Elnur bəy, hal-hazırda cəmiyyətdəki insanların psixoloji vəziyyəti nə yerdədir?
Bu barədə təəssüf ki, müsbət fikir demək olmur. Nəinki Azərbaycan cəmiyyətində ümumən qlobal mühitdə yaranan mənəvi boşluq insanlara təsir göstərməkdədir. Bu gün insanlar, narahat və gərgindilər. Bu təkcə azərbaycanlılara aid deyil. İngilis də, fransız da, amerikalı da bu gün çox narahatdı. Zatən insan darıxan məxluqdu. O, hər zaman darıxır. Amma məsələ burasındadır ki, bu gün həmin darıxma sürətlənib. Bunun ilkin səbəbini isə mən texnologiyanın inkişafına bağlayıram. Texnika insanları bir-birinə yadlaşdırıb, özgələşdirdi. Bu gün texnika ata ilə oğul, ana ilə qız, ər və arvad arasına girib. Nəticə olaraq isə onları bir-birindən ayırdı. Bu günün insanının ən böyük problemi ünsiyyət problemidi. İnsan danışmağa, otururub dərdləşməyə adam tapmır, ancaq görürsən ki, hansısa sosial şəbəkədəki profilində dörd min dostu var. Bütün bunlar isə insanlarda zaman keçdikcə gərginlik yaradır.
Amma dünyanın bir çox ölkələrində sossiallaşma əksinə, insanları daha da mehribanlaşdırıb, işlərini asanlaşdırır.
Dünyanın hər yerində mən qeyd etdiyim problem vardır. Ola bilər kimsə desin ki, internet bütün dünyanı bir bilgisayara sığdırdı. İşlərimizi rahatlaşdırdı. Uzaqda olan qohumlarımızı bizə daha da yaxın etdi və s. Razıyam. Ancaq nəzərə almaq lazımdır ki, bütün bunlarla yanaşı texnologiya insana həm də ifrat bir komfort verdi. Bu komfort da insanı tənbəl məxluqa çevirdi. Fikir versəniz görərsiniz ki, insanlar işığın olmamasına, internetin kəsilməsinə, televizorun, telefonun işləməməsinə çox əsəbiləşirlər. Niyə? Çünki bütün bunlar onlara komfort bəxş edir. Komfort insana necə təsir edirsə, insan da ətrafına o cür münasibət sərgiləyir.
Elnur bəy, konkret Azərbaycan insanı bayaq sadaladığınız ümumi problemlərdən əlavə hansı psixoloji sıxıntılardan əziyyət çəkir ki, məhz sizə də o, problemlərlə bağlı müraciət olunur?
Əslində siz bu sualı üç il bundan əvvəl mənə versəydiniz konkret cavab vermək mənə daha rahat olardı. Bu gün isə bu suala cavab vermək mənim üçün çətindir. Çünki problem çoxşaxəlidir. Bu gün mən daha çox ailələrlə işləyirəm. Və günü-gündən də ailə problemləri ilə bağlı müraciətlər artır. Ailədaxili konfliktlər və onların yaratdığı ciddi narahatlıqlar var ki, bu da ailədə böyüyən uşaqların psixologiyasına ciddi təsir edir. Yəni bütün istiqamətlər üzrə problemlər artıbdı. Əgər istiqamətləri konkret xəstəliklər üzrə bölsək deyə bilərəm ki, depressiya, obsessif-kompulsif pozuntu, panik atak kimi xəstəliklər çoxalıb. Eyni zamanda bu gün insanlar asılılıqlardan daha çox əziyyət çəkirlər. Yəni əvvəllər alkoqol asılılığından söhbət gedirdisə, sonralar buna narkotik asılığı və nəhayət bu gün də internet asılılığı əlavə olundu. Yəni həm eninə, həm də uzununa psixoloji problemlər artıb. Yaxın gələcəkdə isə bunların azalacağını görmürəm. Əksinə artacağını təəssüf ki, qeyd etmək məcburiyyətindəyəm.
Nə etmək lazımdı sizcə? Həyəcan zəngini çalmağın vaxtı çatıb, ya ötüb?
Bəli, həyəcan zəngini çalmağın artıq vaxtı çatıb. Mənim tövsiyəm bundan ibarət ola bilər ki, insanlar tezliklə maariflənməlidilər. Onlar özlərinin fərdi psixoloji sağlamlıqlarının qeydinə qalmağı bacarmalıdılar. Özləri üçün qərarlar qəbul etməlidilər.
Əvvəllər bir adam tutaq ki, bir zavodda iyirmi beş il, otuz il işləyirdi və ordan da təqaüdə çıxırdı. Bu gün isə insan bir ilə on iş yeri dəyişir.
