Yorğunluq uzun müddət davam edirsə nəticəsi ağır olacaq.
Axşam vaxtı həddindən artıq qidalanma isə bədəndə süstlük yaradır.
Bir aydan çox bir problemin həlli üçün çalışan şəxsdə psixiki gərginlik yaranır.
Psixoloqa müraciət edənlər arasında çox tez-tez səbəbsiz yorğunluqdan və əzginlikdən şikayət edənlərə rast gəlmək olur. Belə ki, müasir zamanda xroniki yorğunluq geniş yayılmış problemlərdən biridir. Bəziləri buna depressiyaları, bəziləri isə ağır iş rejimini və tükənməyən problemləri səbəb gətirirlər.
Xroniki yorğunluq uzun müddət davam edən yorğunluqdur. Bu yorğunluğa, apatiya vəziyyəti, düzgün rejimin və istirahətin olmaması gətirib çıxarır.
Çox işləmək, iş rejiminin gecə vaxtına düşməsi də xroniki yorğunluğa səbəb olan amillərdəndir. İnsanlar gecə vaxtı yatmağı adət ediblər. Bu səbəbdən də gecə növbəsində işləyənlərdə xroniki yorğunluq halları daha tez-tez müşahidə olunur. Xroniki yorğunluğa tutulma halları orqanizmin özündən də asılıdır. İmmun sistemi güclü olan insanlar gecə növbəsində işləməyə tab gətirə bilirlər. İnsan da var ki, bu rejimə dözə bilmir.
Qeyd edək ki, qidalanma insan orqanizmi üçün mühüm rol oynayır. Düzgün qidalanmayanlar xroniki yorğunluqla üzləşirlər. Eləcə də, səhər yeməyindən imtina edən adamlar da xroniki yorğunluğun qurbanına çevrilirlər. Nəzərə alın ki, səhər mütləq qidalanmaq lazımdır. Səhər yeməyi bədənimizdə enerji yaradır. Nahar yeməyini də qəbul etmək normal hesab olunur. Şam yeməyinə isə diqqətlə yanaşmaq lazımdır. Şam yeməyi zamanı çoxlu qida qəbul etdikdə xroniki yorğunluq yaradır. Bizdə qidalanmada yayılan ən çox problemlərdən bir də şam yeməyinə üstünlüyün verilməsidi. Çoxlari işdən gəlib, saat 7-8-dən sonra şam edir. Axşam vaxtı həddindən artıq qidalanma isə bədəndə süstlük yaradır”.
Uzun müddət hansısa problemi həll edə bilməyən insanlarda da apatiya vəziyyəti müşahidə olunur. Məsələn, bir aydan çox bir problemin həlli üçün çalışan şəxsdə psixiki gərginlik yaranır. Bu gərginliyin nəticəsində insan tez-tez yorğunluq hiss edir. Çünki beyin fəaliyyətini dayanmadan eyni problemin həllinə yönəldir.
Xroniki yorğunluğun əlamətləri
Nəzərinizə çatdıraq ki, depressiyada olan insanlarda xroniki yorğunluğu görmək çox asandır. Belə insanlar adətən “Bu gün mənim halım yoxdur”, “Heç bir yerə çıxmaq istəmirəm”, “Özümdə süstlük hiss edirəm” kimi sözlərdən istifadə edirlər. Onlar davamlı olaraq 1 aya yaxın bu sözləri təkrarlaya bilərlər. Belə adamlara diqqət yetirmək lazımdır. Ola bilər ki, xroniki yorğunluqdan əziyyət çəkən şəxs işə və qonaqlığa da gedir. Amma, bunula yanaşı, yorğun və əzgin olduğundan şikayət edir.
Bəzən xroniki yorğunluqdan əziyyət çəkənlərin bundan xəbərsiz olurlar. Bu zaman bir neçə vacib amillərə fikir verməlidirlər. Məsələn, xroniki yorğunluq zamanı yuxuya tələbat çoxalır, əvvəlki iş fəaliyyəti isə aşağı düşür. Əgər şəxs əvvəl gün ərzində 8 saat işləyirdisə, xroniki yorğunluğa düçar olduqdan sonra 6 saat güc ilə işləməyə başlayır. Belə yorğunluq zamanı qidalanmada zəifləmə özünü göstərir. Əvvəl normal qidalanan adam tədricən qidadan imtina etməyə başlayır. Belə adamlarda işləməyə maraq da ölür.
Xroniki yorğunluqla mübarizə
Xroniki yorğunluq asanlıqla, tez bir zamanda aradan götürülən hal deyil.
Qısa müddətlik, misal üçün, 1 həftəlik istirahət yorğunluqdan xilas edə bilər. Bunun üçün istirahət vaxtı iş və problem olan şəraitdən uzaqlaşmaq lazımdır. İstirahət zamanı düzgün yuxu rejiminə də riayət olunmalıdır. Gecə heç olmasa 8 saat yatmaq məsləhət olunur. Əgər dərin yuxuya gedə bilmirsizsə, yerinizdə gözlərinizi yumub sakit problemləri düşünmədən uzanmaq belə rahatlıq gətirəcək. Ümumiyyətlə, xroniki yorğunluq asanlıqla, tez bir zamanda aradan götürülən hal deyil. Ola bilsin ki, belə şəxslərdə istirahətdən sonra da xroniki yorğunluq davam etsin. Bu halda xroniki yorğunluğun səbəblərini araşdırmaq və aradan qaldırmaq lazımdır.
Xroniki yorğunluqdan xilas olmaq istəyənlər üçün düzgün həyat rejimi
İşgüzar şəxslərə səhər tezdən oyananda, heç olmasa 3 dəqiqə ərzində idman hərəkətləri etmək tövsiyyə olunur. Bu zaman yüngül idman hərəkətləri də etmək olar. Misal üçün, oynaqların birləşən hissələrinin, boyun əzələlərinin hərəkətə gətirilməsi çox vacibdir. Əzələlərin oynaması orada yerləşən sinirlərin aktivləşməsinə gətirib çıxarır. Bu da insanın özünü gümrah hiss etməsinə kömək edir. Başın boyun ətrafında saat əqrəbi istiqamətində və əksinə bir neçə dəfə dövranı müsbət emosiyaların yaranmasına səbəb olur. Diqqət yetirin ki, yorulan zaman özümüzdən asılı olmadan əlimizi boynumuzun arxasına atırıq.
İş adamı axşam vaxtı evə qayıdırsa, işdən sora ona yorucu fiziki və zehni işlərlə məşğul olmaq olmaz. Bundan başqa, hər gün eyni müəyyən olunmuş vaxtlarda qidalanmaq lazımdır. Ümumiyyətlə, rejimsizlik insanlarda həm müxtəlif xəstəliklərin əmələ gəlməsinə, həm də psixoloji yorğunluğun yaranmasına gətirib çıxarır. Evdar şəxslərə də gün ərzində heç olmasa müəyyən müddət fiziki aktivlik tələb edən məşğələlərə vaxt ayırmaqlarını məsləhət görürəm.
Ən əsası, ruhdan düşməyin!
Vüsalə Ələkbərova
Baş redaktor, Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu