Xoş ünsiyyət

Məlumdur ki, insanlar həyatda çox zaman yüksək və ya naqis əxlaqı, özünün xoş və ya bədniyyətli rəftarı, bütövlükdə yaxşı, pis ünsiyyəti ilə yadda qalır. Bəllidir ki, ünsiyyət “üns” sözündən əmələ gəlmişdir. Ərəbcə insan, adam, bəşər mənasında işlədilir. Onun predmeti müsahibdir. Yəni başqa birisidir. Bu mənada insan həmişə başqa birisinə möhtacdır. Çünki ünsiyyət insanlar arasında informasiya mübadiləsidir. Məsləhətləşmək, yeni üsul öyrənmək, öyrətmək, bir-birinə kömək etmək, fikir mübadiləsi etmək və s. əhatə edir. Ünsiyyətin digər tərəfi jestlər, yəni qeyri-verbal rabitə vasitələri – xoş təbəssüm, hirsli baxış, çatılmış qaşlar, rəngi qaçmış bəniz, titrəyən səs və s. də az əhəmiyyət kəsb etmir. Ünsiyyət insanların şəxsiyyətini, sosial münasibətlərini öyrənmək, adamları tanımaq baxımından da əhəmiyyətlidir. Sosial insan kimi inkişafımızda və şəxsiyyət kimi formalaşmağımızda ünsiyyətin əvəzsiz rolunu qeyd etməmək olmaz. İnsanların bir-birinə münasibətləri onların apardıqları söhbətdə, dialoqda özünü aydın biruzə verir. Ünsiyyətin xoşniyyətliliyi, acılığı və şirinliyi bir neçə kəlmədən özünü göstərir. Əsrlərlə ölkələr arasında olan müharibələr, kin və qəzəblər, ailədə yaranan ziddiyyətlər, boşanmalar, nifrət kimi hisslər məhz insanların birbirini başa düşməməsindən, ünsiyyətin düzgün qurulmamasından, ünsiyyət yollarından yerində, düzgün, yararlı şəkildə istifadə olunmamasından irəli gəlmişdir. Şübhəsiz ki, insanlar hansı mövzuda olursa olsun bir-biriləri ilə danışmaq, ünsiyyət saxlamaq ehtiyacı hiss edirlər. Bu baxımdan hər hansı bir problemin həlli səbirli danışmağa, təhlilə möhtacdır. Hər bir insan “xoşbəxtlik” məfhumunu bir cür dərk edir. Deməli, xoşbəxtliyə verilən məna insanlara görə dəyişir. Amma fikirləşdiyimiz zaman görürükki, çoxumuzun xoşbəxtliyi başqa insanlarla olan münasibətimizə, ünsiyyətimizə bağlıdır. Ünsiyyətsiz insanı təsəvvür etmək mümkün deyil. Yaxşı və ya pis ünsiyyətin obyektinin insan olduğunu nəzərə alsaq hər bir kəs çox diqqətli olmalı, həm özünün, həm də ünsiyyətdə olduğu adamın sağlamlığına hörmət etməlidir.

Psixoloqlar ünsiyyəti sözlü və sözsüz olmaqla iki qrupa ayırırlar. insan mimikası, jestlər, geyim tərzi, istifadə etdiyi əşyalar və s. sözlə ifadə edilməyən, lakin qarşısındakı insanda müəyyən bir fikir oyadan ünsiyyət formasıdır. Jestlər müxtəlif xalqların mədəniyyətinə görə dəyişir. Məsələn, başı sağa-sola çevirmək ölkəmizdə “yox”, bəzən də təəssüf mənasını bildirir. Türkiyədə isə bu mənanı qaşları (alnı) yuxarı qaldırmaqla ifadə edirlər. Ətrafımıza nəzər salsaq evdə, küçədə, işdə avtobusda, bazarda və s. sosial fəaliyyətimizin mövcud olduğu hər yerdə ünsiyyət problemləri diqqəti cəlb edir. Məsələn, söhbət zamanı həyat yoldaşına qulaq asmayan qadın, şagirdin sualına məhəl qoymayan müəllim, aldığın ərzaq məhsulunu tərəzidə səhv çəkən satıcı və s. unutmamalıdır ki, onların bu hərəkətləri ünsiyyət zamanı sağlamlığa vurulan zərbələr kimi qiymətləndirilir.

Ünsiyyətdə proksimika deyilən anlayışdan istifadə edilir. Proksimika insanın şəxsi məkanı sayılır. Bu məsafə müxtəlif xalqlara görə fərqlidir. İntim zona (15-50sm) – bu zonaya ancaq ən yaxın emosional təmasda olan insanlar daxil olur. Yad adamın bu zonaya daxil olması kəskin emosional reaksiyalarla müşayət olunur. Şəxsi zona (50sm-1.2m) – dostlar üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir-birinə toxunması mümkündür.

Sosial ünsiyyət zonası (1.2m-3.6m-ə qədər) – işgüzar ünsiyyət üçün səmərəli sahədir. Kütləvi zona (3.6m-dən çox) – ictimai yerlərdə bir-birini tanımayan adamlar arasında ünsiyyət üçün səmərəli sahə hesab olunur. Bu məsafələrə diqqət etmək də bizim üzərimizə düşür. Tanımadığınız insana çox yaxınlaşmaq qarşı
tərəfi narahat edə biləcəyi kimi, yaxın olduğunuz insana uzaq durmağınız da münasibətinizə mənfi təsir edir.

Ünsiyyətimizə mane olan, bilərək ya da bilmədən istifadə etdiyimiz cümlə nümunələri bunlardır:
Əmr etmək – insanlar “etmək lazımdır”, “etməlisən” tipli cümlələrdən narahat olurlar.
Ad qoymaq – insanlara qoyduğumuz kiçildici ləqəblər – məsələn, “uzunduraz”, “axmaq” və s.münasibətlərə mənfi təsir edir.
Günahlandırma, tənqid etmə – “düz fikirləşmirsən, sən onsuz da tənbəlsən, günah səndədir” tipli cümlələr qarşı tərəfin özünü müdafiə etməsinə yol açar, münasibətdə soyuma başlayar.
Yersiz tərifləmə də münasibətə pis təsir edə bilər. Bu zaman münasibətdə təbiilik itir, insan özünü tərifə layiq hiss etmirsə bu onu çox narahat edir.
Mövzunu dəyişmə, zarafata salma – “gəl daha yaxşı mövzudan danışaq”, “səni niyə deputat seçmirlər?” kimi yersiz cümlə və zarafatlar ünsiyyəti pozar. Qarşı tərəf başa düşülmədiyini hiss edər.
Eyni zamanda, lağa qoyulmaqdan çəkinər və ünsiyyətə davam etməyə bilər.
Məntiq yolu ilə inandırma – “əsl səbəb budur ki …. , sən buna görə günahkarsan ki ….” tipli cümlələr ünsiyyəti pozar, insan özünü haqlı çıxardan səbəblər deməyə başlayar.
Bunların əvəzinə nə edə bilərik?
Səssizlik – sadəcə səssiz olaraq qarşıdakını dinləyə bilərik.
Empatiya – özümüzü başqasının yerinə qoyaraq onu başa düşə bilərik.
İnsanları olduğu kimi qəbul etməyə çalışa bilərik
Dürüst və qarşı tərəfi incitmədən fikrimizi ifadə edə bilərik.
Yaxşı olar ki, həyatımızın çox böyük hissəsini keçirdiyimiz ailədə, işdə, yolda danışdıqlarımıza fikir verək, qəlbləri qırmayaq. Yediyimiz çörəyi “zəhərə” döndərməyək. Həyatda oynadığımız rollara, istifadə etdiyimiz “sosial maskalara” qarşı daha həssas olaq. Sağlamlığın keşiyində duranlar dedikdə yalnız həkimlər deyil, eyni zamanda rəhbər işçi, fəhlə, müəllim, şagird – hər kəs nəzərdə tutulmalıdır. Hər bir insan ünsiyyətin əhval – ruhiyyəyə, sağlamlığa, eləcə də işin keyfiyyətinə təsirini nəzərə alaraq dilinin altına şəkər qoysa, insan həyatı ilə bağlı bir sıra qlobal vəzifələrin həyata keçirilməsində fəal iştirak edə bilər.

Psixologiya və Konsulatsiya Mərkəzi
(PCC)-nin psixoloqu
Mələk Kərimova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər