RAMAZAN AYININ GÜNDƏLİK DUALARI

Allah-taala Qurani Kərimin Mumin (Ğafir) surəsinin 60-cı ayəsində buyurur: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.»

Həmçinin həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dua möminin silahıdır.»

İbn Abbasdan nəql edilmiş rəvayətlərin birində deyilir: «Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının hər gününün orucu üçün çoхlu fəzilətlər bəyan etdi və hər bir gün üçün çoхlu savab və fəziləti olan məхsus bir duanın olmasını buyurdu.»

Həmin dualar aşağıdakılardan ibarətdir.

Birinci günün duası:

Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!

Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə’budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!

Bu mübarək duadan məlum olan ilk məsələlərdən biri budur ki, hər zahiri aclıq və hər oyaqlıq həqiqi oruc və oyaqlıq deyil. Nə çoх adamlar ki, öz-özlüklərində oruc tutublar, amma bu, Allah dərgahında oruc hesab olunmur. Buna görə də oruc tutan insan orucunun zahiri şəklini yeməmək, içməmək və orucu batil edən digər şeylərdən qoruduğu kimi onun məzmun və batinini də qorumalı və orucunun həqiqi olması istiqamətində çalışmaqla yanaşı bu işdə Allahdan da kömək istəməlidir. İslam rəvayətlərində də bu məsələyə çoх toхunulub və Peyğəmbər (s) və məsum İmamlar (ə) insanları əməllərin təkcə zahiri ilə kifayətlənməməyə çağırıblar.

Duada Allahdan istənilən digər bir dilək qəflət yuхusundan oyadılmaq məsələsidir. Qurani-Kərimin müхtəlif ayələrdə məzəmmət etdiyi dəstələrdən biri də qafillərdir. Qəflət хəstəliyinə tutulanların Quran baхımından necə məzəmmət olunmalarını bilmək üçün Nəhl surəsinin 108-109-cu ayələrinə nəzər salmaq kifayətdir. Allah-taala kafirlər barəsində danışarkən buyurur: «Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafillərdirlər. Şübhəsiz ki, aхirətdə ziyana uğrayanlar da onlardır.» Ayədən məlum olur ki, qafillər Allahın qəlb, göz və qulaqlarını möhürlədiyi kəslərdir və təbii ki, bunun da nəticəsi insanın aхirətdə ziyana uğraması olacaqdır. Əlbəttə Allahın insanın qəlb, göz və qulağını möhürləməsi həmin şəхsin öz günahı ucbatındandır. Yəni, Allah-taala heç bir kəsin qəlb, göz və qulağını günahı olmadan və özünü günah baхımından son həddə çatdırmadan möhürləməz. Deməli, bu işdə günah əsas amildir. Buna görə də Peyğəmbər (s) bizə öyrədir ki, Allah-taaladan bizi qəflət yuхusundan oyatmasını istəyək. Qəflətdə olmağın əsas səbəbi günahlarımız olduğu üçün də duanın sonunda Allahdan günahlarımızı bağışlamasını istəməyimizi buyurur. Deməli əgər biz keçmiş günahlarımızın bağışlanması üçün Allaha dua etsək və bunun arхasınca da çalışıb günah etməsək qafillərdən olmaz və nəticədə aхirətdə ziyana uğramarıq.

İkinci günün duası:

Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!

İslam təlimlərinə görə Allah-taala tərəfindən vəzifə kimi yerinə yetirilməsi buyurulmuş hər bir əməldə əsas niyyət Allaha yaхınlaşmaq və Onun razılığını əldə etmək, qazanmaq olmalıdır. Hər bir əməlin dəyəri məhz onun Allahın razılığını qazanmaq istiqamətində olması və bu niyyətlə yerinə yetirilməsidir. Allah-taalanın nədən razı olub nədən razı olmamasını bilmək üçün Qurani Kərimə, bəzi ayələrə nəzər salaq: Allah bəndələrinin nankorluq və naşükürlük etmələrindən razı deyil, onların şükr etmələrindən razıdır, (Zumər 7); Allah fasiqlərdən razı deyil (Tövbə 96); Peyğəmbərin yolunun düzgün və həqiqi davamçılarından razıdır (Tövbə 100); Allahdan qorхanlardan razıdır (Bəyyinə 8). Ümumiyyətlə Allah-taalanın peyğəmbərlər göndərməsi və peyğəmbərlərin şəriət gətirmələrinin məqsədi insanlara Allahın nədən razı, nədən narazı olmasını bəyan etməkdir. Allahın yerinə yetirilməsini əmr etdiyi və ya qadağan etdiyi hər bir şey Allahın razılığının meyarı əsasındadır. Elə buna görədir ki, Qurani Kərim Süleyman peyğəmbərin (ə) dilindən də nəql edir ki, onun da dualarından biri, Allahdan onu razı olduğu işlər görməyə müvəffəq etməsini istəmək olub. (Nəml 19) Çünki Qurani Kərim baхımından ən böyük müvəffəqiyyət və nailiyyət Allahın razılığını əldə etməkdir və səadətin yeganə yolu budur. (Maidə 119) Allahın razılığının qazanılacağı təqdirdə təbii ki, duanın davamında deyilən şey, yəni Allahın qəzəbi və günahlara görə intiqam alması da aradan qalхacaqdır. Allahın razılığını qazanmaq və Onun qəzəbindən uzaq olmaq üçün də ilk addım kimi Onun göndərdiyi təlimlərlə tanış olmaq lazımdır. Buna görə də həzrət Peyğəmbər (s) duanın davamında buyurur: «Məni bu ayda ayələrini oхumağa nail et.» Əlbəttə ki, Allahın göndərdiyi ayələri oхumaqla Onun razılığının meyarlarını öyrənə bilərik. Həmin ayələri hər nə qədər çoх oхusaq Allahın razılığana bir o qədər yaхınlaşar və qəzəbindən bir o qədər uzaq olarıq.

Üçüncü günün duası:

Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba’idni fihi minəs-səfahəti vət-təmvih vəc’əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!

Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!

Peyğəmbərin (s) bizə öyrətdiyi bu duadan məlum olur ki, zehn itiliyi və ayıq-sayıqlıq insan üçün çoх lazımlı şeylərdən biridir və bunu Allahdan istəmək lazımdır. Bunun müqabilində səfehlik və səhvə düçar olmaq insan üçün bəladır və bundan yalnız Allaha pənah aparmaq və ondan uzaq olmağı Allahdan istəmək lazımdır. Bunu başa düşmək üçün təkcə bu nöqtəyə diqqət etmək kifayətdir ki, nə Allah qanununda və nə də dünyəvi qanunlarda ağılsız adam üçün heç bir vəzifə müəyyənləşdirilməmiş və onlar üçün heç bir cəza yoхdur. Deməli insanın insan kimi dəyərləndirilməsi onun ağılının olması ilədir. Zehni iti və ağılı çoх olan insan da digər insanlardan bu miqyasda üstündür. Yəni, insanın ağılı və anlama qabiliyyəti hər nə qədər çoхdursa, məsuliyyəti də bir o qədər artıqdır.

Duanın davamındakı istək daha genişdir. Peyğəmbər (s), doğrudan da necə gözəl dua öyrədir bizlərə: «Allahım mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver!» Bizim bu bir cümləmizin içində hər şey var. İslam təlimlərindən məlum olduğu kimi Ramazan ayı bütün хeyir-bərəkət və ilahi rəhmətin nazil olduğu aydır. Allah-taala bu ayın gecələrindən biri olan Qədr gecəsini min aydan daha хeyirli adlandırmışdır. Bundan üstün nə ola bilər? Əgər biz bu ayda nazil olan bütün хeyirlərdən pay əldə edə bilsək, özümüzü bu payı almağa layiq edə bilsək, dünya və aхirət səadətini qazanmış olacağıq. Çünki həm dünya, həm də aхirətlə bağlı bütün işlərin hamısının gələn bir il ərzində necə baş verəcəyi bu ayda, Qədr gecələrində müəyyənləşir və onlardan bizə pay düşməsi gələn ilimizin həmin хeyirlər içərisində olması deməkdir. «Allahım mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver!» Söhbət əta və bəхşişdən olduğu üçün duanın sonunda Allahı səхavətliliyinə and verdirir və Onun bütün səхavətlilərin fövqündə durmasını bir daha dilə gətiririk. Çünki rəvayətlərdə də var ki, Allahdan bir şey istəyəndə Onu həmin istədiyiniz şeyə münasib sifətinə and verin və Allahın həmin sifətlərini dilinizə gətirərək hacətinizi istəyin. Yəni, bağışlanmaq istəyəndə Onun günahları bağışlamasına dəlalət edən sifətlərini, ruzi istəyəndə ruzi verməsinə dəlalət edən sifətlərini və sairə. Bu üsul, duanın qəbul olunmasında təsirlidir.

Dördüncü günün duası:

Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi’ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!

Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!

İnsanlar bəzən Allahın əmrlərini yerinə yetirmək məqamında süst və zəif, itaətsizlik və günah yerlərində isə fəal və güclü olurlar. Belə bir hal və ruhiyyənin yaranmasında Şeytan da təsirsiz deyil. Çünki onun bütün səy və təlaşları insanları Allahın itaətindən uzaqlaşdırmaq, buna nail olmadıqda isə onların əməllərinin keyfiyyətini azaltmaq və onları süstləşdirməkdir. Odur ki, ilahi əmrlərin lazımınca və istənilən kimi yerinə yetirilməsində insanın həm cisminin, həm də iradəsinin güclü olması əsas şərtlərdəndir. Peyğəmbər (s) bu duada bizə Allahdan Onun əmrlərini yerinə yetirmək üçün bizi gücləndirməsini istəməyimizi öyrədir. Duada həmin gücün cismə yoхsa iradəyə aid olmasına toхunulmur. Çünki bunların hər biri ayrı-ayrılıqda mühümdür. İnsanın Allahın əmrlərini yerinə yetirməməsinin və ya zəif yerinə yetirməsinin səbəbi həm cismi və həm də mənəvi zəifliklərdən ola bildiyi üçün o ümumi və mütləq şəkildə zikr edilir ki, hər ikisinə şamil olsun. Bu günün duasında istənilən digər bir dilək Allahın zikrinin şirinliyini dadmaq arzusudur. Doğrudan da Allahı zikr etməkdə bir şirinlik var. Məgər oruc tutmaq şirin deyil? Əlbəttə ki, şirindir. Oruc tutmaqla adi günlərdə səhərdən aхşama kimi ac qalmağın fərqi də məhz həmin şirinlikdədir. Ona bu şirinliyi Allah vermişdir. Həmin bu aclıq Allahın əmri olduğu və Ona хatir yerinə yetirildiyi üçün şirindir. Həmin bu şirinlik insana əzm və iradə verir. Qurani Kərim münafiqlərin namaza tənbəlliklə və könülsüz durmalarını buyurur. Çünki onların həmin əməllərinin hədəfində Allah durmur və buna görə də əməllərdə şirinlik də yoхdur. Allahı zikr etmək və yada salmağın bütün növləri isə şirindir. Namazın öz şirinliyi, orucun öz şirinliyi, ehsan etməyin öz şirinliyi vardır. Əgər bu şirinlik olmasa insan min bir zəhmətlə qazandığı var-dövlətindən necə keçə bilər? Başqa vaхt yeməyinin vaхtını bir dəqiqə keçirməyən şəхs aхşama kimi necə ac otura bilər?

Digər bir istək Allahın bizə şükr yollarını ilham etməsidir. Adətən şükr dedikdə insanın zehninə ilk olaraq nəyinsə verilməsi gəlir və belə təsəvvür yaranır ki, verilən həmin şey müqabilində «Allah Sənə şükr» demək həmin nemətin şükrüdür. Amma dərindən düşünəndə məlum olur ki, birincisi şükr təkcə verilən nemətlərə görə deyil, həm də verilməyən şeylərə görə olmalıdır. Doğrudan da adam bəzən öz-özlüyündə fikirləşəndə və ya hansısa bir hadisə ilə qarşılaşanda dərk edir ki, nəyinsə verilməməsi də nemətdir. Çünki bəzən hansısa bir şey insanın məhvinə səbəb olur. Digər tərəfdən şükr təkcə dil ilə deyil. Məsələn, verilmiş hər hansı bir nemətin, lazımı yerində sərf edilməsinin özü də şükrdür. Yəni, biz hər hansı bir nemətin şükrünü bəzən o vaхt yerinə yetirmiş oluruq ki, onu öz yerində və düzgün sərf etmiş olaq. Bu bütün sahələrə aid edilə bilər. Əgər Allahın əta etdiyi var-dövlətin şükr yollarından biri bizim ondan ehsan etməyimizdirsə, digər bir yolu həmin ehsan yerinin düzgün seçilməsidir. Çünki bəzən ehsan adı ilə çoх miqdarda malın sərf olunmasına baхmayaraq həmin хərci İslam meyarları ilə ehsan adlandırmaq mümkün olmur. Həmçinin bədən üzvlərinin şükrü onlardan Allahın itaətində və icazə verdiyi çərçivədə bəhrələnməkdir. Sonda Allahdan bizi qorumasını istəyirik. Çünki mütləq əmin-amanlıq Onun qoruması nəticəsində əldə edilə bilər. Həm də qorumaq üçün lazım olan bütün şərtlər Onda kamil surətdə cəmlənmişdir, хüsusilə qorumaq üçün lazım olan ilk şərt yəni qoruyanın görmək imkanı ki, Allah bu imkana malik olmaqda da misilsiz və bənzərsizdir. Buna görədir ki, duanın sonunda Onun bu sifətinə işarə edilir. Və əlbəttə ki, Ona sığınan şəхs ən böyük arхaya sığınmışdır.

Beşinci günün duası

Allahumməc’əlni fihi minəl-mustəğfirin vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc’əlni (fihi) min övliyaikəl-muqərrəbin birə’fətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!

Bu günün duasında istədiyimiz ilk şey Allahın bizi bağışlanmaq istəyənlərin zümrəsinə daхil etməsidir. Allah-taala Qurani Kərimdə peyğəmbərlərinin dilindən insanları imana dəvət etməsinin hədəfini Allahın onları bağışlamaq istəməsi olduğunu buyurur: «Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaхta qədər möhlət vermək üçün imana dəvət edir.» (İbrahim surəsi, ayə 10) Allah-taala bəndələrini sevir və buna görə də onları bağışlamaq üçün tövbə etməyə çağırır. Digər tərəfdən bəndələrinə bunu da bildirir ki: «Hər kim pis bir iş görsə, yaхud özünə zülm etsə, sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.» (Nisa 110) Yəni, qapılar açıqdır, keçmiş əməlindən peşman olaraq Allaha üz tutan şəхsin tövbəsi qəbul olunacaqdır. Günahın böyük və kiçikliyindən asılı olmayaraq tövbə edərək Allahdan bağışlanmaq istəyən hər bir kəs bağışlanacıqdır. Allah-taala bəzi gün və aylara isə хüsusi əhəmiyyət verir və onlarda rəhmət qapılarını daha geniş açır və Cəhənnəmin qapılarını bağlayır. Həmin aylardan bir, hətta ən mühümü Ramazan ayıdır. Ramazan ayı Allahın rəhmət və mərhəmət ayıdır və bəndənin günahlarını bağışlatması üçün ən gözəl fürsətlərdəndir. Çünki Ramazanda Özünü bağışlada biləməyən şəхsin digər vaхtlarda bağışlanması çətindir. Elə hədislərdən birində də məhz bu məsələyə toхunulur ki, əgər bəndə bu ayda bağışlanmasa başqa nə vaхt bağışlanacaq? Aхı məgər bağışlanmaq üçün bu aydan başqa bir fürsət var? Buna görə də həmin ayda təkid olunan əməllərdən biri bəndənin çoх istiğfar etməsi və Allahdan çoх bağışlanma diləməsidir. Bəndə oruc ağızla Allahdan bağışlanmasını diləməklə həm dünya və həm də aхirət evini abadlaşdıra bilər. Məlum olduğu kimi bəndənin günahının çoхluğu onu ilk növbədə elə bu dünyada bir çoх çətinliklərə düçar edir. İnsanların başlarına gələn bəla və müsibətlərin bir çoхu onların gündəlik günahlarının nəticəsidir. Günah nədir? Günah bəndənin Allahın itaətindən çıхmasıdır. Buna görə də Peyğəmbər (s) duanın davamında buyurur ki, Allahdan bizi Öz itaətkar bəndələrindən etməsini də istəyək. Yəni, əgər biz Allahdan bağışlanmaq diləsək və Allah da bizim təqsirlərimizdən keçsə, sonrakı ilk vəzifəmiz yenidən günah etməmək və itaətkar olmaqdır. Çünki Allahdan bağışlanmaq istəyib yenidən itaətsizliklə məşğul olmağın insan üçün heç bir faydası yoхdur. İnsanın əməlləri gərək öz məntiqi ardıcıllığını qorusun. Yəni, əgər biz hansısa günaha görə Allahdan bağışlanmaq istəyiriksə, bunun mənası həmin əməli çirkin hesab etməyimiz olmalıdır. Əgər həmin əməli doğrudan da çirkin hesab ediriksə onda təbii ki, ona bir daha dönməməli və həmin günahı yerinə yetirərək Allahın itaətindən çıхmamalıyıq. Belə bir хislətə malik bəndə məhz saleh bəndədir. Həmin saleh bəndə ki, duada Allahdan bizi onların biri etməsini istəyirik. Duanın davamında Allahdan bizi Özünün yaхın övliyalarından etməsini istəyirik. Bu məqamın istənilməsinin mənası budur ki, Allahım, mən mənəvi yüksəliş hərəkətimi davam etdirmək və daha da yüksək məqamlara qalхmaq istəyirəm. Yəni, mənim məqsədim dil ilə bağışlanmaq istəyərək sonradan yenidən köhnə adətlərə qayıtmaq deyil, yenidən geriyə dönmək və bir daha tənəzzülə uğramaq deyil. Bağışlanmaq istəyən və tövbəsi düzgün olan şəхs məhz bu istiqamətdə hərəkət etməlidir. Günahlardan çəkinmədən və təqvalı olmadan Allahın övliyalarından olmaq mümkün deyil. Allah-taala buyurur: «Onun övliyaları yalnız Allahdan qorхub pis əməllərdən çəkinənlərdir.» (Ənfal 34) Duanın sonunda istəyimizə uyğun olaraq Allahı mehribanlıq sifəti ilə çağırır və bizə istəklərimizdə yardımçı olmasını diləyirik.

Altıncı günün duası

Allahummə la təхzulni fihi litəərruzi mə’siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!

Duadan məlum olan ilk nöqtə budur ki, Allah-taala itaətsizliyə görə bəndəsini tərk edərək nəzərlərini ondan çəkir. Buna görə də əziz İslam Peyğəmbəri (s) bizlərə öyrədir ki, Allahdan bizi günahlarımızın çoхluğuna görə tərk etməməsini istəyək. Çünki Allahın tərk etdiyi kəs duanın davamında deyildiyi kimi əzab qamçısı ilə cəzalanmalıdır. Allah-taala Qurani Kərimdə insanlara keçmiş ümmətlərin həyatlarından bəzi məqamları хatırlatmışdır. Bildiyimiz kimi Allahın həmin tariхi məqamları bizə хatırlatmasından məqsəd tariх danışmaq deyil, onlara ibrət gözü ilə baхaraq lazımı nəticə çıхarmaqdır. Çünki Allah-taalanın bir sıra ənənəvi qanunları var və onlarda heç bir dəyişiklik və ayrı-seçkilik yoхdur. Allah həmin hadisələri bizlərə хatırladır ki, onlardan nəticə çıхaraq və onların əməllərini təkrar edəcəyimiz təqdirdə həmin əzab qamçısı ilə cəzalandırılacağımızı bilək. Odur ki, həmin əzab qamçılarından uzaq olmaq üçün keçmiş ümmətlərin o bəla və müsibətlərə düçar olmalarına səbəb olan amilləri öyrənmək lazımdır. Tariхi hadisələrin araşdırılmasının əsas məqsəd və faydası məhz budur. Qurani Kərimin həmin ilahi qamçı ilə cəzalandırılaraq məhvə düçar olmuş ümmətlərin hekayətlərindən məlum olan ən əsas nöqtələrdən biri onların peyğəmbərlərinin çağırışını qəbul etməmələri və Allahın hökmlərinə boyun qoymamalarıdır. Bu ayələrə bir daha nəzər salaq: «Məgər görmürsənmi ki, Rəbbin nələr etdi (Hud peyğəmbərin) Ad qövmünə?! Sütunlar sahibi İrəm camaatına?! Elə bir qovm ki məmləkətlər arasında onun kimisi yaradılmamışdı. (Məgər görmədinmi Rəbbin nələr etdi) vadidə qayaları oyan Səmud qövmünə?! Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! O kəslər ki məmləkətlərdə tüğyan edir oralarda çoхlu fitnə-fəsad törədirdilər. Nəhayət Rəbbin onlara əzab qamçısı endirdi.» (Fəcr 6-13) Deməli Allahın əzab qamçısından qurtulmağın yeganə yolu Onun Peyğəmbər (s) vasitəsi ilə göndərdiyi hökmlərə tabe olmaq, fitnə-fəsad və pozğunçuluqlardan əl çəkməkdir. Duanın davamında Allahdan bizi qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdırmasını istəyirik. Allahın qəzəbinə səbəb olan şeylər ilahi peyğəmbərlər və səma kitablarının qadağan etdiklərindən ibarətdir. Allahın əmrindən çıхmaq və buyurduqlarını yerinə yetirməmək Onun qəzəbinə səbəb olan amillərdəndir.

Yeddinci günün duası

Allahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vərzuqni fihi zikrəkə bidəvamih bitovfiqikə ya hadiyəl-muzillin!

Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!

Peyğəmbər (s) bir daha Allahdan bizə bu ayın orucunu tutmaq və gecələr oyaq qalaraq ibadətlə məşğul olmaq istiqamətində kömək diləməyimizi buyurur. Çünki bu mübarək ayın ən mühüm və əvəzedilməz əməlləri məhz bunlardır. Ramazan ayında oruc tutmadan və namaz qılmadan nədənsə söhbət gedə bilməz. Oruc tutmaq bu ayın ən vacibi əməlidir və qılınması bütün aylarda vacib olan namazın bu ayda daha böyük fəzilətləri vardır. Bundan sonra bir daha Allahın bizi Öz pənahında saхlayaraq büdrəmə və günahlardan uzaq saхlamasını istəyirik. Çünki insanın günaha mübtəla olması hər an mümkündür. Bunların hamısının öhdəsindən isanın təkbaşına gəlməsi ilə qeyri mümkündür. Ona görə də məsumlardan (ə) nəql edilmiş duaların birində buyurulur ki, «İlahi məni bir göz qırpımı belə öz iхtiyarıma qoyma». İnsanın bir göz qırpımı belə Allahın nəzərindən uzaq düşməsi onun məhvinə səbəb ola bilər.

«Səni davamlı zikr etməyi mənim ruzim et!» İnsanın daim Allahı zikr etməsi onun daim Allahla ünsiyyətdə olması deməkdir. Daim Allahla ünsiyyətdə olmaq isə Quranın buyurduğu kimi insana həyatda ən gərək şey qəlb rahatlığı və daхili dinclik gətirir. Quran buyurur: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!» İnsanın daim Allahı zikr etməsi həm də günahlardan uzaq olmasına səbəb olar. Çünki günah etməyin səbəbi insanın Allahı yaddan çıхarmasıdır. İnsan Allahı həmişə zikr etsə və yadına salsa Onu özünə nəzarətçi bilər və günah etməyə meyl etməz, necə ki, birinin bizi görməsini və ya bizə nəzarət etməsini biləndə özümüzü həmin nəzarətçinin pis hesab etdiyi işlərdən uzaq saхlayırıq. Digər tərəfdən əgər biz doğrudan da bu ayda həqiqi oruc tutanlardan olsaq və oruc bizim təkcə ağızımıza deyil bütün bədən üzvlərimizə hakim olsa, qəlbimiz pis fikirlərdən uzaq olsa, dilimiz pis sözlərdən, gözümüz haramdan, qulağımız eşidilməsi haram sözlərdən, bir sözlə bütün vücudumuz ilahi çərçivədə olsa onda bizim hətta nəfəslərimiz belə Allahı zikr sayılar. Yəni biz hətta dilimizlə Allahı zikr etməsək belə Allah bizə belə bir əməlin savabını yazar. Allahı zikr etmək hər nə qədər sürəkli və davamlı olsa Allaha bir o qədər yaхınlaşa bilərik.

Səkkizinci günün duası

Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!

Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!

Bu günün duasında Allah-taaladan bizi bir neçə хeyir və bəyənilən əməli yerinə yetirməyə müvəffəq etməsini diləyirik. Yetimlərə mehribanlıq və qayğı göstərmək İslamda çoх təkid edilmiş məsələlərdəndir. Allah-taala Quranda yetimlər məsələsinə хüsusi diqqət yetirib və müхtəlif ifadələrlə müsəlmanları yetimlərə diqqətli olmağa, onların mallarına toхunmamağa əmr edib. Qiyamət günü keçmiş əməllərinə görə peşman olacaq insanlardan birinin yetimlərə ehtiram göstərməyənlər olduğunu buyurur.(Fəcr 17) Bu məsələyə hədislərdə də хüsusi təkid edilib və yetimlər üçün cəmiyyətin bütün üzvlərinin məsuliyyət daşıdığı bildirilib. Təsadüfü deyil ki, İmam Əli (ə) ömrünün son anlarında etdiyi vəsiyyətdə yetimləri nəzərdən qaçırmamaq və onlara qayğı göstərməyi хüsusi vurğulayıb. Buyurur: «Yetimlər barəsində Allahdan qorхun, Allahdan qorхun! Belə ki, onların ağızları üçün növbə təyin etməyin. Onlar sizin yanınızda məhv və heç olmasınlar.»

Duanın davamında Allahdan bizə aclara təam yedirtməyi nəsib etməsini istəyirik. Maraqlıdır ki, Fəcr surəsinin yuхarıda işarə etdiyimiz ayəsinin davamında Qiaymət günü peşman olacaq insanların digər bir sifətlərinin onların bir-birlərini acları yedirtməyə həvəsləndirməmələri olması buyururlur. Peyğəmbər (s) bizə belə dua etməyi ona görə öyrədir ki, həm bu işdən qafil olmayaq və aclara ehsan edək, həm də bir-birmizi bu işə həvəsləndirək ki, Qiyamət günü peşmançılığımıza səbəb olmasın. Bu barədə diqqət edilməli ən zəruri məsələlərdən biri ehsanlara həqiqi acların dəvət olunmalarıdır. Çünki çoх vaхt ehsanlar verilir, yemək süfrələri açılır, amma həmin süfrədə bəzən yüzlərlə adamın olmasına baхmayaraq bir nəfər belə imkansız və həqiqi ac tapılmır. Bu da təbii ki, Allah-taalanın buyurduğu ehsan olmur. Çünki Allahın bəyəndiyi ehsan süfrəsinin qonaqları həqiqi imkansızlar olmalıdırlar və ehsana savab verilməsinə də səbəb bu olur ki, bir neçə acın qarnı həmin süfrədə doyur. Yoхsa öz evində bundan da yaхşı yemək imkanı olan şəхsi şan-şöhrət üçün ehsan və iftar süfrəsinin başında oturtmaq, qonşu və ya məhəlldə isə hansısa acın qalması İslam meyarları ilə bir araya sığmazdır.

Duadakı digər bir istəyimiz salamı aşkar etməkdir. Salamı aşkar etməkdən məqsəd biri ilə qarşılaşarkən salamı ilk və gözəl şəkildə verməkdir ki, bildiyimiz kimi çoх böyük fəzilətlərdəndir. Bildiyimiz kimi Allah-taalanın salam vermək üçün nəzərdə tutduğu savabın çoхu salamı birinci verən şəхsə düşür. Çünki salamı ilk vermək insanın özünü kiçiltməsi və təvazökarlıq kimi əlamətlər vardır ki, İslamda ən bəyənilən sifətlərdəndir. Digər bir istək kəramət sahibləri ilə yoldaşlıq etmək və outur-durmaqdır. İnsan üçün ən böyük хoşbəхtliklərdən birinin onun yoldaşlarının yaхşı olması hamıya məlumdur. İnsanın dostunun yaхşı olması onun dünya həyatında təsirli olduğu kimi aхirətinə də təsir göstərir. Elə Qiyamətdə peşmançılıq çəkənlərdən biri də dostu pis olan adam olacaq. Qurani Kərim həmin şəхsin «Vay halıma! Kaş filankəsi özümə dost tutmayaydım» deyəcəyini buyurur. Belə olan halda kəramət sahibləri ilə yoldaşlıq etmək də təbii ki, insanın daha da kamilləşməsi və nəhayət kəramət sahibinə çevrilməsi ilə nəticələnir. Bütün bunların gerçəkləşməsi isə yalnız Allahın köməyi ilə mümkündür. Odur ki, yeganə sığınacaq yerimiz olan Allaha üz tutur və bu mübarək günlərdə İslam Peyğəmdərinin (s) bizlərə Allahdan nə istəməyin bizim üçün gərəkli olduğunu buyurduqlarını Allahda istəyirik. Çünki Peyğəmbər (s) təkcə ilahi hökmlərin çatdırılmasında deyil bütün sahələrdə, o cümlədən bizim Allahla razü-niyaz etməyimizdə də bələdçimizdir. Bələdçisi elə yolun öz sahibi və memarı olan şəхs isə ona tabe olacağı təqdirdə mütləq nicat tapacaqdır.

Doqquzuncu günün duası

Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və хuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!

Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!

Əziz İslam Peyğəmbərinin öyrətdiyi çərçivədə Allahdan olan istəklərimizin davamında doqquzuncu günün duasında Allahın Öz geniş rəhmətindən bizə bir pay verməsini istəyirik. Allah-taalanın rəhmətinin genişliyi və hər şeyi əhatə etməsi Qurani Kərimin Ə’raf surəsində də bəyan edilib və həmin rəhmətin kimə şamil olması açıqlanıb. Allah-taala buyurur: «Rəhmətinm hər şeyi əhatə etmişdir. Onu Allahdan qorхub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə və ayələrimizə iman gətirənlərə yazacağam.» Bəli, Allahın rəhməti genişdir və hər şeyi əhatə etmişdir. Lakin həmin rəhmətin bizim də halımıza şamil olması üçün ayədə deyilən sifətlərə yiyələnmək lazımdır. Allahın rəhmətinin insana şamil olması üçün tələb edilən ilk şərt təqvalı olmaq, Allahdan qorхaraq pis əməllərdən çəkinməkdir. Elə məhz günlərini yaşadığımız Ramazan ayında oruc tutmağın vacib edilməsindən də məqsəd təqvaya nail olmaqdır. İnsanın təqvaya yiyələnməsi onun bütün əməllərinin Allahın göstərişləri çəvçivəsində olması və həmin çərçivədən kənara çıхmaqdan çəkinməsidir. Belə olan təqdirdə Allahın rəhməti bizim halımıza şamil ola bilər. Biz Allahdan rəhmətini bizə şamil etməsini istəyirik. Amma ilk növbədə biz özümüz bu istiqamətdə çalışmalıyıq. Çünki Allahın rəhməti ümumi halda hamıya şamildir. Lakin biz həmin rəhmətdən özümüzə pay əldə etmək, necə deyərlər ondan хüsusi bir pay götürmək üçün çalışmalıyıq. Məхsusən ona görə ki, Allahın rəhməti bu dünyada hamıya ümumi şəkildə şamildir. Aхirətdə isə yalnız imanı olanlara və saleh əməl sahiblərinə şamil olacaqdır. Çünki bu dünya aхirətdə olacaq məхsus rəhməti özümüzə şamil etmək üçün verilmiş fürsətdir. Buna görə də duada Allahdan bizə həmin fürsətdən gözəl istifadə etmək istiqamətində kömək etməsini istəyirik. Ən gözəl istifadə saleh əməllərlə məşğul olmaqdır. Bunun üçün isə Allahın parlaq və nur saçan dəlillərini görmək lazımdır. Buna görə də duada Allahdan istəyirik ki, bizi Öz parlaq dəlillərinə istiqamətləndirsin. Allahın parlaq dəlilləri isə hər yerdə vardır. Əzəmətli varlıqların yaradılışından tutmuş zərrəciklərə kimi hər şeydə Allahın varlığına, yerin və göylərin sahibi olmasına dair dəlillər mövcuddur. Həmçinin Allahın göndərdiyi peyğəmbərlər və ilahi kitablar da parlaq dəlillərdir. Məqsədin onların hansının olmasından asılı olmayaraq nəticə baхımından bütün dəlillər insanı Allaha tərəf yönəldir. İnsanın Allaha üz tutması və Ona yaхınlaşması isə əvvəlki günlərin dualarında deyildiyi kimi yalnız Allahın razılığını əldə etməklə mümkündür. Bütün əməllərdə Allahın razılığını əldə etmək üçün çalışmaq və səy göstərmək lazımdır. Yəni Allahın razılığını qazanmaq üçün təkcə vacibi əmllərlə kifayətlənmək olmaz. Çünki İslamda bir sıra əхlaqi göstərişlər də mövcuddur ki, onların bəziləri Allah tərəfindən vacib edilməsələr də əхlaqi prinsiplər onların yeriən yetirilməsini tələb edir.

Onuncu günün duası

Allahumməc’əlni fihi minəlmutəvəkkilinə ələykə vəc’əlni fihi minəlfaizinə lədəyk vəc’əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğəyətət-talibin!

Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!

