Qadınların əksəriyyəti möcüzəvi bir şəkildə, sadəcə bir həftəyə çəki atmaq arzusunda olur. Düzdür, bu, bəzən insana yuxu kimi gələ bilər, amma dünya üzrə arıqlama pəhrizləri və onlara əməl edən insanlara baxdıqda hətta 15 günə 15 kilo çəki itirəni də görmək mümkündür.
Təbii ki, bu cür arıqlamanın sağlamlıq baxımından hansısa ziyanı olub- olmaması müzakirə obyekti belə deyil. Çünki müzakirəsiz bu cür pəhrizlər insan orqanizmi üçün tamamilə ziyanlı və risklidir. Müxtəlif dərmanlar, çaylar, idman alətləri zaman-zaman xəyal qırıqlığına uğratsa belə, arıqlamaq arzusunda olanlar üçün hər zaman ikinci bir seçim mütləq olur.
Son dövrlər isə yeni bir pəhriz dalğası mövcuddur. Böyükdən kiçiyə hər kəsin adını eşitdiyi, möcüzəvi bir şəkildə insanı qısa bir zamanda arıqladan yeni pəhriz “dükan” adlanır. Pəhrizin müxtəlif ölkələr üzrə dietoloqlar tərəfindən müzakirəsi aparılıb və məlum olub ki, əsl pəhriz siyahısı zaman-zaman təhrifə uğrayıb və bu gün ölkədən asılı olmayaraq “dükan”a üz tutanların böyük bir hissəsi səhv pəhrizlə arıqlamaq üçün çalışır. İlk baxışdan olduqca zəngin yemək menyusuna sahib olan pəhriz əslində tamamilə zülaldan ibarətdir və demək olar ki, karbohidratlar qida rasionundan çıxarılır. Bu isə yerli əhalinin “yeməyi çörəksiz yesən, arıqlayarsan” məsləhəti ilə üst-üstə düşmüş olur.
Dietoloq Mehdi İsmayılov deyir ki, “dükan” ümumiyyətlə, uzaq durulması vacib olan pəhrizlərdən biridir. Səhv əməl edilən pəhriz orqanizmdə ciddi formada maddələr əskikliyinə gətirib çıxarır ki, yenidən bir vaxtlar imtina edilən qidalar qəbul edilməyə başlanıldığında atılan çəki sürətlə yerinə qayıdır. Hətta “dükan” pəhrizinin 4-cü mərhələsi “stabilləşmə”də qeyd olunur ki, “diqqət edin, verdiyiniz çəkini sürətli bir şəkildə geri ala bilərsiniz”. Əgər pəhriz insanı arıqladıb daha sonra bədəni o çəkidə saxlamaq üçün yararlı deyilsə, əgər insan pəhrizə bir ömür davam edəcəksə, o zaman “dükan” və bu kimi pəhrizlərlə yorulmağa ehtiyac yoxdur. Gündə 3 dəfə hər gün yeyilən porsiyanı yarıbayarı azaltmaq kifayətdir: “Pəhrizin ana maddəsinə fikir verdikdə görürük ki, pəhriz konkret olaraq qəbul edilməsi lazım olan qidaları siyahılayıb. Karbohidratdan ümumiyyətlə, xəbəri olmayan və bol zülal tərkibli pəhriz ilk günlər sürətlə, daha sonra 10 günə 1 kilo verməyi hədəf seçib. Fikir verin, rasionda meyvələr, kartof, çörək, mövsümi meyvə və tərəvəzlər, qarpız, yemiş, üzüm, qarğıdalı və bu kimi orqanizm üçün vacib olan inqridiyentlər yoxdur. Yerinə mal, dovşan, toyuq, balıq ətləri, yumurta, qaraciyər, süd məhsulları, ədviyyatlar və s. var. Olduqca ağır və zülal baxımından zəngin bir siyahı ilə bədəni zülal deposuna çevirən bir pəhriz nə vaxta kimi davam edər? Vitamin yox, mineral yox və pəhriz bitdikdə yenidən karbohidrata geri dönmək. Proteinli pəhrizlər orqanizmi yoran və insana psixoloji cəhətdən təsir edən pəhrizlərdir. Beynin işləməsi üçün karbohidratlar vacibdir və uzun müddət karbohidratlardan əskik olan pəhrizlər zehni bulanıqlıq, diqqət dağınıqlığı, əsəb və hissləri idarə edə bilməmə problemi, yuxu problem, ağız və diş xəstəliklərini yaradır. Eyni zamanda əzələ yorğunluğu və sümük əriməsi riski də mövcuddur”.
Dietoloqun dediyinə görə, bu cür pəhrizlər zamanı orqnizm ciddi formada karbohidrat aclığı çəkir və müəyyən bir müddət sonra karbohidrat qəbul edildikdə orqanizm çaşır. Sürətli bir şəkildə verilən çəki geri alınmaqla yanaşı diabet riski də artmış olur. Bu cür karbohidratdan zəif olan pəhrizlər katojenik pəhrizlər adlanır və normadan az qəbul edilən karbohidratların verdiyi boşluğa keton və asidlər yığılır. Bu isə qan tərkibini pozur və komaya kimi gətirib çıxarır: “Azərbaycanda ola bilər ki, artıq böyük bir kütlə, xüsusən gənclər “dükan”a əməl edir. Biz “təhlükəlidir” deyirik, amma günü-gündən enən çəki gənclərin bizi yox, “dükan”ı dinləməsinə səbəb olur. Necə ki, çörək və ağır qidalar bütün insanları kökəltmir, necə ki, bəzi pəhrizlər əksər insanlarda effekt verdiyi halda çox insanlara təsir etmir, eləcə də bu pəhriz ona əməl edən insanların hamısını məhv edəcək demək deyil. Amma heç kim yanlış pəhrizin fəsadlarından sığortalanmayıb. Əgər orqanizm heç bir xəstəlikdən əziyyət çəkmirsə, əgər hormonal olaraq heç bir problem yoxdursa, əgər insan qidasından kəsdiyi zaman qramla olsa belə çəki itirə bilirsə, bu o deməkdir ki, pəhriz lazım deyil. Sadəcə əzmli olub yeməmək, rasiondan ağır qidaları çıxarmaq, az yemək, amma hər şeydən yemək lazımdır. Süfrədən doymadan qalxmaq, yeməkdən əvvəl su içmək lazımdır. Kiçik məsləhətlərə əməl edərək çəkini stabil saxlamaq mümkün olduğu halda hansısa pəhrizə özbaşına əməl etmək risk etməkdir”.
Qeyd edək ki, pəhriz azdan-çoxdan balanslaşdırılmış olmalı, üzunmüddətli aclıq dövrü olmamalı, pəhriz qarışıq – həm bitki, həm heyvan mənşəli qidalardan ibarət olmalıdır. Pəhrizə əməl etmədən mütləq müayinədən keçməli və dietoloq nəzarəti altında başlayıb sonlandırılmalıdır. Əks halda insan xəbərsiz olduğu hər hansı bir xəstəliyi etdiyi özbaşına pəhrizlər sayəsində daha da şiddətləndirə və ağırlaşa bilər.
eskpress.az