İnsan dünyaya gəldiyi ilk gündən etibarən başqa birinə möhtacdır. İnsan digərləri ilə ünsiyyyət quraraq sosiallaşmağa başlayır. Bu prosesdə insanın emosional sferası da formalaşmaşır. İnsanın emosional aləminin zənginliyi digər insanlarla olan ünsiyyətinə müsbət mənada təsir edir. İnsanın xoş bir təbəssümü, ürəkdən gülməsi onu başqa insanlara yaxınlaşdıran görünməz bağdır. Adətən zarafatcıl, baməzə, həyat sevər insanlarla ünsiyyətdən zövq alır və özümüzü belə insanların yanında daha rahat hiss edirik.
İnsanların çox güldükləri və xoşbəxt olduqları üçün həkimə müraciət etdiyini eşitmisiniz? Nə üçün gülümsəyir və ya necə gülürük? Gülmə duyğusu görəsən beynimizin hansı hissəsində yer alır?
Bütün bunları gelotologiya adlı elm sahəsi tədqiq edir. Gelotologiya (yunan sözü olub gelos-gülüş) gülmə haqqında sənətdir. Gülmənin insana fiziki və psixoloji cəhətdən təsirini incələyən gelotogiya elminin banisi Uilyam F.Fray hesab edilir.
Gülmə sənəti psixiyatristlər tərəfindən tibbi metod kimi təklif edilir. Beyində bəzi hissələrin zədələnməsi nəticəsində, nəzarət edilməyən gülmələr görülə bilər. Bəzən epilepsiyalı xəstələrdə bu cür gülmələrə təsadüf edilir.
1998-ci ildə “Nature” jurnalında nəşr edilən bir məqalədə elektrik cərəyanının qəhqəhə doğurması fikri irəli sürüldü. Gülmə ilə əlaqədar 3 hadisənin olması şərtdir.
Gülüşün olması üçün bir hadisənin olması şərtdir. Beyində duyğuların mərkəzi də limbik sistemdir.
Gülmənin gülmə kimi qavranılması da böyük əhəmiyyət kəsb edir.
Gülüşün olması üçün üz əzələlərini hərəkət etdirən motor hissə vacibdir. Əzələlər, əzələləri hərəkət etdirən sinirlər və sinir bağları da əhəmiyyətlidir.
Gülüşlə əlaqədar müəyyən məlumatlarımız olsa da, hələ də bu proses tam olaraq tədqiq edilməyib. Bəs görəsən psixiyatrist, psixoloqlar niyə gülmənin bu qədər əhəmiyyətli olduğuna inanırlar? Aşağıda qeyd olunanları oxuduğunuz zaman sizlər də buna inanacaqsınız.
Gülüşün faydaları
- Qəlb sürətlə döyünür.
- Tənəffüs dəyişir.
- Norokimyəvi maddə səviyyəsi dəyişir.
- İmmun sistemi canlanır, hərəkətə keçir.
- Gülmək idman qədər orqanizmə müsbət təsir edir. Qəhqəhə səhər idmanı ilə bərabər tutulur.
- Yüzlərlə insanın 20 illik tədqiqatı nəticəsində məlum oldu ki, gülmək onkoloji xəstəliklərə tutulmanın qarşısını alır. Bu ona görə baş verir ki, yaxşı əhval ruhiyyə, xüsusən gülmək hüceyrələri yeniləyir və bu hüceyrələr orqanizmin müqavimətini artırır.
Insan güldüyü zaman
- nəbzi dəqiqədə 120 vurur;
- beyin qan damarlarına gedən qanın miqdarı artır, bu da beynin fəaliyyətini artırır;
- beynin sol yarımkürəsi daha yaxşı işləyir, bu da yaradıcılığa müsbət təsir edir.
- gülüş adrenalin və kortizonu azaldır, stress azaldığı üçün immunitet qalxır.
- gülüş Vitamin C kimi bədənə təsir edir.
- gülmək qan təzyiqini aşağı salır, nəticədə insan özünü yaxşı hiss edir, bu infarktın və ürək xəstəliklərinin profilaktikasında çox əhəmiyyətlidir.
- Gülmək enerjimizi təkrar bizə qaytarır.
- Amerika universitetlərinin birində aparılan tədqiqatlardan birində müəyyən edilib ki, komediya izləyən insanlarda stresin azalması və ya yoxluğu, immunitetə cavabdeh hüceyrələrin sayında artım müşahidə edilmışdir.
- Uzun müddət gülən insanda həzm sistemi normallaşır, iştah artır.
- Gülmək yaxşı nəfəs hərəkətidir, nəfəsin gimnastikasıdır.
- Gülmək xüsusən idmanla məşğul ola bilməyənlər, yaşlılar üçün yaxşı idman növüdür.
- Beynin sağ yarımkürəsi gülüş mərkəzidir. Güldüyü zaman insanın aldığı nəfəs onun fiziki və psixi özünü yaxşı hissetməsinə səbəb olur.
- Gülüş ağciyəri öskürəkdən daha yaxşı təmizləyir, üz əzələlərinə masaj təsiri göstərir.
- Belə ki ha-ha-ha, ho-ho-ho səsləri bizi sakitləşdirir.
Gülmənin faydaları kimi zərərləri də var. Bəzi əməliyyat keçirmiş xəstələrə qəhqəhə atmaq məsləhət görülmür. Belə ki, hər şeyin çoxunun zərər olduğu kimi gülmənin də həddini bilmək lazımdır. Dahi Nizami Gəncəvinin dediyi kimi, “Bir inci saflığı varsa da suda, artıq içılən də dərs verir o da” prinsipini əsas tutmaq vacibdir. Təbəssüm bir çox münasibətlərdə açar rolunu oynasa da, şit qəhqəhə də münasibətlərin qırılmasına səbəb ola bilər.
Həyatınızdakı çətinliyin səviyyəsindən asılı olmayaraq çalışın gülərək, bir çox hadisənin stres verici tərəfini aza endirin. Stress səviyyəniz aşağı düşdüyü zaman düşünmə gücünüz artacaq və əhval ruhiyyəniz də yaxşılacaq. Unutmayın ki, insanlar emosional halları ilə bir-birlərinə təsir edirlər. Çalışın sizin gülüşünüz, ağıllı zarafatlarınız yadda qalsın. Həyatınızda ürəkdən güldüyünüz anları çoxaldaraq ətrafınızda xoş abu hava yaratmağa çalışın.
Mələk Kərimova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu