Müalicəvi mütaliə-biblioterapiya

Klassiklərdən birinin fikrinə görə, kitab ruhun dərmanıdır. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.

Bu yaxınlarda Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir. Bu metodika məhz stressdən və müxtəlif fobiyalardan əziyyət çəkən pasientlərin realibitasiyası üçün yaradılmışdır.

Tədqiqatçıların fikrincə, müalicəvi kitabı hər kəs öz istəyinə uyğun olaraq seçə bilər. Yalnız biblioterapiyanın başlıca prinsiplərini yadda saxlamaq lazımdır: əsər cəlbedici olmalı, mütaliə təkcə zövq verməməli, həm də düşünməyə vadar etməlidir. Yaxşı olardı ki, əsərin baş qəhrəmanı nə vaxtsa oxucu ilə baş vermiş və hələ də onu narahat edən hadisələrlə üzləşsin.

Kitab həm də nikbinlik, inam yaratmalı və ya azacıq qüssələndirməklə ruhumuzu saflaşdırmalıdır. Bu məsələ ilə bağlı həkim psixiatr Orxan Fərəclinin də fikirləri var: “Kitabın insan psixikasına, dünyagörüşünün formalaşmasına təsiri uzun illərdir bilinən mövzudur. Lakin ayrı-ayrı ədəbi janrların psixikamızın konkret hansı sferasına təsir edəcəyi və bundan terapiya məqsədi ilə istifadəsi isə ayrıca maraq doğurur. Təcrübələrimiz göstərir ki, bəzi janrların hətta bəzi konkret müəlliflərin belə əsərlərinin müalicəvi təsiri vardır. Təcrübədə bunun şahidi olmağımıza baxmayaraq, əlimizdə bunu sübut edə biləcək elmi tədqiqat nəticələri yoxdur. Məhz buna görə də bu tipli terapiya metodlarını heç vaxt həmin xəstəliklərin əsas müalicə metodu kimi məsləhət görə bilmirik. Amma yardımçı metod olaraq sizə deyim ki, bu əvəz olunmazdır. Düzgün seçilmiş, bədii mətinləri mütəxəssislər tərəfindən təhlil edilmiş nağılların nəinki uşaqların psixikasının, hətta millət olaraq etnopsixologiyamızın formalaşmasına ciddi təsiri vardır”.

Bu istiqamətdə aparılan tədqiqatlarla tanışlıq “İntellekti yüksəldən və qəlbə xitab edən nə oxumalı?” sualını cavablandırmağa imkan yaradır:

Klassik ədəbiyyat…

Xüsusiyyətləri: ahəngli nəqletmə insanda müəyyən sabitlik hissi yaradır. Başqalarının səhvləri özününkülər barədə düşünməyə vadar edir.

Göstərişlər: əsəbi, nevroz, üzücü hallarda universal vasitədir.

Nizami Gəncəvi, Cəlaləddin Rumi, İohann Volfqanq fon Göte, Çarlz Dikkens, Lev Tolstoy, Viktor Hüqo, Teodor Drayzer, Onore de Balzak, Cek London, Fransua Rable, Migel de Servantes, Mirzə Fətəli Axundov, Hüseyn Cavid və b.

Detektiv və macəralar…

Xüsusiyyətləri: diqqəti, məntiqi, əzmi və müşahidə qabiliyyətini məşq etdirir. Qarışıq, həyəcanlı süjet xətti qəm-qüssəli fikirlərdən və problemlərdən yayındırır.

Göstərişlər: üzücü və psixi gərginlik hallarında.

Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon, Dan Broun, Çingiz Abdullayev və b.

Elmi fantastika, fentezi…

Xüsusiyyətləri: hadisələri və əməlləri həddindən artıq gərginləşdirərək onların hüdudlarını mümkün olduğu qədər genişləndirir. Xəstəyə öz düşüncələrini və istəklərini qorxusuz şəkildə qəbul etmək və onların digər şəxslərdə mövcudluğu ilə razılaşmaq imkanı verir.

Göstərişlər: fobiyaların (qorxu hissinin) mövcudluğu şəraitində və qəlibləşmiş həyat tərzində yaşayan xəstələrə tövsiyə olunur.

Jül Vern, Hüqo Vernbak və Herbert Uells, Con Tolkin, Klive Stapliş Luis, Stefani Mayer, Stiven Kinq, Brem Stoker, Meri Şelli, Edqar Allan Po, Namiq Abdullayev və b.

Poeziya…

Xüsusiyyətləri: dəqiq ritm orqanizmdə baş verən prosesləri normaya saldığı üçün şeir insanı müsbət enerjiyə yönəldir və özünə, öz gücünə inam yaradır.

Göstərişlər: depressiya hallarında, daha çox insultdan sonrakı bərpa dövründə loqopedik məşğələlərdə istifadə olunması tövsiyə edilir.

Aleksandr Puşkin, Anna Axmatova, Pablo Neruda, Lui Araqon, Cemal Süreyya, Attila İlhan, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nazim Hikmət, Mikayıl Müşfiq, Səməd Vurğun və b.

Nağıllar və folklor ədəbiyyatı…

Xüsusiyyətləri: müəyyən qədər ünsiyyət qaydalarını və müşahidəçiliyi öyrədir.

Göstərişlər: uşaqların hiperaktivliyi və çətin tərbiyə olunan yeniyetmələrin xroniki itaətsizliyi hallarında.

Miflər və əfsanələr, Hans Xristian Andersenin nağılları, “Qrimm qardaşlarının nağılları”, Azərbaycan nağılları (“Sehirli üzük”, “Şəms və Qəmər”, “Məlikməmməd”, “İsgəndər və fağır”, “Yeddi qardaş, bir bacı”), dastanlar (“Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Nibelunqlar haqqında nəğmə”, “Tristan və İzolda”, “Beavulf dastanı”)

Fəlsəfi və mənəvi ədəbiyyat…

Xüsusiyyətləri: kainatın bütövlüyü və insanın bu bütövlükdəki yeri haqqında təsəvvür yaradır.

Göstərişlər: kəskin stress və xroniki depressiya hallarında.

Sokrat, Platon, Aristotel, Lüdviq Vitgenşteyn, Fridrix Nitşe, İmmanuel Kant, Artur Şopenhauer, Tao Te Çinq, İbn Sina, Nəsirəddin Tusi və b.

Yumoristik ədəbiyyat…

Xüsusiyyətləri: narahatlığı azaldır, münaqişəsiz ünsiyyət qurmağın yollarını öyrədir.

Göstərişlər: yeniyetmələrin keçid dövründə və əməliyyat sonrası əhval-ruhiyyəni yüksəldir.

Əziz Nesin, Yaroslav Haşek, Bernard Şou, Sabit Rəhman, Mirzə Ələkbər Sabir və b.

Göründüyü kimi, mütaliə təkcə biliklərimizi artırmır, həm də sağlamlığımızı möhkəmləndirməkdə bizə kömək edir. Deməli, kitab yalnız bilik mənbəyi deyil, həm də mənəvi və fiziki sağlamlıq mənbəyidir.

Kitabdan ayrılmayaq…

Hazırladı: Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Elnarə Ağaoğlu və Şəlalə Nəqşani

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər