GƏRAY GƏRAYBƏYLİ : “Yersiz deyilən söz bəzən insana güclü fiziki zərbələrdən də çox təsir edə bilər!”

“Düşüncə” jurnalının bu sayının qonağı Respublikanın baş psixiatrı, ATU-nun Psixiatriya Kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəylidir.

  • Gəray müəllim, siz məşhur nəsildənsiz və biz bu nəsli incəsənət sahəsində tanıyırıq. Necə oldu ki, Gəray müəllim, incəsənəti deyil, tibb və psixiatriyanı seçdiz?
  • Yəqin ki, hər bir insanın həyatında onun ağsaqqalı, böyüyü vacib rol oynayır. Mənim üçün rəhmətlik babam – Azərbaycanın xalq artisti Ağsadıq Gəraybəyli məşhur adam olmayıb. Mən onun məşhurluğunu sonradan, artıq o, dünyadan köçəndən sonra bildim. Mənim üçün babam sadəcə çox səmimi, məni çox istəyən, yaşlarımızda böyük fərqin olmasına baxmayaraq, yaxın dostum olub.

Mən, uşaqlıqda xokkey və futbol həvəskarı idim. Valideynlərim mənə axşamlar televizora baxmağa icazə vermirdi. Deyirdilər ki, sabahsı məktəbə getməli, dərs oxumalıyam və s. Babamın otağında bir dənə balaca televizor var idi. Həmişə hamı yatandan sonra məni televizorda xokkey və futbola baxmağa çağırırdı. Rəhmətlik babam çox istəyirdi ki, mən onun addımlarıyla gedim. Mənim də teatrla müəyyən qədər əlaqəm vardı. Səhər valideynlərim işə gedirdi və mən babamla qalırdım. Çox vaxt babam məni teatra məşqlərə aparırdı. Mən səhnə arxası həyatı, məşhur adamları görürdüm.

Babamın altı nəvəsi vardı. Mən həm oğul nəvəsi idim, həm də bir yerdə yaşayırdıq, çox yaxın idik. Mən hiss edirdim ki, babam onun yolunu davam etdirməyimi istəyirdi. Nənəm isə istəmirdi. Deyirdi ki, “Bir aktyorumuz var bəsdir, uşağı bədbəxt eləmə!”. Bilmirəm o, nəyə görə belə deyirdi.

Sonra, hardasa 8-9 sinifdə oxuyarkən tibb elminə marağım yaranmağa başladı. Rəhmətlik bibim qızı məndən 6 yaş böyük idi. O, Tibb Universitetinə daxil olarkən mən onun anatomiya, farmakologiya kitablarını vərəqləməyə başladım və məndə tibb elminə həvəs yarandı. Psixiatriyaya gəlməyimin əsas səbəbkarı isə rəhmətlik Ağabəy Sultanovdur. Ağabəy müəllimin mühazirəsi mənə o qədər təsir etdi ki, nevrologiya ya da psixiatriyanı seçəcəyimi qərara aldım.

Psixiatriyanın seçilməsində yəqin ki, babamın da rolu var. Çünki psixiatriya sırf bir tibbi fənn olasa da, psixiatrın işi yaradıcılıq da tələb edir. İstər mühazirənin oxunmasında, istərsə də xəstə ilə münasibətdə, bəzən sən hansısa bir rola girməlisən. Misal üçün, xəstə gəlib deyir ki, “Mən danışmayacağam”. Deyirsən ki, “Nəyə görə?”. Cavab verir ki, “Heç kim mənə inanmır. Məni izləyirlər. Mənim yeməyimə zəhər qatırlar”. Görürsən ki, xəstə çox qapalıdır. Ünsiyyət qurmaq olmur. Amma onunla münasibət qurmaq üçün bir neçə dəqiqəlik, 10-15 dəqiqəlik hansısa rola girmək lazım olur. Bunun üçün mən xəstəyə deyirəm ki, “Bəli, mən inanıram ki, səni izləyirlər. Səni artıq bir-iki aydır ki, izləyirlər”. Bundan sonra xəstə ünsiyyət qurmağa başlayır.

Heç vaxt yadımdan çıxmaz. Çox cavan həkim idim. Növbələrdə qalırdım. Növbələrin birində məni təcili çağırdılar ki, bir nəfər xəstə hər şeyi vurub dağıdır. Qışqırır ki, “Məni bu dəqiqə buraxın, gedirəm”. Xəstə şüşəni də qırıb əlində saxlayır ki, ya özünü kəssin ya da ki, kiməsə hücum etsin. Mən də onu sakitləşdirmək üçün dedim ki, “Yaxşı, çıxmaq istəyirsən çıx. Amma heç olmasa icazə ver ki, sənin beynini rentgendən keçirək. Ondan sonra, lap indi get”. Xəstə də razılaşdı. Mən də tibb bacısına tapşırdım ki, aparatı, iynəni hazırlasın. Onun buraxılışını da yazsın. Bunu etməyimdə əsas məqsəd ona sakitləşdirici iynə vurmaq idi. Düzdür, kimsə deyə bilər ki, aldadırsız. Amma bunu xəstənin xeyrinə edirik. Xəstəyə sakitləşdirici iynə vurulur və xəstə yatır. Səhər xəstə oyananda artıq sakit olur və müalicəni davam etdirməyə icazə verir.

  • Bəziləri qeyri-adi davranışı olan insanları psixi xəstə kimi qəbul edirlər? Ümumiyyətlə, psixi xəstəliyi olan insanı sağlam insandan necə fəraləndirmək olar? Davranışı qəribə görünən insanları psixi xəstə adlandırmaq olarmı?
  • Qətiyyən yox. Bu sualın cavabını izah etmək üçün mənimlə baş verən bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Xatırlayıram ki, bir gün mühazirəmi bitirdikdən sonra otağıma qayıdanda dərs dediyim tələbələrdən 3 nəfər qızın tənginəfəs halda mənim kabinetimin qabağında dayandığını gördüm. Onlar həyacanla mənə dedilər: “Gəray müəllim, bizim sizə təcili sualımız var”. Mən də cavab verdim ki, “Nə baş verib?, Buyurun, soruşun”. Onlar da “Biz indi Semaşka xəstəxanasından gəlmişik. Dərsdə bir qrup yoldaşımız qəribə şeylər deyirdi. Gəray müəllim, biz öyrənmək istəyirik, bu normaldı yoxsa normal deyil?”, – deyə sual verdilər. Mən də onlardan qızın dərsdə nə danışdığına qulaq asandan sonra cavab verdim: “Bilirsiz, təkcə sizin mənə dediyiniz cümlə əsasında bu cür davranışın normal yoxsa patologiya olduğunu deməyə çətinlik çəkirəm. Mənə əlavə məlumat lazımdır. Amma bircə bunun üçün sizin ordan durub bura gəlməyiniz tam normal deyil”. Norma və patologiya arasında heç bir konkret sərhəd yoxdur. Düzdür, elə davranış formaları var ki, insan tibb universitetinin və ya psixologiya fakültəsinin tələbəsi olmasa da, həmin insana baxarkən onun normal davranmadığını deyə bilər. Bu qabarıq formaları nəzərə almasaq, norma və patologiya arasında konkret sərhəd yoxdur. Yəni fərdilik, temperament, xarakter xüsusiyyətləri fərqli və rəngbərəngdir. Ola bilsin ki, bir insanın davranışı kimsə tərəfindən qəbul olunsun, kimsə tərəfindən yox. Mən mühazirələrimdə tələbələrə misal gətirirəm ki, təzə alınmış bir kostyumda və ya paltarda evdən çıxdığınızı, çoxdan səbirsizliklə gözlədiyiniz hansısa bir dostunuzun və ya rəfiqənizin xeyir işinə getdiyinizi təsəvvür edin. Blokdan çıxanda kimsə sizin üstünüzə çirkli su tökür. Sizin reaksiyanız necə olacaq? Bu reaksiyaların çox olmasına baxmayaraq, bunları bir neçə qrupa bölmək olar. Biri deyəcək ki, “Nə, mənim üstümə su tökmüsüz? Mən o, adamı tapmamış, başına oyun açmamış, başına iki vedrə su tökməmiş sakitləşə bilmərəm. Nə toy, nə bayram? Toy da, bayram da yadımdan çıxacaq!”. Kimsə deyəcək ki, “Mən bunu yersiz bir zarafat qəbul edəcəyəm. Fikirləşəcəyəm ki, əsas məqsəd toya getməkdir. Gedib paltarı dəyişəcəyəm”. Kimsə pilləkənın üstündə oturub ağlamağa başlayacaq. Deyəcək ki, “Mənim bəxtim belədir də… Ayda, ildə bir dəfə harasa gedəcəyəm, bu da belə”. Bu reaksiyalar eyni qıcıq üzündən baş versə də cacablar müxtəlifdir. Fikir verin ki, birinci cavab verən adam üçün 3-cü adamın cavabı qətiyyən normal deyil. 3-cü adam üçün birincinin cavabı normal sayılmır.

İnsanların davranmasına şərait də təsir edir. Təsəvvür edin ki, yaydır, hava çox istidir. Çimərliklərin birində cavan oğlanın cavan qızla söhbət etdiyini, əlində dondurma da tutduğunu görürsüz. Əyinlərində isə çimərlik geyimləridir. Bu normaldır. Dayanıb söhbət edirlər. İndi həmin adamları, həmin gün və həmin görünüşdə Nizami Kinoteatrının qabağında təsəvvür edin. Onda nə edəcəksiz? Bu zaman psixiatriya xəstəxanasına zəng edəcəksiz? Düzdürmü? Nə dəyişdi? Şərait.

Qeyd edək ki, insanların davranışında adət-ənənələrin də rolu mühümdür. Misal üçün, Afrikanın müəyyən ölkələrinin özünəməxsus adət-ənənələri var. Bəzilərimiz bu adət- ənənələrə riayət edən adamlara baxanda onlarda şizoid əlamətlərin olduğunu deyə bilərik.

Heç vaxt yadımdan çıxmaz. Neçə ilin söhbətidir. Almaniyadan bir professor, psixiatr gəlmişdi. O vaxt mehmanxanalar o qədər də çox deyildi. Rəhmətlik Ağabəy müəllim də onun qeydinə qalmağı mənə tapşırmışdı. Bir psixiatrın evi boş idi, kirayə verilirdi. Biz də fikirləşdik ki, hələlik orada qala bilər. Almaniyadan gələn qonaq üç gün orada qaldı. 3 gündən sonra Almaniyadan gələn psixiatr yola düşəcəkdi deyə, onu sonuncu şam yeməyinə dəvət etmişdik. Şam yeməyi zamanı qonaq yaşadığı evin sahibinə deyir: “Bilirsən sənin qonşuların özünü anormal aparırlar. Mən səhər tezdən eyvana çıxanda üzbəüz binanın eyvanında gördüm ki, bir ana hansısa od parçasını yandırıb qızın başına fırlayır. Yəqin ki, bu zaman nəsə də deyirdi. Mən eşitməsəm də, dodaqlarının tərpəndiyini görürdüm”. Amma bizim üçün bu normal davranışdır. Belə ki, qadın üzərik yandırır. Bu bizim adət-ənənəyə uyğundur.

Bu sadaladığım səbəblərə görə də, psixiatrlar çox çətinliklə miqrasiya edib, başqa yerdə həkim işləyə bilirlər. Belə ki, psixiatriya üçün nəinki dili müəkəmməl bilmək, həm də etnopsixologiyanı bilmək lazımdır. Azərbaycanın özündə nə qədər bölgələr var. Biz hətta bəzi bölgələrdən olanların tam dediyini də anlamırıq. Misal üçün, xəstə hansısa ucqar kənddən gəlib. Onun ləhcəsini başa düşmək isə çox çətindir.

Ümumiyyətlə, norma və patologiya rəgbərəng qammadır. Yaşlı insan üçün normal olmayan şeylər cavanlar üçün normaldır. Vaxtılə, hansısa psixologiya üzrə mühazirədə tələbələrə 3 və ya 4 tarixi kitablardan parçalar oxunurdu. Bu parçalardan birində deyilirdi ki, “Əşi bugünkü cavanlar tamamilə bizim düzgün yolumuzla getmirlər. Azıblar. Bunların gələcəyi necə olacaq?”, 2-cidə də təxminən belə, 3-cüdə də cavanlara qarşı tənqiddir. Sonradan onların müəlliflərinin adları və yazıldığı tarixlər açıqlanır. Məlum olur ki, bu məlumatlar arasında bir neçə əsrlər var.

  • Bunu İ.S.Turgenev “Ata və oğullar” əsərində ümumiləşdirmişdi. Bu problem əbədi olaraq qalır.
  • Bəli, bəli. Bu problem həmişə qalır.

Ümumi götürsək insanın davranışını o zaman normal hesab etmək olar ki, davranış ilk növbədə özünə və cəmiyyətə heç bir ziyan gətirmir. Əgər bu əsas kriteri pozulursa, bu artıq qeyri-normal sayıla bilər. Psixi xəstəliyin konkret kriteriləri var. Psixiatriya elmində xüsusi beynəlxalq xəstəliklər təsnifatı hazırlanır. İndi ona İSD-10 deyirlər. Amerikada DSM-IV tətbiq olunur, indi artıq DSM-V çıxır və İSD-11 də hazırlanır. Bu kitablarda hər bir qoyduğunuz diaqnozun kriteriləri var.

  • Bu gün Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər, narahatlıqlar hansılardır?
  • Bilirsiz, dünyada psixiatriya elmində müəyyən tendensiyalar var. Dünyada olan tendensiyalar, dəyişikliklər, yaranan xəstəlikər Azərbaycandan kənar keçmir. Bu gün ilk növbədə depressiyaların və çox vaxt depressiyalarla bağlı olan intiharların sayı artır. Bu birinci tendensiyadır. Ikinci tendensiya stresslə bağlı olan xəstəliklərin artmasıdır. İndi ki, müasir təsnifatda bu xəstəliklər ayrıca qrupda birləşib.

Müasir dövrdə vaxtın məhdudiyyəti, daim tələskənlik, daim vaxt azlığı, səbirsizlik, yuxunun azalması, rejimin pozulması insanlarda psixi problemlərin yaranmasına səbəb olur. Vaxtilə insanlar saat 6-da evə gəlirdilər. İndi saat 6-da evə gələn adamlar azdır. Əksəriyyət saat 9-10-da evə yorğun vəziyyətdə qayıdır. Bu da öz növbəsində problemlər yaradır. Ümumiyyətlə, əsəb psixoloji gərkinlik artır.

İnsanın psixoloji müdafiəsi adlı mexanizmi var. Kiminsə psixoloji müdafiəsi güclüdür. Kimsə birtəhər dözür, kimsə stress keçirir, kimsə depressiyaya düşür, kimsə hipertoniya xəstəliyinə tutlur və s. Digər tərəfdən hiper informasiya da psixi narahatlıqların yaranmasına şərait yaradır. Biz bunu hiss etmirik, amma hiper informasiya artıq həyatımızın ən vacib tərkib hissələrindən biridir. Səhər duran kimi ya televizoru açırıq, ya radionu qoşuruq. Əl-üzümüzü yuya-yuya nəyisə dinləyirik. İnformasiyanı qəbul etmək prosesi gecə yatağımıza girənə qədər davam edir. Nəticədə də insan hiper informasiyadan yorulur.

Hal-hazırda xroniki yorğunluq sindromu o qədər də fiziki işlə bağlı yorğunluq deyil. Bu daha çox zehni yorğunluqdur və ilk növbədə əsəbiliklə, hiper informasiya ilə bağlıdır.

Konkret ciddi xəstəliklər də var. Məsələn, alsqeymer xəstəliyi. Azərbaycanda alsqeymer xəstəliyinə son 10 ildə diaqnoz qoyulur. Bu da artıq tibb elminin inkişafı ilə bağlıdır. 10 il bundan qabaq Azərbaycanda MRT yox idi. 15 il bundan qabaq Azərbaycanda KT (kompüter tomoqrafiyası) yox idi. Alsqeymer xəstəliyinə digər yaş demensiyası kimi diaqnoz qoyulurdu. Bu o demək deyil ki, alsqeymer xəsətliyi yox idi. Sadəcə indi bizdə daha incə diaqnostika metodları var. Xəstəni tomoqrammaya göndərib atrofiya zonalarını görəndə biz alsqeymer xəstəliyinin olduğunu təsdiq edirik.

Eləcə də, absessiv pozuntular həddindən artıq çoxalıb. Əvvəllər absessiv pozuntular bugünkü kimi çox deyildi. Ən qədim kitablarda bu pozuntular sayrışan hallar nevrozu kimi verilib.

  • Azərbaycanda dünənə qədər psixiatrlar psixoterapiya ilə də məşğul olurdular. Bu gün artıq psixologiya daha geniş tədris olunur. Daha çox psixoloqlar yetişdirilir. Gələcəkdə psixiatrlarla psixoloqların əməkdaşlığını necə görürsüz?
  • Bu əməkdaşlıq çox vacibdir. Gələcəkdə bu əməkdaşlığın çox uğurlu olacağını hesab edirəm. Bu sirr deyil ki, bütün dünyada psixi sağlamlıq məsələsi çox aktualdır. Ümumdünya səhiyyə təşkilatı, Avropa bankı, Dünya bankı, Beynəlxalq təşkilatlar, Avropa komissiyası Azərbaycana iki-üç ildən bir gəlib psixiatriya müəssisəsini yoxlayırlar.

Hər bir məktəbdə, hər bir cəmiyyətdə psixoloqların olması vacibdir. Lakin professional hazırlıq məsələsi nəzərə alınmalıdır. Hal-hazırda özünə psixiatr və ya psxioloq deyən qeyri-peşəkarlar çoxdur. Bəzən mən eşidirəm ki, kimsə hardasa 3 aylıq kurs bitirir və özünü psixoloq kimi qələmə verir. İnsanlar başa düşməlidirlər ki, bu məsuliyyətdir. Yersiz deyilən söz bəzən insana güclü fiziki zərbələrdən də çox təsir edə bilər.

  • Bu gün Azərbaycanda psixoloji mərkəzlərin fəaliyyətini necə dəyərləndirirsiz?
  • Hal-hazırda hər bir psixoloji xidmətin yaranması müsbət haldır. Məsələn, 5 il bundan əvvəl mənə xəstə və xəstənin qohumu müraciət edəndə psixoloji yardım almaq üçün onları hara göndərəcəyimi bilmirdim. Elə xəsətlər olur ki, onların gündəlik və ya həftəlik psixoloji yardım almağa ehtiyacları olur. Mənimsə buna vaxtım çatmır. Gündəlik gördüyüm xəstələrdən ən azı ikisini mütləq psixoloqun məsləhətinə göndərirəm. Ümumiyyətlə, psixoloji mərkəzlərin fəaliyyətinə insanların ehtiyacı var. dushunce.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər