Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs. Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsulla qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətllər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqları qurbanın cinsi, yaşı, xarici görünüşü təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətllər bütün dünyada geniş əks səda doğurmuşdur.
Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanların qətl törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır. Onlarda xarici görünüş baxımından hər hansısa fərqliliklər olmur. Əsas proses daxildən baş verir.
Cinayət işləməyin sosial – psixoloji səbəbləri aşağıdakılar hesab olunur:
1.Psixoloji problemlər;
2. Sinir sitemində yaranmış pozğunluqlar (anadangəlmə və ya sonradan yaranma);
3. Ailə münaqişələri;
4. Ətrafdakı insanların şəxslərə təsiri;
5. Hər hansı bir qruplaşmanın tərkibində olma (məs: satanist və s.);
Bu kimi 1 çox səbəbləri göstərmək olar.
Dəfələrlə ağır cinayətlər törətmiş seriyalı qatillər və digər cinayətkarlar ola bilsin ki, başqalarını da buna “yoluxdurmaq” iqtidarındadırlar. “Molecular Psychiatry” jurnalında dərc olunmuş məqalədə bu haqda məlumat verilir. Aparılan müşahidələr ağır cinayətlər törətmiş bu insanların niyə böyük əksəriyyətinin kişilər olduğunu və bir insanın nəyə görə dəfələrlə belə cinayətlər törətməsinin səbəblərini aydınlaşdırmağa istiqamətlənmişdi.
Neyrobioloqlar qarşılarına məqsəd qoydular: Dəfələrlə ifrat dərəcədə ağır cinayətlər törətmiş insanların mümkün qədər genetik “baqajını” tədqiq etmək.
Tədqiqatın sonunda tədqiqatın rəhbəri, Karolinks İnstitutunun klinik neyrobiologiya kafedrasının professoru Jari Tiihonen açıqlama verdi: “Biz insanda aqressiv təzahürlərə cavabdeh olan iki əsas geni müəyyənləşdirə bildik, lakin, aydındır ki, bu genlərdən başqa insanda aqressiya hissini idarə edən onlarla və yüzlərlə gen mövcud ola bilər. Lakin, biz müşahidələrimizə əsaslanaraq əminliklə söyləyə bilərik ki, digər genlərdən heç birinin təsir gücü əvvəldə qeyd etdiyimiz iki genlə müqayisə oluna bilməz”.
Tiihonen və onun köməkçiləri üzərində tədqiqat aparmaq üçün Finlandiyada həbsdə olan 1004 məhbus seçdilər. Onlardan 184 nəfəri tədqiqat obyekti olmaqdan imtina etdi, digər 26 nəfərə isə “psixoz” diaqnozu qoyulduğuna görə tədqiqat üçün yararsız hesab edildilər. Geri qalan məhbuslardan qan nümunəsi götürüldü. Məlum oldu ki, nümunə götürülən qanların hamısında CDH13 geni və “müharibə geni” adlandırılan MAOA geni ya ikisi birlikdə, ya da ayrı – ayrılıqda mövcuddur.
“Müharibə geni” insanda dopamin maddəsinin sintezinə xidmət edir və alkoqol və narkotikadan həddindən artıq istifadə zamanı funksiyasını lazım olduğundan daha artıq yerinə yetirir.
Tiihonen bunu belə izah edir: “ Əgər orqanizmdə dopaminin sintez sürəti və intensivliyi zəifləyibsə, dopaminin miqdarı azalıbsa, onun beyindəki miqdarı alkoqol, narkotik və amfetinamin qəbulu zamanı xeyli arta bilər. Aydındır ki, bu maddələr dopamin maddəsinin və buna müvafiq aqressiyanın da artmasına təsir göstərir.”
Əslində CDH13 geninin vəzifəsi beyindəki neyronlararası əlaqəni təmin etməkdir. Bu maddə hiperaktivlik sindromu və diqqət əksikliyi vəziyyətinin idarə edilməsində də böyük rol oynayır.
Əgər kimsə bu genlərdən hər ikisinə sahibdirsə, bu genlərdən birini daşıyan insanlara nisbətən 13 dəfə daha artıq ağır cinayətlərə və işgəncə verməyə meyilli olur. Əgər bu genlərə alkoqol və digər kimyəvi maddələri də əlavə etsək – faciənin reseptini hazırlamış olarıq.
Müşahidələr həmçinin “Nəyə görə ağır cinayətləri törədənlərin əksəriyyəti kişilər olur?” sualına cavab tapmağa da kömək etdi. Tiihonen: “Müharibə geni” adlandırdığımız MAOA X xromosomunda yerləşir. Bildiyimiz kimi X xromosomu qadınlarda cüt, kişilərdə isə tək olur. Qadınların xromosom dəsti XX, kişilərdə isə XY şəklində olur. Belə ki, qadın orqanizmində əgər bir genin aktivliyi digərindən üstün olarsa, digər gen onun aktivliyini tənzimləyir, tarazlaşdırır. Kişilərin isə bu cəhətdən bəxti gətirməyib, onlarda genlər eyni olmadığı üçün bir genin aktivliyi artdıqda, digəri onu tarazlaşdıra bilmir”
Psychiatric Genetics jurnalında dərc olunmuş bir məqaləyə görə isə, belə bir eksperiment ABŞ – da 100 məhbus üzərində aparılmış və məlum olmuşdur ki, seriyalı qatillərin böyük bir qismi uşaqlıqda zorakılıqla üzləşmiş insanlardır.
Cinayət və cinayətkarlıq anadangəlmə bir şəxsiyyət xüsusiyyəti deyil. Cinayətkar, böyük ölçüdə mənfi inkişaf şəraitində yetişmiş , insan olaraq layiq olduğu dəyər və diqqəti almamış bir adamdır. Bu səbəblə cinayətkarları özündən və cəmiyyətdən kənarlaşdırmaq, onlara düşməncə duyğular bəsləmək və onlardan nifrət etmək yerinə onları anlamaq , onları gələcəkdə cəmiyyətə qazandırma yolu ilə cinayətlərin azaldılmasında iştirak etmək ictimai təşkilatların məsuliyyəti və vəzifəsi olmalıdır.
Eminova Aytən
Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs tələbəsi