Tibbdə səbəbi çox dəqiq bilinməyən xəstəlikləri əsasən multifaktorial (çoxsəbəbli) səbəblərlə əlaqələndirilər. Şizofreniya da səbəbi dəqiq bilinməyən xəstəliklərdəndir. Yaranmasında həm genetikanın, həm sosial stressin, həyat tərzinin, insanın tərbiyə olduğu mühitin rolu var. Son vaxtlarda bu xəstəliyin yaranmasında müəyyən mutasiyaları da günahlandırırlar. Misal üçün, hamiləlik dövründə ananın siqaretdən istifadəsi, spirtli içki və ya müəyyən dərmanların qəbulu, uşaqlıq dövründə qəbul etdiyi müəyyən dərmanların təsiri və s. kimi səbəbləri var.
- Klinik xəstəliklərdə görülən hansı maraqlı simptomatikalarla rastlaşmısınız?
- Çox rastlaşmışam. Məsələn, tik xəstəliyi ilə. Bu xəstəlikdən əsasən uşaqlar əziyyət çəkir. Bu xəstəliyin maraqlı xüsusiyyətləri var. Tik xəstəliyindən əziyyət çəkənlər özündən asılı olmadan qeyri-adi hərəkətlər edirlər. Misal üçün, çiyin oynatma, baş oynatma və ya səs çıxartma kimi. Səs çıxartma bəzən köpək hürməsi kimi, burun çəkməsi kimi də ola bilər. Bu səs çıxartma partlayıcı söyüş söymə kimi də özünü birüzə verə bilər. Misal üçün, uşağı gətirirlər ki, bu uşaq tərbiyəsizdir. Müayinə edib görürük ki, uşağın tiki var. Özündən asılı olmadan, partlayıcı şəkildə biyabırçı söyüş söyür. Uşağa baxırsınız. Normaldır, məktəbə gedir, hanısısa işlə məşğul olur və s. Amma özünü idarə edə bilmir. Bunun tik olduğunu ailə üzvləri və məktəb mühiti anlamır. Diqqət əskikliyi və ya hiperaktivlik sindromunun da maraqlı simptomatikaları var. İntelektual səviyyənin nisbi olaraq daha aşağı olan yerlərdə, rayon və kəndlərdə valideynlər hiperaktiv uşaqları dəcəl, nadinc kimi qəbul edərək döyülürlər. Amma bu uşaqları həkim müayinə etdikdə görür ki, onlarda hiperaktivlik sindromu var. Bu uşaqalrın müalicəyə ehtiyacı var. Bəsit bir müalicə ilə dəcəl uşaq bir-iki günə normal uşaq olur.
- Sizə daha çox hansı şikayətlərlə müraciət edirlər?
- Şikayətlər daha çox tiklərlə bağlıdır. Təşviş pozuntuları, depressiyaya görə də şikayət edənlər olur. Bundan başqa psixi gərginliklə, psixosomatik problemlərlə bağlı da şikayət edənlər olur. Məsələn, saç tökülmələri və ya bəzi dəri xəstəlikləri var ki, psixogenik mənşəlidir. Bəzi hallarda elə olur ki, xəstə baş ağrısından əziyyət çəkir. Həkim onun müayinə edəndə isə şiddətli ağrı verə bilən ciddi bir səbəb tapa bilmir. Və ya xəstə üəryindən şikayət edir. Ürəyində isə heç bir problem yoxdur. Bu tip ağrılar psixogenik mənşəlidir.
- Psixiatriyadan başı çıxmayan adama hansısa bir ağrının psixogenik olması qəribə gələ bilər. Siz onlara ağrılarının, narahatlıqlarının səbəblərini necə izah edirsiniz? -Belə xəstələrə sadə şəkildə vegativ sinir sistemini izah edirəm. Misal üçün, insan əlini, qolunu qaldırmağına nəzarət edə bilər. Amma ürək döyüntüsünə nəzarət edə bilməz? Və ya insan qan təzyiqini nəzarət edə bilərmi? İnsan mədə bağırsağın işləməsinə, qara ciyərinin qan süzməsinə, yağları parçalamasına və ya mədənin şirə ifrazına nəzarət edə bilərmi? Yox. Bunlar hamısı vegetativ sinir sisteminin nəzarətindədir. Bir balaca qorxan kimi, həyacanlanan kimi ürək döyünməyə başlayır. Bir az əsəbləşən kimi təzyiq qalxır və s. Mən xəstəyə izah edirəm ki, qorxu, əsəb emosiyadır. Bəs, emosiya bədəni idarə edə bilər? İdarə edə bilər, beyin yolu ilə. Emosiya da, bədən də beyinlə əlaqəlidir. Biz qorxduqda ürəyimiz tez-tez döyünür. Həyacan keçirmədiyimiz vaxt isə ürəyimiz normal ritmdə döyünür. Amma ürəyin döyüntüsü yerli-yersiz tezləşdikdə, səbəbsiz hər şeydən qorxduqda artıq burada xəstəlikdən söhbət gedir. Psixi sarsıntılar ağrılara, boğulmaya, dəri səpkilərinə və s. səbəb olur. -Psixi sağlamlığı qorumaq üçün nə etmək lazımdır?
- Psixi sağlamlığı qorumaq üçün düzgün həyat tərzi sürmək, stress və mənfi fikirlərdən uzaq olmaq vacibdir. Birinci növbədə narkotik vasitələr qəbul etməmək, spirtli içkilərin qəbulunda həddi gözələmək lazımdır. Psixi sağlamlıq üçün yuxu rejimi və düzgün qidalanma da vacib rol oynayır. Həddindən çox enerjili içkilər, kofe, tünd çay içmək də məsləhət deyil. Təmiz havada tez-tez gəzmək, aktiv həyat tərzi sürməyin xeyri isə əvəzsizdir. Ümumiyyətlə, bədənin sağlamlığını qorumaq vacibdir. Belə ki, bədənin sağlamlığını qorumaq psixi sağlamlığı qorumaq deməkdir.
dushunce.az