Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini “Bu gün nə geyinim?” sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.
Qış rəngləri
Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz.
Yaraşan rənglər: Əsas rənglər – ağ və qara.
Gümüşü rəng
Dəmir rəngi
Limon rəngi
Qırmızı rəng
Parlaq çəhrayı rəng
Soyuq çalarlı tünd qəhvəyi rəng
Bənövşəyi rəng
Parlaq göy rəng
Zümrüd rəngi
Qaraya çalan yaşıl rəng
Yaraşmayan rənglər:
Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.
Yaz rəngləri:
Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.
Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır.
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl kəhrəba rəngində olur. Nadir hallarda qızılıqəhvəyi rəngli gözlərə də rast gəlinir. Belə qadınların gözlərinin rəngi çox tünd olmur.
Yaraşan rənglər: Əsas rəng – parlaq narıncı.
Bej rəngi
İsti sarı rəng (limon rəngi yaraşmır)
Şampan rəngi
Narıncı rəngə çalan sarı
Parlaq narıncı rəng
Açıq qəhvəyi rəng
Kərpic rəngi
Tomat rəngi
Qızılı qəhvəyi rəng
Çəhrayı rəng
Qızılı yaşıl rəng
Firuzə rəngi
Yaraşmayan rənglər:
Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.
Yay rəngləri: Bu tipə soyuq rənglər xasdır.
Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.
Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.
Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.
Yaraşan rənglər: Əsas rənglər – boza çalan mavi, göy. Yumşaq pastel tonlar
Səma rəngi
Çəhrayı rəng
Boza çalan qəhvəyinin bütün çalarları
Çəhrayıya çalan qəhvəyi rəng
Tünd qırmızı rəng
Bozun bütün çalarları
Parlaq olmayan soyuq rənglər
Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.
Payız rəngləri:
Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.
Saçları: Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılıqəhvəyi, bal rəngində də olur.
Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.
Yaraşan rənglər: Əsas rənglər – tünd qəhvəyi və ya tünd yaşıl.
Fil sümüyü rəngi
Qızılı bej rəngi
Tünd sarı rəng
Tutqun narıncı rəng
Qızılı qəhvəyi rəngin bütün çalarları
Bal rəngi
Pas rəngi
Yaşıl rəng
Göyə çalan yaşıl rəng
Qaraya çalan göy rəng
Başqa parlaq olmayan isti rənglər
Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.
Bütün rəngləri üç yerə bölmək olar: isti, soyuq və neytral rənglər.
İsti rənglər:
İsti rənglərə qırmızı, sarı, narıncı rənglər aiddir. Bu rəngləri geyinən adamın əhvalı qalxır. O, daha şən olur və pozitiv düşünür. Misal üçün, sarı rəng depressiyadan çıxmağa kömək edir. Bu rəng bənövşəyi rəngdə olan geyimlərlə yaxşı görsənir. Narıncı rəngi isə qara və göy rənglərlə uyğunlaşdırmaq olar. Narıncı rəngin qırmızı ilə uyğunlaşdırılması isə bu il dəbdədir. Qırmızı rəng qadını çox cazibədar göstərdiyi üçün fərqlənir. Bu səbəbdən də qırmızıdan ziyafət üçün nəzərdə tutulan geyimlərdə istifadə etmək yerinə düşər. Sarı və qırmızı rəngləri uyğunlaşdırarkən yaşıl rəngin istifadəsi məsləhət deyil. Belə ki, bu zaman geyim işıqforu xatırlada bilər.
Soyuq Rənglər:
Soyuq rənglərə isə yaşıl, göy və bənövşəyi rənglər daxildir. Yaşıl rəngi adətən məqsədyönlü və emosional adamlar seçirlər. Bu rəng sakitləşdirici xüsusiyyəti ilə fərqlənir. Dizaynerlər yaşıl rəngdə geyim geyinərkən ağ və bej rənglərdən də istifadə etməyi məsləhət görürlər. Zümrüd rəngi isə sarı həndəsi fiqurlarla çox gözəl görsənir.
Göy rəngi hökümlü adamlar sevir. Bu rəngdə olan kostyumlar işgüzar görüşlər üçün ideal sayılır. Lakin bu rəngin qara və boz çalarlarla Uyğunlaşdırılması darıxdırcı obraz yarada bilər.
Bənövşəyi rəngi isə diqqət mərkəzində olmağı sevənlər seçir. Bu rəng isti rənglərlə daha yaxşı görünür. Bənövşəyi rəngdə paltar geyinərkən parıltılı aksesuarlardan da istifadə etmək olar.
Ağ, çəhrayı, narıncı rənglər də bənövşəyi rəngə yaraşır.
Neytral rənglər:
Qara, boz, ağ, qəhvəyi və zəif nəzərə çarpan başqa çalarlar neytral rənglər sayırlır.
Qəhvəyi və boz rənglərdə olan geyim çox darıxdırcı görünür. Geyimdə belə rəngləri uyğunlaşdıran adamlar diqqət çəkməyi sevmir. Başqalarından təcrid olunmaq istəyən bu adamlar pis əhval-ruhiyyədən əziyyət çəkirlər. Lakin bu rənglərin isti rənglərlə uyğunlaşdırılması əks nəticə verir. Geyim çox zövqlü və çəkici görünür.
Qara rəng sahibinin özünə qapanmasından xəbər verir. Düzdür, qara rəng ziyafət geyimləri üçün idealdır. Lakin gündəlik həyatda bu rəngdə olan geyimlərdən istifadə edərkən parlaq, əlvan rənglərlə uyğunlaşdırılması məsləhət olunur. Qeyd edək ki, bu il ağ və qara bir çox dizaynerlərin kolleksiyalarında yer alıb.
Ağ rəng isə açıq mavi ilə çox yaraşacaq. Bu rənglərdən istifadə edən xanım çox zərif görünəcək.
Rəng seçimində buraxılan səhvlər:
- Geyimdə üçdən artıq rəng və çalarlar olmamalıdır.
- Qara və ağ rəngdən istifadə etməyi unutmayın. Bu rənglərin uyğunluğu əksər xanımlara yaraşır. Ağ köynək və qara dar ətək xanımı çox yaraşıqlı, kübar, işgüzar, eyni zamanda da zövqlü göstərəcək. Diqqət mərkəzində olmaq istəyirsinizsə, bu dəstə əlvan rənglərdə olan şərf və dikdaban ayaqqabı seçə bilərsiniz.
- Geyimdə bir rəng o birilərinə nisbətən üstünlük təşkil etməlidir.
- Pastel tonları bir-biri ilə uyğunlaşdırın. Nəticədə çox zövqlü görsənəcəksiniz.
- Aşağıdakı rənglər yuxarıya nisbətən tünd olmalıdır. Lakin bu qayda ağ rəngdə olan geyimlərə şamil olunmur.
- Geyimdə ya bir-birindən kəskin fərqlənən, ya da uyğun gələn rəngləri kombinə edin. Ən əsası rənglərin harmoniyasını nəzərə alaraq, zövqünüzə oxşayan rənglərdən istifadə etməyə çalışın.
Vüsalə Ələkbərova
Baş redaktor