Autizm diaqnozu ilə mərkəzimizə bir uşaq gətirmişdilər. Onda bir sıra artıq hərəkətlər, göz kontaktının olmaması müşahidə olunurdu. Sözləri təkrarlayırdı, əmrlərə tabe olmurdu.

Yeni mühitə, yeni geyimlərə, yeni tanış olduğu insanlarla çətinliklə alışırdı. Autizmlə yanaşı olaraq uşaqda hiperaktivlik və isterik əlamətlər də müşahidə olunurdu.

İlk 4-5 dərs onun adaptasiya olunmasına, əmrlərin (gəl, otur, ver, qoy və s.) aşılanmasına, günlük planın tətbiq olunmasına həsr olunurdu.

Sonrakı dərslərdə onun inkişaf səviyyəsinə uyğun olaraq, işlərin tətbiqinə başlandı. Və iki aylıq seansdan sonra uşaqda ilkin dəyişikliklər müşahidə olunurdu. Əmrləri yerinə yetirir, “salam – sağ ol” deməsi formalaşmış, sadə özünəxidmət bacarığına yiyələnmiş, konkret yuxu və yemək rejimi formalaşmış, kiçik motorikası, passiv söz ehtiyatı orta səviyyədə inkişaf etmişdir.

Nəzərə alsaq ki, uşaqda autizm diaqnozu heç də yüngül formada deyildi, bütün bu göstəricilər irəliləyişin uğurlu olduğunu göstərir.

Həmin uşaq üçün aparılan pedaqoji işin təşkili qaydası “sadədən-mürəkkəbə” prinsipinə əsaslanırdı. Onun öz yaşı 4 yaş 2 aylıq olsa da İQ (ağıl yaşı) yaşı 1 yaş səviyyəsində idi. Onun yuxarıda qeyd etdiyimiz hərəkətlərinin aradan qalxmasının səbəbi intellektual yaşının artmasıdır.

Əziz oxucular, əgər sizin ailənizdə, qohumlarınızda, tanışların arasında autizm diaqnozlu uşaq varsa, onunla ev şəraitində aşağıdakı kimi işləməklə müəyyən dərəcədə irəliləyişlər əldə edə bilərsiniz:

  • kiçik motorikanı  (əl və barmaq) inkişaf etdirəcək oyunlar oynayaraq;
  • əmrləri aşılamaqla (al-ver, qoy, götür və s.)
  • salam- sağ ol öyrədin;
  • dəqiq günlük rejim tətbiq etməklə;
  • passiv söz ehtiyatı yaratmaqla.

Ən əsas isə unutmayın ki, uşağın diaqnozu nə olursa olsun, uşaq texnoloji vasitələrdən (televizor, kompüter və s.) uzaq olmalıdır. Uşaq öz işini çətinliklə etsə belə, özü yerinə yetirməlidir. Siz onu yerinə nə jaketini bağlayın, nə corabını geyindirin, nə də tökdüklərini toplayın. Ona məsuliyyəti bu xırda işləri gördürməklə tətbiq edə bilərsiniz.

Uşağın anasının da səhvi burada idi. O, uşağın paltarlarını geyindirir, demək olar ki, bütün işlərini onun yerinə özü edirdi. Bu da onun daha da ləngiməsinə səbəb olurdu.

Məsələhət görürəm ki, daha yaxşı nəticələr üçün mütəxəssis köməyindən yararlanın.

Məqaləmi dahi şəxslərdən birinin sözləri ilə bitirmək istəyirəm “Psixoloji narahatlığı olmayan insan yoxdur, bu narahatlığı aşan, onlarla yaşaya bilən insan vardır”.

FƏRİDƏ HƏSƏNOVA

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu,

inkişaf geriliyi üzrə mütəxəssis

Leave a comment

Your email address will not be published.