Sağlam və möhkəm sümük sistemi insanın ümumi sağlamlığında böyük rol oynayır. Möhkəm sümük sistemin təməli uşaqlıqda qoyulur. Bu səbəbdən uşağın sümüklərini daim möhkəmləndirmək lazımdır.
Kalsium sümüklərimizin əsas tikinti materialıdır. Bu elementin çatışmazlığı nəticəsində uşağın sümükləri daha zəif və kövrək olur. Bunun nəticəsində isə uşaq sınıqlara meyilli olur, sümüklər gec bitişir, boyatma ləngiyir və s.
Bu səbəbdən doğulduğu andan başlayaraq uşaq orqanizminin kalsiumla normal təmin olunmasına ciddi fikir vermək lazımdır.
- Ana südü
Körpələrdə ana südü ilə qidalandırma böyük rol oynayır. Ana südündə olan bütün faydalı maddələr (o cümlədən, kalsium elementi) çox asanlıqla uşağın orqanizmi tərəfindən mənimsənilir. Ana südü ilə qidalandırma mümkün olmadıqda uşağa donor südü verilməlidir. Bu da mümkün olmadıqda isə uşaq müasir süni süd qarışıqları ilə qidalandırılmalıdır.
2. Süd və süd məhsulları
Daha böyük uşaqların rasionuna daim süd və süd məhsulları əlavə etmək lazımdır. Əgər uşağınızda südə qarşı allergiya və ya xüsusi dözümsüzlük yoxdursa, uşağa 1 yaşından başlayaraq hər gün südlü sıyıqlar, südlü kokteyllər, südlü kisel və s. vermək lazımdır.
Əgər uşaqda süd məhsullarına qarşı fərdi dözümsüzlük və ya allergiya varsa, bu halda uşağa kəsmik, şor, qatıq, xama, pendir , yoqurt kimi məhsulları vermək lazımdır.
Çalışın uşağa təbii süd və süd məhsulları (kənd südü, qatığı, şoru və s.) verin. Dükanlarda satılan və xüsusilə saxlama müddəti uzun olan belə məhsulların tərkibində külli miqdarda konservantlar və s. ziyanlı maddələr var.
3. Balıq
Uşağın 10-11 ayından başlayaraq onun rasionuna balıq əlavə etmək lazımdır (allergiya yoxdursa). Balıq sümüklər üçün çox vacib olan kalsium və fosfor elementləri ilə zəngindir. Bundan əlavə balıq D vitamini ilə zəngindir ki, bu vitamin orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır.
4. Gün şüaları
Hər gün uşaq 1,5-2 saatdan az olmayaraq açıq havada olmalıdır. Gün şüaları təsirindən insan orqanizmində D vitamini istehsal olunur.
Yay aylarında çalışmaq lazımdır ki, uşaq günün bir çox hissəsini açıq havada keçirsin. Bu çox vacibdir. Yay aylarında uşaqlarda boyatma prosesi güclənir. Uşaqların pəhrizində süd və süd məhsullarının miqdarını artırın.
5. Bitki mənşəli məhsullar
Bəzi bitki mənşəli məhsulların tərkibində kalsium elementi var. Bu məhsulların arasında: günabaxan tumları, badam, brokkoli kələmi, ispanaq, şokolad, yumurta sarısı, lobya. Lakin bu məhsullarda olan kalsium süd məhsulları ilə müqayisədə daha pis mənimsənilir.
6. Fiziki aktivlik
Fiziki aktivlik sümüklərin möhkəm və sağlam olması üçün çox vacibdir. Bu halda sümüklər onlara lazım olan maddələrlə daha yaxşı təmin olunur. Bu səbəbdən uşağın fiziki aktivliyi üçün lazım olan şərait yaratmaq lazımdır – hərəkətli oyunlar, bədən tərbiyəsi, üzgüçülük və s.
7. Bəzi məhsulların qəbulu kalsiumun mənimsənilməsini pozur. Bu məhsulların arasında: şəkər, şirniyyatlar, duzlu qidalar. Bu səbəbdən uşaqların qidalanmasında konfet, peçenye, pirojna, tort və s. şirniyyatların miqdarı minimuma çatdırmaq lazımdır. Onları kişmiş, ərik qurusu, bal və s. kimi təbii şirniyyatlarla əvəz edin. Kola, limonad və digər bu kimi içkilər şəkər və digər sümüklər üçün ziyanlı maddələrlə zəngindir. Bu səbəbdən belə içkiləri uşaqlara vermək olmaz.
Kolbasa, sosiska, çipsi, kartof-fri, digər fast-fud qidaların tərkibində çoxlu miqdarda duz var. Bu səbəbdən bu qidaları da uşağa vermək olmaz.
Heyvanı zulalın lazım olandan artıq qəbulu kalsiumun mənimsənilməsini ləngidir. Bu səbəbdən uşağa gün ərzində 1 dəfədən artıq ət yeməyi vermək tövsiyə edilmir.
saglamolun.az