Noyabrın 10 -u tarixi dünya təqvimində “Ümumdünya Psixi Sağlamlıq Günü” kimi qeyd edilir.

Psixi sağlamlıq dedikdə tək psixi pozuntular nəzərdə tutulmur. Demək olar ki, belə pozuntusu olmayan insanların əksəriyyətində də psixi problemlər var. Psixi sağlamlıq-insanın öz daxili gücü,potensialı ilə gündəlik həyat fəaliyyətinin yaratdığı streslərin öhdəsindən gəlməsi və özü üçün hüzurlu vəziyyət yaratmasıdır. Ölkəmizdə praktik psixoloji xidmət demək olar ki,yeni-yeni təşəkkül yoluna qədəm qoyur. Nəyə görə son dövrlərdə psixoloji xidmət,psixologiya, psixoloq dəstəyi bu qədər aktuallaşıb? İnsanlar buna necə yanaşır? Yetəri qədər yararlana bilirlərmi?

Müsahibimiz, Psxiologiya və Konsultasiya Mərkəzinin rəhbəri , psixoloq Elnur Rüstəmov suallarımızın cavabı olaraq qeyd etdi ki , “Yaşadığımız dövr əvvəlkilərlə nisbətdə daha çox psixoloji gərginliyi, “egzistensional boşluğu” ilə seçilir. Hər şey var, ancaq heç nə yoxdur. Bu Varla Yoxun arasında isə insan həyatı axır. Bu gün fiziki sağlamlıqdan daha vacib psixi sağlamlığımızdır. Həyat hər addımda bunu bir fakt kimi qarşımıza qoyur. Sual olunur: Nə baş verdi? Nələr dəyişdi ki, psixi sağlamlıq əvvəlki dövrlərlə nisbətdə daha vacib oldu? Öncələrdə biz psixoloqsuz da keçinirdik. Heç bir problem də yaşamırdıq. Bəli, doğru qeyd edirsiniz. Ancaq nəzərə alın ki, indi nə o nənə-baba, nə də o ata-ana, nə də ki insanlararası real ünsiyyət qalıb. Sosial şəbəkədə mindən yuxarı dostu olanın real həyatda dərdləşməyə bir nəfəri belə yoxdur. Fərd qarşılaşmış olduğu problemi doğru istiqamətdə həll etməyəndə, çıxış yolu tapmayanda, onda müxtəlif psixoloji narahatlıq, özgüvən əksikliyi, panik atak, depressiya, fobiya yaranır. Bu da sonda fərdin ətrafdan təcrid olunmasına, özünə qapanmasına, ən sonda intiharına gətirib çıxarır. Bu gün psixoloji və psixiatrik problemlərin təsnifatında yeni-yeni xəstəliklər ortaya çıxıb. Ən geniş yayılanları depressiya, obsessiv-kompulsiv pozuntular, panik atak, fobiyalar və s. Ailədaxili cinayətlərin, intaharların, sayı isə o qədər artıb ki, gözardı etmək mümükün deyil. Əslində bütün bunların əsasında elə birbaşa psixoloji narahatlıqlar durur.”

Bəs elə isə cəmiyyətimizdə bu qədər psixoloji problemlər varkən, psixoloqa müraciət yetəri səviyyədədirmi? Psixoloq insanların psixi sağlamlıqlarına olduqca laqeyd münasibət göstərdiklərini də vurğuladı: “Bu sahədə ən böyük çətinliklərdən biri insanların psixoloji dəstəyə dırnaqarası baxmalarıdır. Psixoloq köməyini, psixoloji yardım məvhumunu düzgün dəyərləndirə bilmirlər. Sual olunur: Yaşadığımız evdə imkan olan kimi dəyişiklik edirik, qarderobu təzələyirik. Olsun. Özümüzə necə bu qədər diqqət edirikmi? İldə bir dəfə belə olsun psixoloq seansına qatılırıqmı? Yəqin əksəriyyət buna “Xeyr” cavabını verəcək. Səbəbini “bunun mənə faydası olacaq” düşüncəsi ilə əsaslandıracaq. Haqlıdır. Ancaq o halda ki, peşakar psixoloqun seansına qatılsın və nəticə əldə etməsin, bundan sonra qeyd etdiyi fikri irəli sürsün. İnsanların bir qismi hələ də psixoloqa getməyi psixi xəstə olmaq kimi dəyərləndirirlər. Ona görə də, problemi psixiatr, psixoloq dəstəyi ilə aradan qaldırmaqdan daha çox, digər sahədə çalışan həkimlərlə, bəzən isə falçı, ekstrasens köməyi ilə aradan qaldırmağa çalışırlar. İnsanlar anlamalıdır ki, psixoloq psixi sağlam insanla işləyir. Psixiatr da yalnız şizofrenləri müalicə etmir. Orta və yaşlı nəsil, qadınlara nisbətdə kişilər psixoloqa getməyi təqdir etmir. Bəzən psixoloji xidmət üçün belə xaricə gedirlər. Amma bu yanlış düşüncədir. Çünki Azərbaycanda yaşayan psixoloq bölgəni daha yaxşı bildiyindən diaqnozu da dəqiq qoya bilər. Bunun əsas səbəblərdən biri söhbətin anonimliyinə inamsızlıqla bağlıdır. Insanlar nəzərə almalıdır ki, psixoloq anonimliyə zəmanət verir və buna görə məsuliyyət daşıyır. Azərbaycanda məsuliyyətli psixoloq və psixiatrlar kifayət qədərdir”.

Insanlar arasında yayılmış fikirlərdən biri də budur ki, insan öz problemini özü həll edə bilmirmi, psixoloqa müraciət etmək vacıb şərtdirmi, öz gücü ilə insan depressiyadan və.s qurtula bilməzmi?

Psixoloq özü də bu suallarla tez-tez üzləşdiyini bildirdi. Qeyd etdi ki,”Bəzən insanlar problemlərinə ilişib qalır, fərqli yöndən baxa bilmirlər. Problemə bu cür subyektiv yanaşma isə qüsurlu dəyərləndirmə ilə bitir.Təsəvvür edin. Evdə bir təmir işi aparmaq lazımdır. Əgər mütəxəssis belə olmasanız zaman sərf edib bunu öyrənə və sonda evinizi təmir edə bilərsiniz. Ortada böyük zaman itkisi olacaq. Ancaq bu iş mütəxəssisə həvalə edildiyi təqdirdə həm zamana qənaət etmiş olarsınız, həm də psixi durumunuz daha sabit qalacaq. Bu bütün digər məsələlərə də şamil edilə bilər. Zatən insanın bacarmadığı bir şey yox, istəmədiyi şeylər var. Sadəcə bütün bunlar çoxlu zaman tələb etdiyinidən mütəxəssisə həvalə edilir. Mütəxəssis isə problemi qısa zaman kəsiyində həll edib, Sizlərin ixtiyarına buraxır. Psixoloq da insanın psixi həyatında baş verən narahtçılığı analiz edir, problemin nədən qaynaqlandığını, həll yolunun nədən ibarət olduğunu pasiyentə çatdırır. Sonradan eyni bir problemlə pasiyent qarşılaşarkən artıq özü-özünə yardımçı olur.”

Sonda isə Psixoloq həmkarlarını “Ümumdünya Psixi Sağlamlıq Günü” münasibətilə təbrik etdi və uğurlar arzuladı. ” Həll olunmayan problem yoxdu, hər şey problemə yanaşma tərzindən asılıdır. Baxdığınız yerdəsiniz! İstiqaməti doğru seçin. O zaman yaşamaq da Sizə zövq verəcək. İstiqamətiniz mübarək!”

Leave a comment

Your email address will not be published.