Əhali arasında daha çox ”Dil qatlanması”, “Qıcolma” kimi tanınan epilepsiya əksər hallarda cəngolma tutmaları və düşüncənin itməsi ilə müşahidə olunan xəstəlikdir.
Tutma zamanı şəxsin hərəkətləri qeyri – iradi olduğundan ətrafındakı əşyalara toxunma riski artır. Xəstəni hərəkət etdirmədən ətrafdakı əşyaları götürmək və araya yumşaq paltarlar qoyaraq yaralanmasının qarşısını almaq lazımdır.
Tutma zamanı tez-tez təkrarlanan səhvlərdən biri də xəstənin ağzını açmaq və dilinin geri qatlanmasının qarşısını almağa çalışmaqdır. Belə ki, xəstənin ağzına qaşıq və bu kimi bənzər əşyaları salmaq qətiyyən olmaz. Bu gərəksiz davranışdır və tutmanın keçməsinə heç bir köməyi yoxdur.
Epilepsiya tutması zamanı göstərə biləcəyimiz tək yardım maksimum soyuqqanlı olmaq və xəstənin başını tutaraq çiyni üzərində saxlamağa çalışmaqdır. Əksər hallarda tutma 5-10 dəqiqə davam edir və öz-özünə keçib gedir.
Tutmadan sonra şəxs özünü yorğun və yuxulu hiss edə bilər. Əgər tutma yenidən təkrarlanarsa yaxud tutmanın müddəti 10 dəqiqədən cox davam edərsə mütləq təcili yardım xidmətinə (103) müraciət etmək lazımdır.
Epilepsiya zamanı istifadə olunan metod dərman müalicəsidir. Dərmanlar ixtisaslı həkim tərəfindən xəstənin fərdi xüsusiyyətləri, çəkisi, boyu nəzərə alınmaqla təyin edilir. Dərmanların bəlli bir dozada və düzgün qəbul edilməsi vacib şərtdir.
Qeyd edək ki, dünyada hal-hazırda 40 milyona yaxın epilepsiya xəstəsi var. Onlara ruhi xəstə kimi baxılmalıdır. Epilepsiya sinir xəstəliyidir və onlarda əsla zəka geriliyi olmaz. Epilepsiya müxtəlif səbəblərə görə yarana bilər. Buna ananın hamiləlik zamanı keçirdiyi infeksion xəstəliklərdən tutmuş doğuş zamanı yaşanmış travmaları, keçirilən kəllə – beyin zədələnmələri səbəb ola bilər.