BAŞ AĞRILARI, insanların gündəlik iş qabiliyyətini aşağı salır və onların həyatını cəhənnəmə çevirir.
Ağrılar bütün günü, hətta bir neçə gün də davam edir.
Son dövrlərdə artan stress, çətin həyat şəraiti, ekoloji çirklənmənin yaratdığı problemlər, ailədaxili konfliktlər, ofislərdə kompüter önündə oturaq işlər və s. kimi səbəblər insanlarda tez-tez BAŞ AĞRILARINDAN şikayətə səbəb olur. Qəbul edilən ağrıkəsici dərmanların təsirindən keçməyən bu BAŞ AĞRILARI, insanların gündəlik iş qabiliyyətini aşağı salır və onların həyatını cəhənnəmə çevirir.
Demək olar ki, hər kəsdə, lakin müxtəlif tezlikdə baş ağrılarına rast gəlinir. Bunun bir çox səbəbləri olsa da, bu səbəblərdən ən sıx rast gəlinəni GƏRGiNLiK və MiQREN tipində baş ağrılarıdır. Stressin və gərginliyin bol olduğu dövrümüzdə, onun yaratdığı bu problem insanları çox narahat etdiyi kimi, həm də çox maraqlandırır. Məhz bu səbəbdən gərginliyin yaratdığı baş ağrıları ilə mübarizənin və onun profilaktikasının vacib məqamlarından bəhs edəcəyəm.
Əvvəla qeyd etməliyəm ki, bu tip baş ağrılar zamanı adətən labarator və instrumental müayinələr heç bir dəyişiklik aşkar etmir. Bu səbəbdən, bir çox hallarda xəstənin yaxınları onun bu şikayətini – diqqət, qayğı tələb etmək, naz etmək, şıltaqlıq və s. kimi qiymətləndirirlər. Həqiqətdə isə xəstə güclü baş ağrılarından əziyyət çəkir, onu əhatə edənlərdən anlayış görmədikdə isə bu vəziyyət onun stressini daha da artırır və əhval ruhiyyə pozuntusu yaranmağa başlayır. Sonda hər şey depressiya ilə nəticələnir və xəstənin problemi daha da dərinləşir. Hətta bəzən xəstələr şəfa alacaqlarından ümidlərini kəsirlər və özlərini sanki, bununla yaşamağa məcbur hiss edirlər. Halbuki, bu baş ağrılarının qarşısını almaq və ondan qurtulmaq mümkündür.
Ağrının əlamətlərinə adətən ağrının ənsədən başlayıb, bütün alın və qaşların üstü nahiyyəsini əhatə etməsi, sıxılma hissi ilə yayılması, bir çox hallarda ürək bulanma ilə müşayət olunması aiddir. Ağrılar gün ərzində, hətta bəzən bir neçə gün davam edir.
Yaranma səbəblərini araşdırdığımız zaman birinci növbədə həddindən artıq stress və gərginlik, sonra qeyri-düzgün yuxu və qidalanma rejiminə, yeknəsək həyat tərzinə rast gəlirik. Belə olan halda bədənin və beynin qan dövranı pozulur. Sinir səviyyəsində əmələ gələn narahatlıq və qeyri sağlam həyat tərzi ilə bağlı sanki xəbərdar edən qoruyucu mexanizmimiz – AĞRI meydana gəlir.
Necə ki, bədənimiz həddindən artıq soyuğa məruz qalarsa, xəstələnir, eləcə də sinir sistemimiz həddindən artıq yukləndiyi vaxt “gərginlik baş ağrıları və MiQREN” adlandırılan bu xəstəlik yaranır. Və o, digər xəstəliklər kimi həm profilaktika ilə yaranmadan qarşısı alınır, həm də medikamentoz müalicə olunur. Həddindən artıq yuxu və ya yuxusuzluq, həddindən artıq ağır qidaların qəbulu və ya rejimsiz qidalanmaq, çox duzlu və şəkərli qidaların istifadəsi, qara çay və kofeinin ifrat dərəcədə qəbulu, hərəkətsizlik, tənəffüs etdiyimiz havada oksigenin azlığı, televizor, mobil telefon və ya kompüterlə bağlı uzun müddət diqqəti cəmləmək GƏRGiNLiK baş ağrılarına və MiQRENƏ səbəb olur.
Yuxarıda qeyd etdiyim səbəblərə diqqət edərək xəstəliyin yaranmasının qarşısını almaq olar. Stressi atmağa kömək edən yardımcı vasitələrdən masaj, təmiz havada gəzinti, su prosedurları və s. xəstəliyin profilaktikası və müalicəsində uğurla istifadə olunur.
Sağlam yaşamaq və həyat qabiliyyətini yüksəltmək məqsədi ilə, GƏRGiNLİK BAŞ AĞRISINDAN əziyyət çəkən insanlar vaxtında mütəxəssisə müraciət etməlidirlər.
dushunce.az