“Gənc intihar etdi”, “Məktəbli canına qıydı”, “Ortayaşlı qadın özünü binadan atdı”, təssüflər olsun ki, son zamanlar bu sözləri daha tez –tez eşidirik.
Bəs görəsən insanları intihara sürükləyən nədir? Müasir zəmanədə, texnikanın inkişaf etdiyi bir dövrdə, insanların rahat yaşayışı üçün hər cür şərait olan bir vaxtda nə üçün insanlar canlarına qıyırlar? Bu suallara cavab tapmaq üçün psixoloq Elnur Rüstəmovla görüşdük. Onun Moderator.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik.
- Insanları intihara sürükləyən hansı səbəblərdir?
- Bir insan həyatı boyu bir- iki dəfə də olsa fikirən intihara cəhd edir. Yəni insanların bir qismi hər hansı problemdən çıxış yolunu intiharda görür desək yanılmarıq. Həyatımız hər an biz istədiyimiz kimi irəliləmir. Enişli –yoxuşlu, xoşbəxt və ya bədbəxt anları da olur. Ancaq bəzi insanlar bu problemlərlə mübarizə aparmadan intihar yolunu seçirlər. Bu bir az da insanların tipajı ilə, onların genetik faktoru ilə bağlıdır. Elə nəsil var ki, burada zaman – zaman intihar etmiş insanlar olur. Və bu da həmin nəsildən olan insanlarda intihara meyllilik kimi risk faktorlarına səbəb olur. Uzun müddət xəstəlikdən əziyyət çəkən insanlar, zərərli vərdişlərdən qurtulmaq istəyənlər də intihara təşəbbüs edirlər. Ən çox intihar edən insanlar isə depressiyada olan insanlardır. Depressiya birbaşa görünən xəstəlik deyil. Insan illərlə depressiyada ola bilər və bunun fərqinə varmaz. Bəzi insanlar isə intihardan silah kimi istifadə edir. Hər hansı problemin həlli üçün və ya diqqəti üzərinə çəkmək məqsədi ilə bu yola əl atırlar. Bu insanlar intiharla diqqəti çəkmək və ya müdafiə olunmaq istəyirlər. Buna imitasiya deyilir.
- İnsanların depressiyaya düşməsinə nə səbəb olur?
- Insanlar bugün müxtəlif səbəblərdən depressiyaya düşə bilərlər. Hətta ayrı-ayrı şəhərlərdə, fərqli məqamlarda insanların depressiyaya düşmə səbəbləri müxtəlif olur. Bugün Azərbaycanda orta statistik depressiya halları diqqətsizlikdən, ilgisizlikdən irəli gəlir. Sevgidə uğursuzluq, ailə daxili konfliktlər də insanları depressiyaya sala bilər. Bu səbəblər Azərbaycan üçün mövcuddur. Çox nadir hallarda Avropada bu səbəbdən depressiyaya düşmək halları olur. Belə qənaətə gəlmək olur ki, Azərbaycanda insanlar tam fərqli səbəbdən, məsələn İngiltərədə isə fərqli səbəbdən depressiya yaşayır. Hər bir insan xoşbəxt olmaq istəyir. Insan xoşbəxt olmaq üçün bunu daxilində hiss etməlidir. Bunu hiss etmədikdə insanın əhvalı dəyişir, ruh düşkünlüyü yaranır, depressiyaya düşür. Depressiyanın da növləri var. Var monopolyar depressiya. Biz il ərzində bir iki dəfə depressiyaya düşə bilərik və asanlıqla bu vəziyyətdən çıxa bilirik. Ancaq elə depressiya var ki, biz bundan çıxa bilmirik. Hər hansı problemi insan həll edə bilmir, depressiyaya düşür və bu hal onda uzun müddət davam edir. Məsələn iki insan sevgilidir, bunlar arasında ayrılıq yaşanır. Ayrılıqdan sonra insan həyatın davam edə bilmir. Onun özünə gəlməsi zaman tələb edir. Və insan özünə gəldikdə artıq itirdiyi zamana görə heyfslənməyə başlayır.
- Əsasən fəaliyyət göstərən, aktiv həyat tərzi yaşayan insanlarda depressiyaya düşmək halları müşahidə olunmur. Bu insanlarda işlə bağlı stress olur, ancaq onlar dinamik həyat tərzi yaşadıqları üçün depressiyadan uzaq olurlar. Insanlar depressiyaya düşdükdə bunun qarşısını almağa çalışmalıdırlar. Mütləq psixoloji dəstək alınmalıdır. Insan depressiyada olduğunu necə anlaya bilər? Bunun üçün müxtəlif testlər var. Bu testlərdən keçərək insan özünün depressiyada olduğunu anlaya bilər. Zanqın , Xamiltonun testlərindən istifadə edə bilərlər. Bu testlər vasitəsi ilə onlar hətta hansı dərəcədə depressiyada olduqlarını belə öyrənə bilərlər. Bizim insanlarda bu istiqamətdə maarifləndirmə olduqca zəifdir. Bizdə kiminsə depressiyada olduğunu gördükdə ilk sual bu olur: “nəyin çatmır?” Bu sualı verdikdə isə biz daha çox maddiyatı nəzərdə tuturuq. Depressiyada olmaq maddi problem yaşamaq deyil. Bu insanın daxili problemidir. Insan maddi cəhətdən tam təmin olunursa bu o demək deyil ki, o xoşbəxtdir. Bu mənəvi məsələdir. Çox təəssüflər olsun ki, bir qism insanlar özündən başqa hər kəsi xoşbəxt sanırlar. Həyatda hər kəsin özünə görə problemi var,elə bir insan yoxdur ki, onun problemi olmasın. Əslində problem bizi motivə edən bir varlıqdır. Biz önümüzə çıxan problemləri həll etdikcə ozümüzə olan güvənimiz daha da artır. Əsas insanların baxış bucağıdır. Problemə stimul kimi baxılarsa onun həlli də insane üçün daha asan olar.. Problemlər bizi gələcəyə götürə bilər. Elə insanlar da var ki, onlar problemsiz yaşaya bilmirlər. Bu da bir psixoloji problem kimi dəyərləndirilə bilər. Depressiyada olan insanların əksəriyyəti maddi təminatı normal olan insanlardır. Bu insanlarda mənəvi problemlər yaşanır ki, bu da onların həyatdan zövq almağına mane olur. Ola bilər ki, bu insanlara diqqət çox olsun. Amma onlar da bilirlər ki, bu diqqət nədən irəli gəlir. Adətən maddi cəhətdən imkanlı olan insanlara diqqət də çox olur. Sadəcə bu insanlar həyata tutacaq bir dəyər axtarırlar ki, bununla uzun müddət yaşaya bilsinlər. Insan xoşbəxtliyi öz içində hiss etməlidir. Ola bilər ki, o hansısa əşyanı əldə edər və xoşbəxt olar. Bu onun xoşbəxtliyi deyil. Daxildən gələn xoşbəxtlik tam fərqlidir. Insan yaşadığının fərqinə varır,insanlar üçün əhəmiyyətli olduğunu anlayır.
- Hansı yaş dövründə insanlar daha çox intihara meyl edirlər?
- İntihara cəhd müxtəlif yaş dövrlərində rast gəlinə bilər. Bu hal yeniyetmələrdə, orta yaşlı və ahıl yaşlı insanlarda müşahidə oluna bilər. Əsas odur ki, insan özü və ətrafındakıları bu situasiyada diqqətli olsunlar. Çox vaxt intihar edən insanın daxilində baş verənlərdən xəbərsiz olurlar, onun nə vəziyyətdə olduqlarının fərqinə varmırlar. Bu intihar ani bir anda baş vermir. Bu insanın daxilində uzun müddətə qərarlaşdırdığı bir prosesdir.
- Sosial problemlər intihara səbəb olurmu?
- Çox maraqlı sualdır. Bu haqda zaman- zaman fikirlər irəli sürülür ki, sosial problemlər intihara yol açır, əslində belə deyil. Sadəcə bizə belə bir fikri təlqin ediblər ki, sosial problemləri olan insanlar daha çox intihara meyl edirlər və biz də bunu qəbul etmişik. Analogiya aparsaq görərik ki, intihar inkişaf etmiş, sosial təminatı normal olan ölkələrdə daha çox baş verir. Intihar hallarının daha çox rast gəlindiyi yer Skandinaviya ölkələridir. Bu ölkələrdə həyat şəraiti yaxşıdır, demək olar ki, burdakı insanlar maddi problemlər o qədər də yaşamırlar. Burdan da belə nəticəyə gəlmək olar ki, intihar sosial problem deyil. Intihara cəhd edən insanlar psixoloji problemləri olan şəxslərdir. Ola bilsin ki, sosial problemlər qismən də olsa ona təkan versin. Məsələn indi abituriyentlər imtahana hazırlaşıblar. Valideyn övladından maksimum bal gözləyir və bunu da bütün qohum- əqrəbanın yanında hallandırır. Amma valideyn övladının içindən xəbərsizdir. Uşaq gözləntiləri doğrultmur və intihara cəhd edir. Bu sosial problem deyil.
Son zaman iki orta məktəb şagirdinin intihar etdiyini eşitdik. Axı bu sosial problemdən irəli gəlmir? Mən inanmıram o ailələrdə yemək və ya geyim problemi olsun. Bu alilərdə sadəcə övlad-valideyn münasibəti düzgün tənzim olunmayıb.
Daha bir ajiotaja səbəb olan intihar faktı Qarabağ qazisinin özünü övladlarının gözü önündə yandırması oldu. Ən təhükəli hal odur ki bizdə imitasiya var. Bir insan bir hərəkəti edirsə şüuraltı olaraq digərləri də bunu etməyə cəhd edirlər. Əslində o məsələ xüsusi qabardılmalı deyildi. Şüuraltı olaraq digər qazilər də başladılar bunu təkrarlamağa. Bunun kütləyə təzahür etməsi böyük problemdir. Insanlar düşünmürlər ki, bunu edirəm ölə bilərəm. Onlar məqsədlərinə nail olmaq üçün intihar etməyi qarşılarına məqsəd qoyurlar. Zaur Həsənov istəsəydi öz hüquqlarını bərpa edə bilərdi. Bütün hallarda yandırmaq, öldürmək çıxış yolu deyil. O insanın maddi problemi həll olundu. Bəs həmin ailədə atasızlıq sindromunu kim bərpa edəcək. O uşaqlara verilən travma necə olacaq?
Bugün bizim insanların bir problemi də fərd olaraq özlərini kapitala çevirə bilməməsidir. Bu böyük bir problemdir. Adi bir usta özünü kapitala çevirə bilirsə onun hər cəhətdən maddi vəziyyəti normal ola bilər. Bu istiqamətdə insanlarımız maarifləndirilməlidir. Insanlar öz peşələrini düzgün təqdim etsələr inanın ki, heç bir kəs maddi problem yaşamaz.
- Depressiyada olan kişilər daha çox intihara cəhd edirlər, nəinki qadınlar. Belə demək olar ki, qadınlar daha güclü iradəyə sahibdirlər?
- Ümumiyyətlə qadınlar kişilərdən daha çox intihara cəhd edirlər. Sadəcə onlar kişilərə nisbətən qəti şəkildə bunu etmirlər. Kişilər isə intiharı real həyata keçirir. Qadın dörd dəfə intihara cəhd edirsə, kişi bir dəfə dəqiqləşdirir və istəyinə nail olur.
- Insanlar depressiyadan qorunmaq üçün nə etməlidirlər?
- Insanlar bu sahədə maarifləndirdikcə onların intihara qarşı immunitetin qaldırmış olarıq. Insanlarımız bugün müasir texnikanın inkişaf etdiyi bir dövrdə yaşayır. Onları həyata bağlayan məfhumlar zaman- zaman dəyişir. Düşünürəm ki, biz insanları maarifləndirsək bu problemin də həllini tapmış olarıq. Sırf psixoloji istiqamətdə yaxşı olardı ki, mütəmadi olaraq seminarlar keçirilsin, broşurlar paylansın. Əgər insanların problemi varsa onlar mütləq psixoloji dəstək almalıdırılar. Yaxşı olardı ki, bu mütəxəssislər tərəfindən həyata keçirilsin. Əfsuslar olsun ki, bu situasiyalarda insanlar təyinata xas olmayan sahələrə müraciət edirlər. Əgər insan depressiyadadırsa onu ekstrasense, falçıya cin çıxarmaya yox, psixoloq yanına aparmaq lazımdır. Insanlarımız bu istiqamətdə maarifləndirmək lazımdır. Maarifləndirmə kor koranə şəkildə deyil, müəyyən bir layihə çərçivəsində həyata keçirilməlidir. Yaxşı olardı ki, xarici ölkələrdə olduğu kimi, biz də də ailə psixoloqları fəaliyyət göstərsin. Orta məktəblərdə bir psixoloq deyil, bir neçə psixoloq uşaqlarla psixoloji iş aparsın, onlar üçün xüsusi otaq ayrılsın. Bu işə məsuliyyətli yanaşmaq lazımdır. Məktəblərdə çox zaman praktikası olmayan psixoloq işləyir ki, bu da gözlənilən effekti vermir. Amma bizim dövlət və QHT lər də bu sahədə fəaliyyətsiz deyillər. Səhiyyə Nazırliyi bu sahədə yetərli addımlar atır. Lakin düşünürəm ki, bu addımları daha da genişləndirmək lazımdır. Maarifləndirmə aparıldığı təqdirdə problem qismən də olsa tənzimlənəcək. Bu istiqamətdə qanun qəbul olunsa daha yaxşı olar.
- Psixoloji problemləri olan elə insanlar var ki, sadəcə maddiyat üzündən müraciət edə bilmirlər. Düşünürsünüz ki, qiymətlər insanların büdcəsinə uyğundur?
- Mən deməzdim ki, bizdə qiymətlər bahadır. Psixoloq bir xəstəyə bir saat vaxt sərf edir. Bunun müqabilində də 25-30 AZN pul ödənilir. Ancaq elə insanlarımız var ki, hansısa məhşur müğənnini toya dəvət edib, ona yarım saata 5 min, 10 min pul ödəyirlər. Mənim fikrimcə bu qədər pulu ödəməyə imkanı olan insan psixoloq pulunu da rahat ödəyə bilər.
Bizdə çox insanlarar Azərbaycanda psixoloq yanına getmir. Xarici ölkələrdəki psixoloqlara üstünlük verirlər. Külli miqdarda pul tökürlər, nəticədə isə heç bir effekt əldə etmədən geri dönürlər. Bu insanlara anlamırlar ki, o ölkədə insanların psixoloji problemləri başqadır, burda tam başqadır. Olkələrdə olan psixoloji problemlər oranın adət ənənlərinə, mental dəyərlərinə əsasən formalaşır.
Bizim insanların bir xüsusiyyəti də falçılara, ekstrsenslərə çox inanmaları və bunun nəticəsində də onlara külli miqdarda pul xərcləmələridir. Hətta mənim yanıma elə insanlar gəlir ki, onlar hansısa problemi həll etmək üçün ekstrsenslərə xeyli pul ödəyib, heç bir nəticə əldə etməyib son ümid kimi bura gəliblər. Elə şeylər var ki insanlar ora rahatlıqla pul xərcləyirlər. düşünürlər ki, bir dəfə pul ödəyəciyik, bununla da problem həll olunacaq. Ancaq fikirləşmirlər ki, bu problem bir dəfəyə yaranmayıb ki, bir dəfəyə də həll oluna bilər.
Moderator.az