Fuad İsmayılov: PEŞMAN DEYİLƏM!

Düşüncə” jurnalının bu sayının qonağı Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılovdur. F.İsmayılovla psixiatriyanın incəlikləri, problemləri, müasir dövrdə ən çox yayılan psixi pozuntular, depressiya və onun səbəbləri barədə söhbətləşdik.

  • Uşaqlıqdan psixiatr olmağı arzulayırdınız?
  • Bilirsiniz, mənim başqa çıxış yolum yox idi. Çünki, həm mənim atam psixiatriya üzrə professordur, həm də mənim rəhmətlik anam həkim psixiatr olub. Mən bu mühitdə böyümüşəm. Başqa bir seçimim yox idi. Mən indi yavaşyavaş bunu dərk edirəm. Mən uşaqlıqdan psixiatriya və psixologiya üzrə kitablar oxumuşam. Hələ o vaxtdan mənim bu sahəyə marağım vardı. Mən heç vaxt psixiatr olduğum üçün peşman olmamışam.
  • İlk təcrübə illərinizi necə xatırlayırsınız?
  • Bizdə o vaxt internatura sistemi idi. Və bu sistemə uyğun olaraq məni ölkədəki ən böyük psixiatriya xəstəxanasına– Məştəğada yerləşən 1 saylı Respublika PsixiatriyaXəstəxanasına göndərirlər. Orada 2000 nəfər xəstə vardı.
    Mən işə cıxdığım ilk gün xəstəxananın birinci şöbəsinə gələndə bir oğlan mənə deyir ki, şöbə müdiri məzuniyyətdədir və o, müdiri əvəz edir. O, həm də əlavə edir ki, şöbədə 70 nəfər xəstə var: “Bu xəstələrin 35 nəfərini sən götür, 35 nəfərinə də mən baxım”. Mən də heç nə bilmirəm. İlk dəfədir ki, işə çıxmışam. Özümü itirdiyimə baxmayaraq oğlanla razılaşıram. Lakin işi necə görəcəyimi bilmirdim. Onda da mobil telefon yox idi ki, çətinlik olanda hər dəfə atama və ya anama zəng vurub məsləhət alım. Hansı xəstəyə nə deyəcəyimi, hansı dərmanları yazacağımı bilmirdim. Nəticədə çarəsiz qalıb dərmanlardakı göstəriciləri oxuyub, dərmanların təyin olunması barədə məlumatlar yığmağa başladım. Xəstələrlə mütəmadi maraqlanırdım. Yavaş-yavaş hansı xəstəyə hansı dərmanı təyin etməli olduğumu öyrənməyə başladım. Amma bir həftədən sonar həmin oğlan özü də məzuniyyətə çıxır. Və mən 70 nəfər xəstə ilə 52 gün tək işlədim. Bu da mənim ən böyük təcrübəm oldu. Psixiatriyanın nə olduğunu dərk etdim.
  • 52 çətin iş günü sizə nə öyrətdi?
  • Sovet dövründə bizə xəstələrə başqa cür yanaşmağı öyrədirdilər. Bizə deyirdilər ki, səndə ağ xalat var, bu zirehli geyim kimi bir şeydir. Sən xəstələrlə özünü çox sərt aparmalısan. Qoy onlar həkimdən qorxsun. Belə ki, psixi xəstəliklər, o cümlədən, depressiyadan tutumuş şizofreniyaya qədər kommunist ideolgiyasına uyğun gəlmirdi. Yəni ki, kommunistlər deyirdilər ki, Sovet İttifaqında hamı xoşbəxt olmalıdır: “Depressiya nə olan şeydir?” və ya “Şizefreniya nədir? Bizdə dəli ola bilməz!”. Ona görə bütün xəstələr cəmiyyətdən təcrid olunurdu. Xəstələrin cəmiyyətdə sərbəst yaşamağına imkan verilmirdi. Həkimlər xəstələrə yardım göstərmək əvəzinə əksinə çalışıblar ki, xəstələr xəstəxanada daha çox yatsın. Biz xəstələri evə tez buraxmaq istəyəndə bizə deyirdilər ki, “Siz niyə evə tez yazırsız? Qoy üç ayda yatsın, qoy beş ayda yatsın”. Lakin kommunist sistemi dağılandan sonra xəstələrə qarşı münasibət dəyişdi. Halhazırda həkimlər çalışır ki, xəstələrin şəraiti yaxşı olsun, xəstələr öz potensialını reallaşdıra bilsinlər və s. Avropanın Psixi Sağlamlıq üzrə Deklorasiyası da göstərir ki, psixiatriyanın və psixologiyanın əsas vəzifəsi insanların daha yaxşı yaşamasına çalışmaqdır.
  • İndi daha çox hansı psixi xəstəliklər yayılıb?
  • Bir neçə xəstəliklər var ki, onların yayılması həmişə stabil qalır. Misal üçün, təxminən 1 % insanlar şizofreniyadan əziyyət çəkir və bu rəqəmlər illərlə, onilliklərlə eynidir. Lakin bəzi xəstəliklər, məsələn, təşviş pozuntuları və ya depressiyalar çox geniş yayılır və ildən ilə artır. Statistikaya görə 2020-ci ildə depressiyadan olan itkilər ya birinci, ya da ikinci yeri tutacaq. Amma biz görürük ki, artıq bu gün depressiya ilə bağlı itkilər 2-ci yerdədir. Birinci yerdə isə ürək damar xəstəlikləridir.
  • Depressiyanın çoxalmasına hansı psixoloji amillər təsir edir?
  • Depressiya tez-tez stress nəticəsində əmələ gəlir. Müasir həyatda stresslər yavaş-yavaş artır. Misal üçün, gənclər yaxşı təhsil almaq və ya karyera qurmaq üçün çox əziyyət çəkirlər. İndi gənclər arasında daim rəqabət var. Ali təhsilli olmaq, xarici dil, kompüter bilmək, trenninqlərdən keçmək və s. tələb olunur. Əlbətdə ki, bütün bunlar stress yaradır. Biz Yaponiyada olanda gənclərdən problemləri barədə maraqlanmışdıq. Gənclər də çox oxumalı və işləməli olduqları üçün şikayət edirdilər. Onların sözlərinə görə, sutkada ən azı 15 saat oxumalıdırlar ki, proqrama çatsınlar. Bu böyük bir stress yaradır. Nəticədə depressiya və ya başqa xəstəliklər əmələ gələ bilər.
    Depressiyanın səbəbləri müxtəlif olur. Ola bilər ki, sırf bioloji səbəblər üzündən depressiya baş verir. Misal üçün, genetik olan depressiya və ya somatik xəstəliklərlə bağlı depressiya. Şəkərli diabetdən əziyyət çəkən insanların ən azı 33 faizi depressiyaya düşür. Var psixoloji faktorlarla bağlı olan depressiyalar. Məsələn, tənhalıq, boşanma, ailədə münaqişələr və başqa psixoloji problemlər də depressiya yarada bilər.
  • Depressiya kədərdən nə ilə fərqlənir? Çox vaxt adamlar əhvalı pis olanda da deyirlər ki, depressiyadayam. Əslində isə depressiyanın əlamətləri hansılardır?
  • Hər bir insanın ola bilər ki, bir – iki gün əhvalı pis olsun. Amma bu o demək deyil ki, insane depressiyadadır. Beynəlxalq Psixi Pozuntların təsnifatında göstərilir ki, iki həftə ərzində əgər depressiyanın üç əsas simptomlarından heç olmasa ikisi ilə əlavə simptomlardan da ikisi müşahidə olunursa, bu klinik depressiyadır. Qeyd edim ki, əsas simptomlara ruh düşgünlüyü, marağın və zövqün itirilməsi və ya enerjinin tükənməsi, əlavə simptomlara isə yuxusuzluq və ya yuxululuq, iştahasızlıq və ya iştahanın artması, özünə qarşı qiymətləndirmənin aşağı düşməsi, intiharla bağlı fikirlər, ümidsizlik, köməksizlik hissi, diqqətin azalması və s. daxildir. Klinik depressiyanın yüngül, orta və ağır dərəcəsi olur. Ən pis nəticəsi isə intihardır. Təəssüf olsun ki, depressiv xəstələrin 10-15 faizi intihar edir.
  • Depressiya müalicə olunurmu?
  • Buna baxmayaraq ki, depressiya geniş yayılmış bir xəstəlikdir, çox yaxşı müalicə olunur. Belə ki, 80 % xəstələri bir dərmanla müalicə edirik. Amma bu xəstəlik təkrar olunan xəstəlikdir. Əgər insanda bir dəfə depressiv epizod olubsa 50 % ehtimal var ki, o, yenə təkrar olunacaq. İki dəfə epizod olubsa, 70 % ehtimal var ki, 3-cü epizod da olacaq. 3 dəfə depressiv epizoddan sonar yenə bu baş veribsə, 90 % ehtimal var ki, bu gələcəkdə də təkrarlanacaq.
  • Psixi Sağlamlıq Mərkəzinin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Bu mərkəzdə hansı şöbələr fəaliyyət göstərir?
  • Bu mərkəzdə planlaşdırma şöbəsi, epidemialogiya və statistika şöbəsi, monitorinq və keyfiyyət təminatı şöbəsi, insan resusrlarının inkişaf şöbəsi və başqa şöbələr fəaliyyət göstərir. Planlaşdırma şöbəsinin işi təzə proqramlar, təzə xidmətlər üzərində işləmək, təzə standartlar yaratmaqdır. Monitorinq və keyfiyyətin təminat şöbəsi xidmətlərin monitorinqini aparır. Epidemialogiya və statistika şöbəsi isə psixi pozuntular haqqında statistic məlumatlar toplayır və onları təhlil edir. Mərkəzdə insan resusrlarının inkişaf şöbəsi də fəaliyyət göstərir. Bu şöbə mütəmadi trenninqlər həyata keçirir. Psixi Sağlamlıq Mərkəzində psixiatr və tibb bacıları ilə yanaşı, sosial işçilər, reabilitoloqlar və beş nəfər klinik psixoloq da işləyir.
    Bundan başqa, mərkəzdə təcili psixoloji yardım şöbəsi də fəaliyyət göstərir. Burada psixoloqlar çalışır. Mərkəzin tərkibində krizis xətti də yaradılıb. Biz ona “inam telefonu” deyirik. Hər gün insanlar bura zəng vurur, psixoloji problemləri ilə bölüşürlər. Mərkəzdə fəaliyyət göstərən digər bir şöbə isə reabilitasiya şöbəsidir. Bu şöbə ağır xəstələr üçün nəzərdə tutulub.
    Bilirsiniz ki, ağır xəstəliklər adətən gənc aşlarda başlayır. Bu insanlar xəstəliklərinə görə öz sosial qabiliyyətlərini yaxşı inkişaf etdirə bilmirlər. Ona görə də burada reabilitasiya prosesini keçmək onlar üçün faydalıdır. Qadınlar burada kulinariya ilə maraqlanır, yemək bişirirlər. Misal üçün, xəstə var ki, 16-18 yaşında xəstələnib. Bu gün isə onun artıq 30 yaşı var. Buna baxmayaraq, o, bilmir ki, necə özü üçün şorba bişirə, salat hazırlaya bilər. O, özünə qulluq edə bilmir.
    Bu Mərkəzdə isə onlar bunu öyrənirlər. Reabilitasiya şöbəsində bu xəstələrin itirilmiş və ya inkişaf etməmiş qabiliyyətləri bərpa olunur. Bu şöbədə art terapiya da var. Tədqiqatlar göstərir ki, insanlar incəsənətlə məşğul olanda problemlərini unudurlar. Elə adamlar var ki, uzun müddət, məsələn, 10-15 illərlə xəstə olmaqlarına baxmayaraq, burada nəsə çəkməyə və ya düzəltməyə başlayırlar. Onlar gözəl şeylər yaradırlar. Nəticədə onlarda özünə qarşı qiymətləndirmə artır. Onlar nəsə edəndə, düzəldən də başqa insanlarla da ünsiyyətdə olurlar. Bu reabilitasiya şöbəsi yalnız bizdə, bir də 1 saylı Respublika Psixiatriya Xəstəxanasındadır.
    Psixi Sağlamlıq Mərkəzində gündüz stasionarıda var. Ağır və kəskin vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulub. Bu çox müasir bir yardım formasıdır. Belə ki, xəstəxanada insan yatanda cəmiyyətdən təcrid olunur. Xəstə sosial əlaqələrini və qohumluq əlaqələrini itirir. Yavaş-yavaş öz bacarıq və qabiliyyətlərini itirməyə başlayır. Amma gündüz stasionarda müalicə alanda insan öz ailəsi ilə birgə yaşaya bilir. O, 2-4 saata qədər hər gün gəlib lazım olan dərmanları içir və ehtiyacı olduğu yardımı alır. Sonra öz ailəsinin və qohunlarının yanına qayıdır. İnsan psixi xəstəxanaya düşəndə isə fikirləşir ki, artıq mənim həyatım qurtarıb. Valideynləri və ya yaxınları dərd çəkir, qonşular da onu barmaqla göstərir ki, psixi xəstədir. Məhz bu “damğa”dan qorxduqları üçün xəstələr psixiatriya xidmətlərinə, psixoloqlara müraciət etmirlər.
  • Bəs, Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
  • Bu Mərkəzin rəhbəri Elnur Rüstəmov psixologiyanı dərindən bilən bir adamdır. O, çox savadlıdır və müasir düşüncə tərzinə malikdir. Onun yanında işləyənlər də işini çox yaxşı bilən mütəxəssislərdir. Onu da qeyd edim ki, E.Rüstəmov bu mərkəzdə başqa heç bir yerdə olmayan proqramları həyata keçirib.
  • Bu gün psixologiyaya münasibət necədir?
  • Əvvəllər psixoloqlara qarşı münasibət elə də yaxşı deyildi. Deyirdilər ki, kim Tibb Universitetinə qəbul ola bilməyibsə, psixologiyanı seçib. Amma indi belə deyil. Indi çox adam psixologiya üzrə kurslar da axtarır.A

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər