Oyuncaqlar uşaqların həyata baxışını formalaşdırır, inkişafına böyük yardım edir. Valideynlər də imkanları çərçivəsində uşaqlarının bu tələbatını ödəmək üçün bazarlardan, uşaq oyuncaq mağazalarından müxtəlif oyuncaqlar alırlar.
Bir müddət əvvəl Amerikada aparılan araşdırmalar zamanı oyuncaqların uşaq həyatında böyük təsirə malik olduğu müəyyən edilib. Araşdırma aparan alimlər onu da müəyyən ediblər ki, bir çox inkişaf etməkdə olan ölkələrdə Çin istehsalı oyuncaqlardan istifadə edilir ki, bu da uşaqların sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Belə ki, Çində istehsal olunan oyuncaqların tərkibində olan melamin və fatalat sonsuzluğa səbəb olmaqla yanaşı xərçəng riskini də artırır.
Araşdırmaya görə, əvvəllər Çində uşaq qidalarına və süd tozlarına əlavə edilən “fatalat” adlı plastik qatqı maddəsi, cinsi şəxsiyyət dəyişməsinə, sonsuzluğa, erkən sinə böyüməsinə, dəri və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Avropa Birliyi tərəfindən qadağan edilən fatalatlı oyuncaqlar bu gün də əksər ölkə bazarlarında satılır.
Həkim-onkoloq Samir Hacıbabayevin sözlərinə görə, fatalat maddəsi uşaqların inkişafına çox mənfi təsir edir. Çin istehsalı olan uşaq qidaları, şokolad, pudinq, süd tozu kimi qidalarda ölümə səbəb olan melamin maddəsi də müəyyən edilib. Fatalat maddəsi oyuncaqları yumşaltmaq üçün istifadə edilən plastik maddədir. Bu maddə hər bir oyuncağın tərkibində olur. Fatalat hər bir oyuncaqda 1000:1 nisbətində olmalıdır. Bu nisbət aşıldığı zaman sağlamlıq üçün təhlükəli bir hal alır.
Müsahibimiz bildirir ki, ümumiyyətlə, Çində istehsal olunan məhsulların 90 faizi sağlamlıq üçün zərərlidir. Bu ölkədə istehsal olunan məhsullar ucuz olduğundan dünyanın hər yerinə idxal edilir. Bu da Çindən dünyaya ölüm yayılması deməkdir. “Çindən Azərbaycana idxal olunan bir sıra məhsullar arasında uşaq geyimləri və oyuncaqlar da yer alıb. Bəzi işbazların pul qazanmaq həvəsi imkansız və az imkanlı təbəqənin uşaqları üçün potensial ölüm mənbəyinə çevrilir”.
Həkimin dediyinə görə, Çin malı olan oyuncaqlarda kiçik hissəciklər, maqnitlər olur ki, bu da azyaşlı uşaqlar üçün daha təhlükəlidir. Buna görə də uşaqlara oyuncaq alarkən daha diqqətli olmaq lazımdır. Uşaqlar oyuncaqları ağızlarına apardıqlarına görə, bu, daha böyük risklər meydana gətirir. Çindən gətirilən oyuncaqların boyası, qoxusu, tükləri və digər kiçik detalları uşaqların həyatını təhlükəyə atır.
Pediatr İlhamə Qurbanovanın sözlərinə görə, körpəni lentli və ya incə ipli oyuncaqlarla oynamağa qoymaq olmaz. “Oyuncaqlara bağlı və xırda detalların möhkəm olduğuna əmin olun. Körpənin oyuncağı düz və yumru kənarlı olmalı, itiuclu, itikənarlı olmamalıdır. Uşaqlar hər şeyi ağızlarına aparırlar. Buna görə də çalışmaq lazımdır ki, uşağa boyalı oyuncaq alınmasın. Uşağa oyuncaq alarkən parçalanan, halqalar, muncuqlar və s. xırda detallardan ibarət olan oyuncaqlar almayın. Oyun zamanı bu oyuncaqlar parçalana və uşağın boğazında qala bilər”.
Həmsöhbətimizə görə, körpənin ilk oyuncağı yumşaq oyuncaqlar olmalıdır. Bura parçadan hazırlanmış heyvan fiqurları, top və ya kub formalı oyuncaqlar daxildir.
Mütəxəssislər məsləhət görürlər ki, uşaqlar nə qədər çox oyuncağa meylli olsa da, istər fizioloji, istərsə də psixoloji baxımdan onun sağlamlığını qorumaq üçün uşaqlara çox oynamağa icazə vermək olmaz. Oyuncaqlarla uzun müddət vaxt keçirmək uşağın irəliləyən zamanlarda qapalı bir xarakterə sahib olmasına səbəb ola bilər.
İ.Qurbanova bildirir ki, elektrik oyuncaqlar radiasiya yayır. Uşaqların bədənində su çox olduğu üçün uşaqlar bu radiasiyadan daha çox təsirlənirlər. “Oyuncaqlar hazırlanarkən tərkibinə kimyəvi qatqılar əlavə edildiyindən bu, uşaqlarda xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər. Hal-hazırda uşaqlarda qan xərçəngi daha çox yayılıb. Böyük ehtimalla bu, Çin mallarının “zəfəri”dir. Batareyalı oyuncaqlar da uşaqlar üçün təhlükə mənbəyidir. Batereyaların axması uşağın sağlamlığını təhlükə qarşısında qoyur”.
Uşaqlar sevincimizdir. Onların sağlamlığı hər bir valideyn üçün hər şeydən əhəmiyyətlidir. Odur ki, uşaqları sevindərməyi düşünüb onları zəhərləməyək.
ekspress.az