İnsanlar qərarsızdılar və tez bir zamanda çox şey əldə etmək istəyirlər. Əziyyətsiz komfort əldə etmək istəyilər. Nəticədə insanlar hər şeyə praqmatik yanaşırlar. Tutaq ki, bu gün mənə biri zəng vuranda fikirləşirəm ki, yəqin nə isə bir işi düşüb, və ya kömək istəyir, onun üçün zəng vurub. Bu kimi hallar da zaman keçdikcə insanın şəxsiyyətinə hopur. Əgər əvvəllər fikirləşirdiksə, ki, kimsə kiməsə darıxdığı üçün zəng vurur. İndi isə fikirləşirik ki, işi düşdüyü üçün zəng vurur. Bu qədər praqmatikləşmənin qarşısında əlbəttə ki, qardaş qardaşa bıçaq da vuracaq. Doğmalar bir-birinin ailəsini dağıdıb, onlara xəsarət də yetirəcək. Çünki hamı bir-birinə yad adam kimi yanaşır. Bütün bu sadaladıqlarıma təkrar olaraq bir daha əlavə etmək istəyirəm ki, insanlar mütləq maariflənməlidirlər.
Evlənməzdən əvvəl, ailə qurduqdan sonra, hamiləlik dövründə daha sonra uşaqlarla və nəhayət uşaqların yeniyetməlik dövründə necə hərəkət etmək və münasibət qurmaq haqqında psixolji maariflənmək və məlumatlı olmaq lazımdı. Bir fikirləşin necə olur ki, valideyn dünənə qədər uşağına nəzarət edə bilirdi, ancaq o uşaq on dörd yaşında evdən qaçır. Tanıyan hər kəs də uşağın sakit və tərbiyəli uşaq olduğunu dilə gətirir. Səbəb ailənin yeniyetmə psixologiyası haqqında yetəri qədər məlumatlı olmamasıdır. Bütün bunların səbəbləri araşdırılmalı, valideynlər uşaqlarına qarşı biganə qalmamalıdırlar. Və valideyn bir şeyi nəzərə almalıdır ki, ən önəmli məsələ uşağının psixoloji sağlamlığıdır.
Ümumiyyətlə Elnur bəy, sizcə boşanan ailələrdə psixoloji problemlər sonralar səngiyir, ya da daha da çoxalır?
Bir qism boşanmalar var ki, onlar obyektiv boşanmalardı. Tutaq ki, ər alkoqolik və yaxud da narkomandı. Belə valideyn uşağına təbii ki, heç bir tərbiyə verə bilməyəcək. Yəni belə insanlar ailə dəyərlərindən zaman-zaman uzaqlaşırlar. Belə ailələrin boşanması daha məqsədəuyğundur. Ancaq bəzən boşanmalar tərəflərin bir-birini anlamaması ucbatından baş verir. Tutaq ki, xanım ağlına yerləşdirib ki, konflikt yaşadığı həyat yoldaşının üzünü görməsə xoşbəxt olacaq. Axı problem bununla həll olunmur. Bu zaman da ailənin qorunub saxlanması, boşanmış qadının cəmiyyətdəki situasiyası əlavə problemlər yaradır ki, boşanan qadın problemdən xilas olmaq istəyərkən, digər ploblemlərin içərisində əzilməyə başlayır. Halbuki, boşanmazdan və yaxud da ayrılmazdan əvvəl onlar qarşılıqlı anlaşma yolu ilə boşanmaya gətirib çıxaran problemləri həll edə bilərdilər. Bizim insanlarımız bu gün münasibətləri dərhal qırmağa, zədələməyə tələsirlər. Mən çox istərdim ki, boşanmayla bağlı inzibati tədbirlər görülsün. Ərizə verib üç aydan sonra boşanma kimi hallar olmasın. Həmin cütlüklərə vaxt verib onları psixoloqa, sosioloqa yönləndirsinlər. Bəlkə bir müddət sonra onlar barışacaqlar. Bu baxımdan inzibati tədbirlər artırılsa, çox yaxşı olar.
Hal-hazırda ən çox yayılan psixoloji termin depressiyadı. Mütəxəssis kimi sizin rəyiniz çox vacibdir. Depressiya xəstəlikdirmi?
Gəlin, kiçik bir analogiya aparaq. Misal üçün soyuqdəymə hər bir insanın orqanizmində baş verən xəstəlikdir. Əgər bu xəstəliyə biganə yanaşılsa sabah həmin xəstəlik daha ciddi fəsadlar törədib insanı öldürə də bilər. Depressiya da bütün insanlarda baş verə bilən xəstəlikdir. Lakin ona diqqət yetirmədikdə elə ciddi fəsadlar verə bilər ki, bu da insanın həyatı bahasına başa gələ bilər. Bu dəqiqə Ümumdünya səhiyyə təşkilatı bildirir ki, depreessiya geniş yayılıb və insanların intiharına gətirib çıxardır. İstər ailədaxili münasibətlərə, istər işdə və cəmiyyətdə olan münasibətlərə depressiya çox ciddi təsir göstərir. Yəni bu gözlə görünən olmasa da, törətdiyi fəsadlar çox ciddidir. Depressiya zamanında müalicə olunsa, və ağırlaşdırıcı hallara keçid edilməsinin qarşısı alınsa, çox yaxşı olar.
