Hacı Surxay: “Allahı sevdirin.”
Bismillahir-rəhmanir-rəhim. Bildiyiniz kimi din anlayışı insanlarda müxtəlif cür formalaşır. Yəni bəzi insanlar dini aqressiya ilə qarşılayır, bəziləri isə dini yalnız namaz qılmaq, ibadət etmək şəklində başa düşür. Amma belə deyil.
İnsanı, insan aləmini digər varlıqlardan fərqləndirən bir neçə mühüm amillər var. İnsanların digər varlıqlardan əsas fərqi həm maddi, həm də mənəvi aləmə malik olmasıdır. Maddi və mənəvi aləm bir-birini tamamlayır. İnsan bir il və ya bir ay ərzində cismində problem hiss edərsə mütləq həkimə müraciət etməlidir. Yəni bu normaldır. İnsan özündə neqativ hallar hiss edib həkimə müraciət etdiyi halda, çox əfsuslar olsun ki, bəzən cismini müalicə etdiyi kimi ruhunun müalicəsini düşünmür. 21-ci əsrdə biz bunu psixoloji amil kimi təqdim edirik. Cisim və ruhun təşkili normal deyilsə, bu insan din sahibi ola bilməz, dinin içərisinə qərq ola bilməz. Din anlayışı həm cismimizin, həm də ruhumuzun formalaşmasını təbliğ edir. Din dedikdə, ümumilikdə insanın həm dünyəvi aləmi, həm də axirət aləmi nəzərdə tutulur və bununla artıq insan dini inanclar əldə edir. Bir neçə hədislərdə də var ki, bəzi hallarda insan namaz qıla bilməz. Yəni həddi-buluğa, yetkinliyə çatmayan qız və ya oğlana namaz vacib buyrulmur. Qız 9, oğlan isə 15 yaşında Allahın vacib olan əməllərini yerinə yetirə bilər. Eyni zamanda Allah namazı, orucu əqli problemi olan insanların boynundan götürür..
- Bunun səbəbi nədir?
Əqli problemi olan insanlarda bu gün cisim var, amma bununla yanaşı onun ruhi, psixoloji problemləri də var. Din anlayışını insan maddi və mənəvi cəhətdən hazır olduqda dərk edə bilər. Din ümumi formada insanın kamilləşməsidir. Allah insanla heyvanın fərqini şüurda, təfəkkür və təxəyyüldə qoydu. İnsan deyilən varlıq Allahın şah əsəridir. Yəni Allah insanı ali şəkildə yaratmışdır. Allah dini də məhz insan üçün göndərdi. Din və İnsan… Bunlar paralel şəkildədir. Dinsiz insanı, insanı da dinsiz təsəvvür etmək olmaz. Din insanın içindən doğan bir qayğı, məslək və vicdandır.
İnsan həyatını üç sual haqqında düşünərək yaşamalıdır: “mən kiməm?”, “haradan gəlmişəm?”, “hara gedəcəyəm?”. Bu üç sualı ömrünün əvvəlindən axırınadək düşünən insandan heç vaxt bir pislik gözlənilə bilməz. Bu insan normal şəkildə həyatı tənzimləyə biləcək. Yəni bilir ki, o kimdir, haradan gəlib və hara gedəcək. Bunu dərk edən insan həyatda heç vaxt psixoloji problemlə üzləşməyəcək, heç vaxt depressiya vəziyyətinə düşməyəcək. Çünki o, axirəti dərk edir.
- Bəzən valideynlər uşağı Allahla qorxudur. Bu düzgündürmü?
İnsan həyatını iki hiss müşayət etməlidir: ümid və qorxu. Əgər insan həyatda nədənsə qorxmursa, zamanla vəhşi bir heyvandan fərqlənməz. Əgər insan həyatda kiməsə ümid etmirsə, onun sonu puç olar. Yəni insan günah edərkən ona deyirlər ki, sən cəhənnəmə düşəcəksən və qorxu onu bu günahdan çəkindirir. Xeyirxah bir iş etdikdə isə ümid edir ki, bunun bəhrəsini gec tez görəcək. İnsan ümid etsə ki, Allah əfv edəndir, Allah bağışlayandır, bilə-bilə günah etməz və ya tövbə edərək günahlarının bağışlanmasını istəyər. Amma valideynin uşağı Allahla qorxutması düzgün deyil. Çünki Allah qorxulu varlıq deyil. Əslində, Peyğəmbərin belə bir tövsiyyəsi var ki, Allahı sevdirin. İnsanlara sevgi və mərhəmət yolu ilə Allahı tanıtdırın. Çünki Allahın gözəl simalarından biri Rəhmandır, yəni rəhm edəndir. Uşağa Allah sevgisini aşılamaq lazımdır. Əgər uşağı Allahla qorxutsaq, o Allahdan qorxacaq. Allahı sevdirmək lazımdır ki, o Allaha olan sevgisinə görə günah etməsin. Allah bəşəriyyətin üzərində, onun ruhunda fitrətində Allaha sevgi qayəsini qoydu, insanların daxili aləminə sevgi hissini yaydı ki, insanlar sevsin və sevdirsin.