhərrəmov Orta məktəbdə psixologiyanın tədrisinə dair qeydlər» (1955)
Mənbə
- R.Əliyev «Psixologiya tarixi» (2006)
2.Q.Əzimov “XX əsrdə Azərbaycan psixoloji fikrin inkişafı” II hissə.
- Q.Əzimov “XX əsrdə Azərbaycan psixoloji fikrin inkişafı” I hissə.
4.Ümumi psixologiya A.V.Petrovskinin red. Ali məktəb dərsliyi, Bakı, 1977.
5.Bayramov Ə.S., Əlizadə Ə.Ə., – Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, – 620 səh.
- “Psixologiya” (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı – 2007
7.http://www.elmler.com/pub/uploads/m%C9%99qal%C9%99%20toplusu%202013%20%2010.pdf
8.http://kitabxana.net/files/books/file/1414873137.pdf
9.http://kayzen.az/blog/psixologiya/8001/az%C9%99rbaycanda-elmi-psixologiya.html
10.http://wapfiles.az/library/index.php?id=1316&page=2
11.https://www.google.ru/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=9&ved=0CFMQFjAI&url=http%3A%2F%2Fr.my.day.az%2Fdc%2F52%2F25b8579193aba79557db98c3b0c31cab.doc&ei=MYmxVNi1EOLAmwW84oKYDw&usg=AFQjCNGeuBmG64CY3TPSsJw2–iZTTNEYg&bvm=bv.83339334,d.dGc&cad=rjt