Liderlik seçilmiş insanlara verilmiş bir medal deyil, o içimizdəki bir seçimdir. Liderlik öz-özünə inkişaf etməz, istək, məşğuliyyət və zəhmət nəticəsində ortaya çıxar.
İnsanları illərdir düşündürən bir fikir vardır: lider doğulur yoxsa lider olunur?
Bu sualı cavablandırmağa çalışaq. Təbii ki, liderlik geni daşıyan insanlar dünyaya gəlir. Onlar hələ uşaq yaşlarında ikən öz dostları arasında “liderliyini” təbliğ etməyə başlayır, bu öz növbəsində məktəb, universitet və iş həyatlarına qədər davam edir. Tarix boyu belə insanlar olmuşlar. Hamımızın bildiyi kimi krallar, zadəgənlar habelə Osmanlı şahzədələri liderlik ruhu ilə böyüyüb bir sıra təlimlər keçmişdir. Eyni zamanda bizə son dərəcə aydındır ki, onların hamısı liderlik zirvəsinə çata bilməmişlər. Burada bu sual yenə ortaya çıxır: lider doğulur yoxsa lider olunur?
Lider olunur!
Hər insanın daxilində bir xəzinə yatır. Kimilərin daha dərində kimilərində isə daha üstdə. Üstdə olan xəzinəni hamı ortaya çıxara bilər. Əsl bacarıq dərində olanı tapmaqdır. Bunun üçün hər zaman əlimizə xəzinəyə çatmaq üçün xəritə verilmir, parçaları birləşdirib tam bir xəritə əldə edib, xəritə üzrə düzgün hərəkət edib, o sonsuz xəzinəyə çata bilərik.
Bir Xəzinə misalında təsəvvür edin ki, qarşınıza – pul, status, enerji və vaxt qoyulub. Sizdən bunları uğur qazanmaq yolunda əhəmiyyət dərəcəsi üzrə ən çoxdan az lazım olana düzməyiniz istənilir. Əgər pul, status, enerji və vaxt kimi sıralamağı düşünürsünüzsə bu müvəffəqiyyət yolunda atılmış səhv addımdır. Daha uyğun olanı, vaxt, enerji, status və puldur. Yəni ilk öncə vaxtınızı, zamanınızı ortaya qoymalısınız. Bu müddətdə enerjinizdən maksimum istifadə etməlisiniz. Bunları bu şəkildə davam etdiyinizdə uğurlu bir status qazanmış, cəmiyyətdəki sosial rolunuzu müəyyənləşdirmiş olursunuz. Sonra isə pul məsələsi həll olunur. Unutmaq lazım deyil ki, pul qazanmağın bir çox üsulları vardır və o üsullar sizdən böyük tələblər istəyir. Lider olub çox pul qazanmaq isə sizdən yalnızca vaxt və enerjinizi tələb edir.
Cəsarət bir varlıqdır, cəsur olmaq isə var olmaqdır. Cəsur olub, istədiklərinin ardınca getməyi bacaran hər insan liderdir. Çalışın hamı kimi olmayın, kiməsə bənzəməyə çalışmayın. Nə edirsinizsə onu özünüz kimi, öz imzanızı ataraq edin. Ən əsası isə hər zaman özünüzə inanın. Belə bir misal vardır “niyyətin hara mənzilin ora”.
Fəxriyyə Nəsirzadə