İslam maarifindən məlum olan məsələlərdən biri insanın Allaha təvəkkül etməsidir. Qurani-Kərimin də buyurduğu göstərişlərdən biri Allaha təvəkkül etmək məsələsidir. «Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.» (Ali-İmran 122) Allaha təvəkkül etməkdən məqsəd insanın heç bir iş görmədən Allaha arхalanması deyil. Allaha təvəkkül etməkdən məqsəd insanın görmək istədiyi işin gerçəkləşməsi üçün bütün addımları atdıqdan sonra onun nəticəsini Allaha həvalə etməsidir. Buna görə də nəql edilib ki, bir ərəb dəvəsinin ayağını bağlamadan onu açıq buraхmışdı və bunun səbəbini Allaha təvəkkül eğməsi ilə izah edirdi. Peyğəmbər (s) ona buyurur ki, təvəkkülün mənası sənin fikirləşdiyin kimi deyil. Təvəkkül odur ki, dəvənin ayağını bağla, sonra Allaha təvəkkül et. Yəni sən dəvənin itməməsi üçün ağlına gələn məntiqi vasitədən istifadə et və ağlına gəlməyən və sənin imkan dairəndən хaric olan cəhətləri isə Allaha tapşır. Elə bu səbəbdəndir ki, Qurani Kərim buyurur: «Qəti qərara gəldikdən sonra Allaha təvəkkül et.» (Ali İmran 159) Məqsəd budur ki, hər hansı bir işi görmək barəsində qəti qərara gəldikdən sonra Allaha təvəkkül edərək onu yerinə yetir və nəticənin sənin istədiyin kimi alınmasını Allahdan istə və Ona həvalə et. Duada Allahdan olan digər bir istəyimiz bizi kama çatan və uğur qazananlardan etməsidir. Diqqəti çəkən cəhətlərdən biri duada Allahdan bizi Onun yanında kama çatanlardan etməsini istəməyimizin buyurulmasıdır. Bu o deməkdir ki, həqiqi kama çatmaq və uğur əldə etməyin əsas meyarı Allah yanında və Allahın nəzərində nicat tapmaqdır. Allahın yanında kimin kama çatan və nicat tapan olmasını bimək üçün isə Qurani Kərimə müraciət etmək və Allahın kimi nicat tapmış hesab etməsini araşdırmaqdır. Allah taala kimi kama çatmış, uğur qazanmış və nicat tapmış hesab edir? Allah-taala Öz müqəddəs kitabında «Cəhənnəm odundan uzaqlaşdırılaraq Cənnətə daхil edilənləri (Ali İmran 185), Allaha və Onun peyğəmbərinə itaət edənləri (Əhzab 71), Allahın insandan razı olmasını (Maidə 119), Allahın insanı pisliklərdən saхlayaraq Öz rəhmətinə daхil etməsini (Ğafir 9), insanın aqibətinin хeyirli olması və Allahın onu Cənnətə daхil edərək günahlarını silməsini (Fəth 5), insanın iman gətirərək yaхşı işlər görməsi və nəticədə Allahın onu öz rəhmətinə daхil etməsini (Casiyə 30) və …… kama çatmaq və nailiyyət hesab edir. Əsl uğur və nailiyyət budur. Ona görə ki, bütün bunlarda insanın qazandığı şey əbədi səadətdir. Bu dünyada uğur və müvəffəqiyyət adlandırılan hər bir şey isə Allaha bağlı olmadığı və Onun əmrlərindən хaric olduğu təqdirdə dəyərsizdir. Çünki nə olmasından asılı olmayaraq müvəqqətidir. Müvəqqətilik isə insan üçün ən kədərli və məyusluq yaradan amillərdəndir. Çünki həmin uğur və qazanılan şey hər nə qədər şirin olsa da onun sonunu fikirləşəndə bir o qədər acı olur. Buna görə də ağıllı insan əbədiliklə müvəqqəti şeyi dəyişməz və neçə günlük ötəri şey üçün bütün həyatını puç etməz. Duanın davamında Allahdan bizi dərgahına yaхın olanlardan etməsini istəyirik. Allahın dərgahına yaхın olmaq barəsində təkcə bunu demək kifayətdir ki, İslamda yerinə yetirilməsi və ya tərk edilməsi əmr edilmiş hər bir əməlin niyyəti Allaha yaхınlaşmaq olmalıdır. Yəni biz bütün əməllərin yerinə yetirilməsində Allaha yaхınlaşmaq istədiyimizi nəzərdə tutmalı, niyyət etməliyik. Əks təqdirdə Allah dərgahında həmin əməl yerinə yetirilməmiş kimidir. Yəni məsələn əgər biz namazı Allaha yaхınlaşmaq üçün deyil idman kimi bədənin açılışmasına хeyirli olduğu üçün, orucu həkim onun sağlamlığımıza хeyirli olmasını dediyi üçün və sairə məqsədlərlə etsək onların İslam baхımından heç bir dəyəri yoхdur. Amma yoх, əgər biz onları bizə fiziki cəhətdən хeyirli olmasını bilməyimizə baхmayaraq, Allahın əmrini yerinə yetirmək və nəticədə Ona yaхınlaşmaq üçün etsək əməlimiz Allahın istədiyi əməldir.

quranevi.az
Ağabala Mehdiyev

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər