Məktəblər açılır, uşaqlar da, ailələr də həyəcan içindədir. Məktəbə gedən uşaqların laqeyd yanaşdığı ən birinci nəsnə səhər yeməyidir. Məktəbə gedən uşaqların yüzdə 10-u demək olar ki, səhər yemək yemir. Halbuki günə səhər yeməyi ilə başlamaq böyüyən bədən və beyin üçün çox vacibdir. Beyin xüsusən qlükozaya ehtiyac duyar və qlükoza olmadığında yaxşı işləməz. Yeni şeyləri anlamaqda güclük çəkər, xatırlaya bilməz.
Səhər yeməyi vərdişi uşağa nələr qazandırır?Sağlamlıq. Səhər yeməyi yeyənlərin ümumi sağlamlığı çox yaxşı olur, çünki səhər yeyilən qidalar da sağlamlığa faydalıdır. Səhərlər yeyilən tam taxıl qidaları gün boyunca alınmayan lifləri təmin edir, zeytun, yumurta isə protein və sağlam yağlar baxımından son dərəcə faydalıdır.
Köklük. Bəzi uşaqlar xüsusən yeniyetməlik yaşında arıq qalmaq üçün səhər yeməyini yemirlər. Ancaq gün ərzində yediklərinin kalorisi sayəsində daha çox çəki almış olurlar.
Uğur. Səhər yemək yeyən uşaqlar məktəbdə daha bacarıqlı, diqqət və enerjisi daha yüksək olur. Yeni şeylər öyrənmək və imtahanda uğur qazanmaq üçün beynin səhər yeməyinə ehtiyacı var.
Səhər yeməyi necə olmalıdır?
Proteinlə zəngin bir səhər yeməyinə üstünlük verin. Yumurta, süd və pendir həm protein, həm də kalsium baxımından zəngin olduğu üçün istifadə edilməlidir. Uşaqlar kalsium yığmağa və sümüklərini qalınlaşdırmağa yetkinlik dövründən başlayır. Bu hal 20 yaşlarına kimi davam edir. Xüsusən qışda günəş işığı almağa imkan olmadığından D vitamini ilə zəngin olan yumurta mütləq yeyilməlidir. Anti xərçıng özəlliyi və immunitetə müsbət təsiri var.
Buğda, düyü, kakaolu dadlandırılmış taxıl yüksək qlisemik indeksə sahibdir. Yulaf kimi tam taxıl qidaları şəkəri yavaşca qaldırır və enerji ilə təmin edir. Qanda şəkər səviyyəsinin ani düşməsi uşaqların ruh halını və diqqət gücünü azalda bilər. Liflə zəngin olduğu üçün tam taxıl çörəkləri, yulaf kimi qidalar seçilməlidir. Badam, qoz, fındıq, təzə meyvə, quru meyvə, zeytun da səhərlər yeyilə bilər.
Səhər yeməyi üçün necə vaxt ayıra bilərsiz?
• Uşağınızın daha tez yatmasına çalışın.
• Elə vaxt yuxudan oyadın ki, səhər yeməyinə vaxtı olsun. Səhər yeməyini ailəlikcə edin. Bu uşaqlarda piylənmə riski az olur.
• Yoqurt və quru meyvə, tam taxıllı çörəklə pendir, ya yumurta, pomidorlu sendviç, meyvə, süd kimi yolda yeyə biləcəyi bir şeylər hazırlayın.