CƏNNƏT – mənim gözlərimdə….

   Bir dünya istəyirəm ki,yerin çoxu su,azı torpaq olsun.  Onda bütün insanlar dəniz görə bilərdi.  İnsanlar əlini tutan birisi olmayanda ayağını sığallayan dənizlə təsəlli tapa bilərdi.

  Bir dünya istəyirəm ki,hər yer yamyaşıl olsun.  Hündür binalar göy üzünü bağlamasın.  Uca dağlar buludlarla baş-başa versin.  Heç ayrılmayacaqmış kimi görünən sevgililər kimi.

   Bir dünya istəyirəm ki,insanların yarısı villalarda,yarısı daxmalarda yaşamasın.  Hamı eyni cür olan kiçik evlərdə yaşasın.  Onda heç kim “yuxarıda” olmazdı.

   Bir dünya istəyirəm ki, gecələrdə də göy qurşağı görünsün. Ki, evsizliyə məhkum olan uşaqlar gecənin qaranlığından qorxmasın.  Gecələr ağlayanların gözünə rəng gəlsin.

   Bir dünya istəyirəm ki,ulduzlar o qədər parlaq olsun ki, gündüzlər belə səmanı bəzəsin.  Gecələr sevgilisi yanında olmayan oğlan bir saatlıq görüşündə ulduzları onun gözlərinə oxşada bilsin.

   Bir dünya istəyirəm ki,orda fərqli dil olmasın.  Onda bəlkə o səfillikdə fəryad edənlərin nə deyərək bizi çağırdığını başa düşərdik.  Bəlkə kimsə həqiqətən onlara kömək etməli olduğumuzu anlayardı.

   Bir dünya istəyirəm ki,ölkələr olmasın.  Dünya şəhərlərə ayrılmasın.  Neçə ürəyi yarı bölən sərhədlər qoyulmasın.  Allahın yaratdığı torpağı “bizim” deyə heç kim sahiblənməsin.

   Bir dünya istəyirəm ki, üstünə “siqaret sağlamlığınıza ziyandır” deyə yazaraq gülünc halına düşən şirkətlər siqaret istehsal etməsin. Onda hələ balaca yaşda bu zibil ilə tanış olan gənc yaşamadığı bu günlərdə öz şəhzadəsini tapa bilərdi.

   Bir dünya istəyirəm ki,orda sərxoş “atalar” evə gəlib anaları döyməsin. Onda qızlar bütün kişiləri eyni bilib onlara nifrət eləməzdi.

   Bir dünya istəyirəm ki, orda qeybət olmasın.  Onda hər toydan sonra məclisdəki hər şeyi ölçüb biçən gombul arvadlar qızlarına daha yaxşı xasiyyət öyrədə bilərdi.

   Bir dünya istəyirəm ki,orda xəyanət olmasın.  Əli pul tutan “qeyrətli oğullar” gözünü açmamış qızların korluğundan istifadə edib onlara “sevgini” öyrətməsin.  “İş işdən keçib” deyə düşünərək hər gecə başqa yatağa yatanlar evlənərkən ailəsinin qızıl kimi evə həps etdiyi qızlar pəncərədən çölə baxıb möcüzə gözləməsin. Onda bəlkə sevgi deyəndə ağlımıza yalan yox,ürəyimizə ümid gələrdi.

   Bir dünya istəyirəm ki, orda qaydalar olmasın. Onda nazirin tək özü üçün yaşayan oğlu nazir, fəhlənin kitab oxumaq istəyən gözləri tozla dolan oğlu fəhlə olmazdı.

   Bir dünya istəyirəm ki, Qabil Habili öldürməmiş olsun.  Onda bəlkə nəinki qəlb qırmaq, qarışqanı əzəndə belə vicdan əzabı çəkərdik.

   Bir dünya istəyirəm ki, ailəsinin məcburiyyəti ilə bacısını öldürüb namusunu təmizlədiyini düşünən o adam taxta parçasından sülh simvolu olan göyərçin düzəltməyi həpsdə öyrənməsin.

   Bir dünya istəyirəm ki, cənnətlə cəhənnəmin mövcud olub olmadığını mübahisə edən o “din adamları” mübahisə etdikləri qədər ibadət etsinlər.

  Bir dünya istəyirəm ki, o rəngbərəng güllərlə bəzənmiş parklarda yetmiş yaşını ötmüş nənələr tum satmasın. Və ağır yük daşıyan qocaların yanından cavanlar etinasız ötüb keçməsin. Həmişə düşünmüşəm, bu yaşlı insanların dizinin dibində oturan nəvələrinə nağıl danışmaq vaxtı çatmışkən belə yüklərlə harasa tələsməyinin səbəbini. Sanki bir faydası varmış kimi…

   Bir dünya istəyirəm ki, qızıl balıq hamının arzusunu gerçəkləşdirsin. Çıraqdan çıxan o cin hər ölkəyə sevinc paylasın. Ağ göyərçinlər səmada rəqs etsin. Balaca uşaqlar doyunca səs-səsə verib qışqırsın.  Eyni binada heç kim bir-birini tanımazkən, məhlələrdə deyil, bütün şəhərlərdə hamı bir-birinə doğma olsun.  Sevgilisi onu 10 dəqiqə əvvəl tərk etmiş bir qız yoldakı qoca nənəyə baxıb gülümsəsin. Dörd divar arasında qalanlar sahillərdə quma bulansın.  Kasıblığından utanmadan qızın əllərindən yapışıb “səni sevirəm!” desin.  Yolda heç tanımadığı birindən yardım alanda ona “çox sağ ol” deməyi bacarsın.

   Mən istəyirəm ki,cənnəti özümüz yaradaq! Heç kimin ayağından tutub arxaya çəkməyək, əlindən tutub yanımıza çəkək. Facebookda gözəl statuslar yox,həyatda sevgimizi paylaşaq.  Divarlarda söyüş yamayaq,uğruna dastanlar yazılan sevgi yaşayaq.  Əsəbdən sevdiklərimizə qışqırıb qəlb qırmayaq, ən uca dağlardan gücümüzü hayqıraq! İnsanlara yad gözlərlə baxmayaq, bizə baxan gözlərdə sevinc oyadaq.  Ziyarət etmək üçün bayramları gözləməyək, hər günü bayram kimi yaşayaq.  Qayğı göstərmək üçün səbəb axtarmayaq, itirəcəyimiz gün gəlmədən hər an sevdiklərimizin qeydinə qalaq.  Ki, sonra peşman olmayaq.  İrəliləmək üçün başqalarının uğurunu oğurlamayaq,öz gücümüzlə qazanaq.  Yaratmaq üçün öldürmək istəmirəm,ümid ölməsin deyə səbəblər yaradaq istəyirəm. Bu ümidlə lazım gələrsə bir ömür yaşayaq…

 Ülkər Qəhrəmanova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər