Havaların soyuması həm də xəmir yeməkləri “mövsümünün” başlaması deməkdir. Bilirik ki, bu dəfə sizinlə reseptini paylaşmaq istədiyimiz yemək də çoxlarınızın sevimli qidalarındandır. İndi isə reseptə diqqət yetirək, ev şəraitində lahmacunun hazırlanması qaydası ilə tanış olaq.
6-7 nəfərlik lahmacun hazırlamaq üçün bizə lazımdır.
Xəmiri Üçün:
1 xörək qaşığı maya
1 çay qaşığı şəkər tozu
1 stəkan ilıq su
4 stəkan un
2 çay qaşığı duz
Üstü Uçün:
25o q çəkilmiş qoyun əti
1 ədəd soğan
3 ədəd pomidor
1 dəstə cəfəri
3 diş sarımsaq
1 xörək qaşığı acı bibər tozu
duz
4 xörək qaşığı soyuq su
Xəmiri hazırlayaraq işə başlayaq. Bir qabda maya, şəkər tozu və yarım stəkan ilıq suyu qarışdırın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü örtün, özünə gəlməsi üçün 30 dəqiqəlik isti yerdə saxlayın Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan yarım stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın. Sonra yenə xəmirin üstünü dəsmalla örtüb 1 saat gözləyin. Xəmir gələnə qədər içi hazırlamağa başlayın.
İç üçün ayırdığınız bütün ərzaqları xırda-xırda doğrayıb üzərinə bibər tozunu və suyu əlavə edib yaxşıca qarışdırın.
Sobanı 230Cdək qızdırın. Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. Bıçaqla 6-7 hissəyə bölün. Sonra isə kündələrin birini unlanmış yerdə oxlovla açın və unlanmış qaba qoyun. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 6-7 dəqiqə bişirin. Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Yanına doğranmış limon və cəfəri qoyub süfrəyə verin.
Nuş olsun!
ailem.az