Bugünlərdə belə bir hadisə ilə rastlaşdım. Doğum evində bir ailə yeni doğulacaq nəvələrinin gəliş xəbərini gözləyirdilər. Və nəhayət bu xəbər gəldi. Ana, qaynana, qaynata, ata, qardaş, bacı hamı sevincindən və saatlardır çəkilən stress səbəbindən kövrəlir, göz yaşlarını saxlaya bilmirdilər. Bir xanım var idi aralarında. Nə qədər həyəcanlı olduğu duruşundan, əllərinin titrəməsindən, ilk dəfə qazandığı bibilik statusunun sevincindən ,qardaşına ilk övladının muştuluq xəbərini verərkənki səs tonundan təmamilə hiss olunurdu. Amma ətrafındakı hər kəs sevinc gözyaşları axıdarkən, birdən bu xanım digərlərinə üzünü tutdu və üzr istərcəsinə “nolar bağışlayın məni, mən ağlaya bilmirəm “ dedi!
Nə qədər qəribədir deyilmi? Bu cümlə məni o qədər düşündürdü ki… İlişib qaldı xəyallarımda. Həqiqətən də nə qədər müxtəlifdir insan həyatı, insan psixologiyası, insan xarakteri. Biri-birindən fərqli, fərdi, özünəməxsus, təkrarsız. Bəzən insanlara zahirən dəyər veririk, bir anda qiymət biçirik, bu “yaxşı”dır deyirik, bu “ pisdir” qərar veririk. Bu soyuq adamdır bundan dost çıxmaz, bunun saçı uzundur bundan “kişi” olmaz, o qisa ətək geyinib onda “qadın” lıq qalmaz, bu uşaq söyüş söydü ondan adam olmaz…
Önyarqılarımız bizi təpədən dırnaga günaha sürükləyir bəzən! Önyarqılarımız mərdi qova qova namərd edir hərdən. Sonra birşey olur, birşeylər baş verir. Sirr pərdəsi aralanır. Gerçəklər bəlli olur. Peşmanlıqdan çox başlar dəli olur… Onda anlayırsan, o soyuq adamın sənə min yol can deyəndən daha möhkəm dost olduğunu, onda dərk edirsən saçı uzun olanın saçı qısa şərəfsizdən min qat daha kişi olduğunu. Bir hekayə dinləyirsən bəzən. Bir həyat hekayəsi… Üzünə şillə kimi dəyən bir cümlənin nəhayətində anlayırsan qısaətək qadının, tanıdığın min qadından daha mərd olduğunu, daha “Xanım” olduğunu! Söyüş söyənin əslində uşaq deyil , ata olduğunu anladığın vaxt, səndən adam olmaz dediyin uşağın böyüdüyündə sənin uşağından daha adam olduğunu gördüyün vaxt, həyat öyrədir sənə! Başına vura-vura öyrədir! Qınadığın hər bir şeyin iç üzünü sənə göstərmədən dincəlməz həyat, sənə yaşatmadan uyutmaz həyat… Sən ha get yat, yatırtmaz həyat!
Əbəs yerə deyilməyib, “başqasını qınadığın vaxt, həyatı özünlə duelə çağırmış olarsan!”
Həyatı duelə çağırmayın, qalib gəlmədən buraxmaz həyat….
Fəridə Qasımova