Evə gələn kimi makiyajınızı təmizləyin ki, dəriniz rahat nəfəs alsın. Bunun üçün sizə yarım saat vaxt bəs edər. Bəzən yorğun olduğunuz üçün elə makiyajla yatmaq istəyirsiniz, bu, isə narahatlıq yaradır, yuxu probleminə də səbəb olur.
Dərini təmizləyərkən yüngülcə yağ təbəqəsi buraxan təmizləyicilərdən istifadə etmək doğru deyil. Bunlar dəri məsamələrinin tıxanmasına və qara nöqtələrin əmələ gəlməsinə yol açır. Dərini təmizlədikdən sonra ifrat dərəcədə quru olması da yaxşı hal deyil. Quru dəri qaşınmaya, sızanaqlara səbəb olur. Bir şeyi də yaddan çıxarmaq olmaz ki, nəm olmayan dəri daha tez qırışır.
Suda həll ola bilən makiyaj vasitələrindən istifadə etmək daha məqsədəuyğundur, çünki həll olmayan məhsulların dəridən təmizlənməsi çox çətindir. Bu tip makiyajları yağ əsaslı təmizləyicilərdən istifadə etməklə təmizləmək olar. Təmizləmə losyonları və jelelərdən istifadədən sonra dəridə qalan makiyaj qalıqlarını toniklər daha yaxşı təmizləyir. Tonik tətbiqi həm də çəkəcəyiniz nəmləndiricinin dəri tərəfindən daha yaxşı mənimsənilməsini təmin edəcək. Məsləhətdir ki, daim qoxusuz təmizləyicilər seçəsiniz. Çünki qoxulu təmizləyicilərin allergiyaya səbəbolma ehtimalı yüksəkdir.
Antiseptik sabunlarla üzün dərisini təmizləmək olmaz. Qliserinli sabunlar isə əl təmizliyi üçün uyğun olsa da, üzün dərisinə zərərdir.
Üzünüzü təmizlədikdən sonra nə quru, nə də yağlı olmalıdır. İlıq su dərini sakitləşdirir, isti su isə qaşınma, qızartı əmələ gətirir, soyuq su dərini canlandırır.
Yaxşı olar ki, makiyajınızı təmizlədikdən sonra üzünüzü ilıq su ilə yuyasınız.
zaman.az