Böyük Sevgilərin Böyük də Tarixçəsi olur

Artıq 3 ildir ki, fəaliyyət göstərən və bir çox insanlara sözün əsl mənasında kömək edən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqları Elnur Rüstəmov və xanımı Narınc Rüstəmova ilə çox maraqlı və səmimi söhbət etdik. Söhbət əsnasında onlar ideal ailə modeli olaraq gənclərə bir neçə dəyərli məsləhətlər verdilər. Mən bu müsahibədən zövq aldım və nəticə götürdüm. Düşünürəm ki, hər biriniz bu müsahibəni oxuduqca həm zövq alacaqsınız, həm də müəyyən həyat təcrübəsi qazanacaqsınız. Bacardığım qədər müsahibə zamanı yaranmış səmimi auranı və hisslərimi vərəqə köçürməyə çalışdım. Buyurun, siz də zövq alın…

DÜŞÜNCƏ: Sevginiz necə başladı? Tanıdıqca sevməyə başladınız yoxsa ilk baxışdan aşiq oldunuz?

N.R: Mən tanıya-tanıya sevmişəm. (gülür)

E.R: Böyük sevgilərin böyük də tarixçəsi olur. Bu sevginin çox maraqlı tarixçəsi var. 2008-ci ildə Narınc xanım mənim dərs dediyim kurslara gəlirdi. Gördüyümdə bir pozitiv enerji, elektrik aldım ondan. Hüqo öz “Səfillər” əsərində belə bir fikir söyləyir: Sevginin konkret bir zamanı yoxdur. O bir baxışla da ola bilər, o bir sözlə də. Sevgi bir dəyirman çarxına bənzəyir. Və sən o çarxa düşəcəksən. Əsas sonluqdur. Bilinmir, sən oradan necə çıxacaqsan, əzilmiş də çıxa bilərsən, yaxşı vəziyyətdə də… Mən də gördüm ki, artıq bu çarxa ilişmişəm. Artıq dəyirman çarxı işə düşüb.

N.R: Mən açığı Elnur müəllimi görəndə evli olduğunu düşünmüşdüm. Çünki çox ciddi təbiətli adamdır, deyib-gülmürdü, fikri yalnız işində idi və s. Sonra bildim ki, subaydır, diqqətimi çəkdi. İnternetdə online konsultasiyalar olurdu. Və mən başqa adla Elnur bəyə bu online saytda mütəmadi olaraq suallar yazırdım ki, bir oğlandan xoşum gəlir, necə edim ki, onun da mənə qarşı hissini öyrənim və s. O da mənə məsləhətlər verirdi, fikirlərini bildirirdi. Beləliklə, mən onun öz fikirlərini özünə qarşı istifadə etdim, anladım ki, onun da mənə qarşı böyük məhəbbəti var və nəticə göz qabağındadır. Biz xoşbəxtik.

DÜŞÜNCƏ: Artıq 3 ildir ki, evlisiniz. Deyirlər ki, ailə qurduqdan sonra sevgi adiləşir, azalır. Bu belədirmi?

E.R: Əslində sevgi azalmır. Sadəcə sevgidə yeni bir keyfiyyət dəyişməsi baş verir. Bir mərhələdən digər məhələyə keçid dövrü başlayır. Ailə qurduqdan sonra artıq münasibətlər yeni və fərqli formada inkişaf edir. Oğlan və yaxud qız sevdiyini əldə etdikdən sonra bu hissləri qorumağa və möhkəmləndirməyə çalışmalıdır, işləməlidir, ailəsinin gələcəyi üçün fəaliyyət göstərməli, müəyyən maddi ehtiyacları təmin etməlidir. Bu zaman ailə daxilində çox vaxt problemlər baş verir. Əslində məsuliyyət itmir, sadəcə sevgi prosesi kateksis olaraq müxtəlif istiqamətlərə yönəlir. Sadəcə indiki zamanda gənc ailələr bir mərhələdən növbəti mərhələyə asan keçə bilmədikləri üçün ailəsini tez dağıdır. Rol keçidlərini düzgün seçsələr, düşünürəm ki, nümunəvi bir ailə yaradacaqlar.

DÜŞÜNCƏ: Eyni iş yerində işləmək münasibətlərə təsir edirmi və necə təsir edir?

N.R: Bizdə hər zaman vurğulayırlar ki, eyni işdə çalışmaq bir az bezdirici olur. Evdə də görürsən, iş yerində də. Amma mən həmişə deyirəm ki, məndə bu hal yaşanmayıb. Bəlkə də psixologiya sahəsində işlədiyimizə görə belədir. Məsələn, hüquqşünas olsaydıq bəlkə də heç belə olmayacaqdı. Bu il aprelin 24-ü evlilik həyatımızın 4 illiyini qeyd edəcəyik. Elnur bəy həmişə deyir ki, ailənin ilk 3-7 ili böhran illəri sayılır. Biz artıq ilk böhranı keçirmişik. Ümid edirəm ki, heç bundan sonra da problem yaşanmayacaq.

DÜŞÜNCƏ: Bu evlilik böhranını düzgün keçirmək üçün hansı qaydalara, qanunlara riayət etmək lazımdır?

E.R: Qanunlarda bir məcburilik var. Əslində mən insanlarda məsuliyyət hissinin aşılanmasının tərəfdarıyam. Əgər ən güclü qanun qarşısında məsuliyyət hissi olmasa, bu qanuna riayət olunmaz. Ailə qurarkən də bu məsuliyyəti hiss etmək lazımdır. Nə istədiyini, hədəfini bilmək lazımdır.

N.R: Qadınlarda bu evlilik böhranı dövründə eyniləşmə hissi baş qaldırır. Hər bir qadın öz yeni ailəsinə köhnə ana-atadan qalan ailə modelini gətirmək istəyir. Çox vaxt qadınlar öz həyat yoldaşlarını atası kimi görmək istəyir, ata obrazını öz həyat yoldaşlarına köçürürlər. Məsələn, mənim atam belə deyildi, sən niyə beləsən və s. kimi sözləri tez-tez işlədirlər. Bu 3-7 illik ailə böhranında qadınlar bu problemi çox qabardaraq qurduğu ailəni zəif görməyə başlayır. Məsləhət görərdim ki, qadınlar yeni ailəsinə adaptasiya olsunlar, hər şeyi öz axarına buraxıb səbrli davransınlar. Və ən əsası qarşı tərəfin hisslərinə hörmət etsinlər, qarşı tərəfi dəyişdirmək əvəzinə onu olduğu kimi qəbul etməyə çalışsınlar. Bir də qeyd edim ki, qadınlar ailədaxili problemlərini anasıyla bölüşməsinlər. Çünki bu zaman kənar müdaxilələr baş verir və bu ailənin təməlinə təsir göstərir. Bu iki qızıl qanuna riayət edilsə, ailədə problemlər yaşanmayacaq.

DÜŞÜNCƏ: Son zamanlar ailələrdə hansı problemlərə daha çox rast gəlinir?

E.R: Mən daha çox ailə psixoloqu olaraq ailələrlə işləyirəm və iş prosesimdə bir şeyin şahidi oluram ki, ailələr çox zaman heç nədən dağılır. Ailəyə digər insanları cəlb edirlər, ana, ata, bacı, xala və s. Mübahisəyə səbəb olan bir məqamı deyim ki, şüuraltı olaraq hər bir oğul və qız anası uşaqlarını həyat yoldaşlarından ayırmaq istəyirlər. Bu şüuraltı baş verir. Bəzən kiçik bir problemi ana-ata elə böyüdə bilər ki, bu ailənin dağılması ilə nəticələ bilər. Heç bir valideyn öz övladını paylaşmaq istəmir. İnsanlarda belə bir sahiblənmə duyğusu var. Bu məqamda da bütün məsuliyyt cütlüklərin üzərinə düşür. Elə konfliktlər var ki, bunlar ailəni möhkəmləndirir – çəkişməsək bərkimərik. Lakin elə konfliktlər də var ki, onlar ailəni dağıdır. Kişinin, həmçinin də qadının bir səhvi onu ömrü boyu məsuliyyət daşımağa məcbur edə bilər.

DÜŞÜNCƏ: Məsud doğulduğunda nə hisslər keçirdiniz?

E.R: Bir var adam 20 yaşında ata olur, bir var 23 yaşında, bir də var 30-31 yaşında… Bu yaşda artıq həyatı dərk etmiş olur insan. Baxırsan ki, uşaq tərpənəndə, hərəkət edəndə, güləndə, hətta yatanda da mənim kimi yatır. Yəni belə deyək də, insan bundan ləzzət alır, sözlə ifadə edilə bilməyən zövqdür atalıq hissi.

N.R: Məsud bizim günəşimizdir. O, bir möcüzədir. O gələndən hər şey müsbətə doğru dəyişib. O, bizim mələyimizdir. Qadınlar uşaq bətnində olarkən artıq ana, kişilər isə uşaq doğulduqdan sonra ata olurlar. Fikir verin, hamilə qadın yolu keçərkən qarnını tutur, sanki bətnindəki övladını maşınlardan qorumağa çalışır. Valideynlik hissi qadınlarda daha tez inkişaf edir. Bu baxımdan qadınlar kişilərdən bir addım öndədir. Bizdə analıq instinkti var.

DÜŞÜNCƏ: Ailədaxili mübahisələrinizə və bunların həllinə psixoloq olaraq yanaşırsınız, yoxsa…?

E.R: Bizim ailədə xırda 1 problem varsa, problemin həlli söhbəti psixologiyadna salmaqdır. Bizim ailədə psixologiya mövzusu bütün mübahisələrə son qoyur. Mən həmişə demişəm, evində xoşbəxt olmayan insan, heç vaxt heç yerdə xoşbəxt olmayacaq. Və bir psixoloq da öz ailəsində xoşbəxt deyilsə, onun kimisə xoşbəxt etməsi sual altındadır.

DÜŞÜNCƏ: Sonda oxucularımıza psixoloq olaraq nə demək istərdiniz?

E.R: Əgər bizi oxuyan gənc bir xanımdırsa, ailə qurmaq barədə düşünürsə, bu müsahibədən bir nəticə çıxardacaq. Bizim gənclər həmişə ideal axtarırlar. İdeal axtarmayın. Bu fikirdən daşının və zamanla bunun korreksiyasını aparın. Əgər jurnalı oxuyan gənc oğlandırsa, öz qısqanclıq hissini yox etsin. Qısqanclıq zəiflikdir. Əgər oxucularımız bir ailədirsə, bir-birlərini anlamağa çalışsınlar. Qarşılıqlı anlaşmada və kənar şəxslərin müdaxiləsindən uzaq olsanız, ailəniz ideal ailə modelinə çevriləcək. Bir-birinizə hörmət edin, sevginizi verin və diqqətli olun.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər