Autizm – ömür boyu sürən zehni narahatlıq olub, ictimai qarşılıqlı təsirdə, ictimai ünsiyyətdə, istifadə edilən dildə, simvolik və ya xəyali oyunlarda gecikmələrlə özünü göstərən sinir sistemində nizamsızlıqdır. Uşaq gördüklərini, eşitdiklərini, hiss etdiklərini doğru şəkildə qəbul edə bilmir, bu səbəbdən ictimai əlaqələrdə və davranışlarda ciddi problemlər yaranır. Ümumiyyətlə körpəliyin 2 illiyində autizmin əlamətləri görünə bilər. Nadir hallarda bu əlamətlər daha gec yaşda da başlayır.

Autizmin əlamətləri uşağın yaşına və inkişaf səviyyəsinə görə fərqlənə bilər.

Mərkəzimizə müraciət etmiş 4 yaşlı Əlinin anası uşağının digər adi uşaqlar kimi olmadığını hiss etmiş və başa düşmüşdür, lakin inkişafında ciddi problemlər olduğun dərk etməmişdi. Ananın sözlərinə görə uşaq vaxtında danışmağa başlayıb, hətta şeirləri çox tez yadında saxlayıb, əzbərdən deyirmiş. Bundan əlavə onun sözlərinə görə uşağın yaddaşı çox möhkəm olub, nağıl və cizgi filmlərdən bəzi frazaları təkrar-təkrar söyləyərək yatırdı, tez-tez səsini ananın səsinə oxşadaraq, intonasiya ilə sözlərini təkrarlayırdı.

Uşaqla dialoq qurmaq mümkün deyildi, Əli sanki heç nə eşitmirdi. Hətta müxtəlif metodlardan istifadə edilsə də heç bir xahişə, irada fikir vermirdi.

Uşaqda başqa qəribəliklər də var idi. Məsələn, uşaq heç vaxt sual vermirdi. Uşaqda öz yaşıdlarında olmayan başqa qabiliyyət var idi. Saatlarla eyni oyuncaq və yaxud hər hansısa bir əşya ilə məşğul olurdu. Halbuki, adi uşaqlar eyni oyuncaqla bir saatdan çox oynaya bilmirlər. Anası yarım gün piano çalsaydı uşaq onun yanında dayanıb fasiləsiz qulaq asa bilirdi. Kimsə ona mane olursa uşaq qışqırır, aqressiv olurdu.

Hərdən hər hansı bir şeirin bir bəndini saatlarla təkrar edirdi. O, özünü 1-ci şəxs kimi deyil 3-cü şəxs kimi istifadə edirdi. Məsələn, “mən getdim” əvəzinə “Əli getdi”, hərdən də cəm halında işlədirdi.

Kənar şəxslərlə istənilən ünsiyyət uşağı özündən çıxardır. Anaya da elə gəlirdi ki, o, kənar şəxslərdən qorxur, evə qonaq gələndə Əli künclərdə gizlənir, anası onu qonaqla tanış etmək istəyəndə o bərkdən qışqırır və ağlayırdı. Hətta gizləndiyi yerləri tez-tez dəyişirdi.

Psixoloq və həkimin qərarı üst-üstə gəlir – Əli autikdir.

Əsas əlamətlər:

  • Ətrafına qarşı laqeyd olmaq, hadisələrə və insanlara reaksiya verməmək;
  • Ünsiyyət, danışma çətinliyi çəkmək;
  • Ümumiyyətlə tək başına qalmaq istəyi;
  • İnsanlarla təmasdan, qucağa alınmaqdan, ya da sevilməkdən xoşlanmamaq;
  • Göz kontaktının çox az, ya da heç olmaması
  • Səbəbsiz gülmək, ağlamaq;
  • Səslərə qarşı həddindən artıq həssaslıq, laqeydlik;
  • Davamlı olaraq eyni oyunları oynamaq ;
  • Hər şeyin eyni olmasını istəmək, dəyişikliklərə həddindən artıq reaksiya vermək;
  • Matorikanın inkişafında nizamsızlıq;
  • Təkrarlayıcı davranışlar;
  • Mənasız sözləri təkrarlamaq;
  • Əllərini, qollarını çırpmaq, olduğu yerdə yelləmək, öz ətrafında dönmə;
  • Təhlükəyə, ağrıya qarşı laqeydlik;
  • Əşyalara gərəksiz yerə bağlanmaq;
  • Həddindən artıq hərəkətlilik ya da hərəkətsizlik.

Autist uşağın müalicəsi bu faktorlardan asılıdır: erkən diaqnoz, psixoloq, nevropotoloq və valideynin birgə iş birliyi, səbr, inam…

Erkən uşaq autizmi tibbi diaqnozdur, buna görə onu ancaq uşaq nevropotoloqu qoya bilər. Mütləq uşaqla hərtərəfli müayinələrdən keçmək, sonra həkimlə birgə müalicə və fərdi korreksiya proqramı lazımdır. Heç vaxt düşünməyin ki, uşağınız normal deyil, heç vaxt dəyişilməyəcək, buna inanmayın. Əsas uşaqla səbirli və mehriban olmaq, həmişə müvəffəqiyyətə inanmaq lazımdır.

Sevda Mustafazadə
“Narınc” UPPİM-nin Psixoloqu

Leave a comment

Your email address will not be published.