Bildiyiniz kimi hal-hazırda insanların internetdən, sosial şəbəkələrdən asılılığı qarşısıalınmaz həddə gəlib çatıb. Sizcə nə etmək lazımdır?
Biz bir şeydən o zaman əl çəkə bilərik ki, onun mahiyyətinin nədən ibarət olduğunu bilək. İnternet asılılığı bu gün acı reallıqdı. Elə ailələr, insanlar var ki, internet olmayan məkanlara girmirlər. Gedib kənardan həmin insanları araşdırsanız görəcəksiniz ki, onlar tutaq ki, hansısa restorana gedib masaya əyləşən kimi wi-fi kodunu soruşurlar. Bu, artıq o deməkdir ki, internet bizim həyatımızı o qədər işğal edib ki, insanlarda asılılıq yaradıb. Bunun qarşısını almaq üçün insan birinci növbədə internetdən istifadəyə bəlli bir zaman ayırmalı, orda görəcəyi işləri planlaşdırmalı və zamanında dayandırmağı bacarmalıdı. Uşaqlara xüsusilə diqqət yetirmək lazımdır. Onları yalnız həftə sonları internetlə məşğul olmalarına icazə vermək lazımdır. Ailələr internetin onların münasibətinə ziyan verdiyini hiss edirlərsə, ondan istifadəni mütləq tənzimləməlidirlər. Bu məsələdə əsasən insanın öz iradəsi çox vacib rol oynayır.
-Bu gün istər televiziya kanallarında, istərsə də internet portallarında dəhşətli, qorxuducu xəbərlərin çoxalması, xəbər başlığı kimi ön plana çəkilməsi də insanların psixologiyasına mənfi təsir göstərir. İnsanlar bununla necə mübarizə aparmalıdılar?
KİV-in məqsədi xəbər çatdırmaqdır. Hər kəs də istəyir ki, onun xəbərini daha çox izləsinlər. Bu normal haldı. Lakin burda incə bir məqam var ki, bu da müəyyən qaydaların gözlənilməsindəın ibarətdir. Bəzən görürsən ki, kimsə işdən azad olunub. Xəbər portalı isə yazır ki, filankəs işdən qovulub. Bu qətiyyən doğru deyil. Ən azından o insanın ailəsi, yaxınları var. Və yaxud filankəs, filankəsin başını kəsdi kimi xəbərləri birbaşa yazmaq olmaz. Bu cür xəbərləri daha yumşaq formada vermək və ehtiyatlı olmaq lazımdır.
Bu cür xəbərləri verməmək lazımdır deyə bilərsiniz?
Bəli, ən yaxşısı belə xəbərləri verməsinlər. Yəni həmin xəbərlər verilmədikdə, cinayətlər də azalır. O cür xəbərlərin verildiyi zaman cinayət hadisələri də çoxalır. Statistika da bunu təsdiq edir. Buna pixologiyada “verter effekti” deyilir. Bir şey haqqında nə qədər çox danışılırsa, həmin hal da daha çox baş verir.
Azərbaycanda olan psixoloji mərkəzlərin fəaliyyəti sizi qane edirmi?
Öz adıma deyə bilərəm ki, mən bu sahədə köhnələrdənəm. Artıq neçə illərdi bu sahədə çalışıram. Hal-hazırda yeni psixoloji mərkəzlər fəaliyyət göstərir. Bu əlbəttə sevindirici haldır. Bu gün psixoloji kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilir. Sadəcə olaraq onu deyə bilərəm ki, həmin mərkəzlər öz fəaliyyətini düzgün qurub istiqamətləndirsinlər. Yəni hər bir psixoloji mərkəzin özünün bir fəlsəfəsi, vizyonu olsun. Bir şeyi fikirləşmək lazımdır ki, əgər bir psixoloji mərkəzə bir uşaq girib problemi həll edilib oradan çıxırsa, bir ailə barışırsa, buna ancaq sevinmək lazımdır.
Bu yaxınlarda “X-Lady” adlı kitabınız işıq üzü gördü. Niyə elmi kitab yox, məhz bədii kitabın çapına üstünlük verdiniz?
Mənim elmi monoqrafiyam var. İnşallah bu yaxınlarda çap etdirərik. Dövrü mətbuatda yetərincə maarifləndirici yazılarım da dərc olunur. Məsələ burasındadır ki, biz bir az da müasir dövrü anlamalıyıq. Bu gün Azərbaycanda onlarla namizədlik, doktorluq işi müdafiə olunur. Bəs yaxşı sizcə bunları oxuyurlarmı? İnanın çox az oxuyurlar. Mən də bu əsəri elmi formada yaza bilərdim. Amma fikirləşdim ki, roman formasında yazsam daha çox oxucu qazanmış ola bilərik. Kitabı oxuyanlar bilir ki, roman konkret problem üzərindən yazılmış bir romandır. Bu məntiqdən çıxış edərək düşündüm ki, həm bizdə belə bir ənənənin olmaması, həm də düşüncələrin daha çox insana çatdırılması baxımından roman kimi yazmaq daha məqsədəuyğun olardı.
http://www.adalet.az